Təbrizdə etiraz aksiyası
AZOH: Aprelin 2-də Cənubi Azərbaycanın müxtəlif şəhərlərində Urmu gölünün qurudulmasına etiraz olaraq əhali mitinqlər keçirib. Mitinqlərin ən izdihamlısı Təbriz və Urmu şəhərlərində baş tutub. Aksiya Urmiyədə el bağında, Təbrizdə isə Acı çay yaxınlığında yerləşən Azərbaycan meydanında keçirilib. Aksiyalarda iştirak edənlər “yaşasın Azərbaycan”, “bəndləri sındırın, Urmunu doldurun” ,“haray haray mən Tuükəm”, “Urmu gölü susuzdu, Azərbaycan oyanmasa uduzdu!” və digər şüarlar səsləndirmiş, əllərində daşıdıqları plakadlarda Urmu gölünün qurudulması siyasətinə son verilməsini tələb ediblər. Aksiya adi polislərin və xüsusi təyinatlı polis dəstələrinin müdaxiləsi nəticəsində dağıdılıb. Aksiya iştirakçılarının verdiyi məlumata əsasən təhlükəsizlik qüvvələrin müdaxiləsi nəticəsində 70 nəfər həbs olub və onlarla aksiya iştirakçısı müxtəlif dərəcəli xəsarət alıb.
Son etiraz aksiyaları maraqlı bir məqama yenə diqqəti cəlb edib. Son illərdə İranda baş verən hadisələr zamanı Təbriz və ümumiyyətlə Azərbaycanlılar yaşayan şəhərlərdə Tehranda baş verən hadisələrə qarşı biganəlik hiss olunur. İranın müxtəlif şəhərlərində son qalmaqallı prezident seçkilərinin nəticələrinə etirazlar olsa da Azərbaycan Türkləri (Azərbaycanlılar) bu məsələyə qarışmaq istəmədi. Bütün siyasi qüvvələrin çağırışlarına baxmayaraq Azərbaycanlılar heç bir siyasi etiraz aksiyasında iştirak etmədilər. Lakin Urmu gölünün qurudulması ilə bağlı Təbrizdən gələn çağırışlara on minlərlə Azərbaycanlı qatılaraq bu problemə görə öz etirazını bildirib.
Son zamanlar İranda etnik problemlərin dərinləşməsi geniş müşahidə olunur. Azərbaycanlılar siyasi mübarizə apararaq öz haqlarını əldə etmək niyyətindədirlər. Digər etnik qruplar o cümlədən Kürdlər, Ərəblər və Bəluçlarda öz haqları uğrunda mübarizə aparır Azərbaycanlılardan başqa digər xalqların mübarizəsində silahlı mübarizə növləri də müşahidə olunur. Azərbaycan xalqı İran xalqları arasında daim öz ziyalılıq və aydın düşüncəliliyinə görə fərqlənib. İranda bütün siyasi və ideoloji mübarizənin mərkəzi sayılan Təbriz son yüz ildə İranda baş verən 5 geniş inqilabi hadisənin beşiyi olub. Bu hadisələr İranın siyasi ictimai həyatında böyük əhəmmiyyətə malik olsa da, hər dəfə İranın yeni mərkəzi hakimiyyətləri daim Azərbaycana qarşı yad siyasət yeridib. İndi isə Təbriz və bütövlükdə Cənubi Azərbaycan İran mərkəzli proseslərdə iştirak etməsə də birbaşa özünü marqlandıran hadisəylə bağlı siyasi fəallığını nümayiş etdirir.
ATM Araz