AZƏRBAYCAN BİRİNCİ OLDU
AZOH: Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı "Eurovision" Mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Eldar-Nigar ikilisi birincilik qazanıb. Türkiyənin yarışdakı xəyal qırıqlığı Azərbaycanın qələbəsi ilə sevincə dönüb.
"Running Scared" dueti ilə 221 xal toplayan Azərbaycan qrupu qələbəsi elan olunduqdan sonra səhnəyə Türkiyə bayrağıyla çıxıb. Beləliklə Eldar və Nigar yarışdan öncə verdikləri "Həm Azərbaycanı, həm də Türkiyəni təmsil edəcəyik" vədini yerinə yetiriblər.
Azərbaycan səsvermənin əvvəlindən etibarən ilk üçlüyə yerləşib və sona qədər də yerini qoruyub. Türkiyə də daxil olmaqla bir çox ölkədən 12 tam xal alan Azərbaycan 2008-ci ildən bəri qatıldığı yarışda ilk dəfə qələbə qazanıb.
Yarışın ikincisi İtaliya, üçüncüsü isə İsveç olub. Ev sahibi Almaniya 10-cu, yarışın favoritlərindən olan İngiltərə isə 11-ci yeri tutub.
57-ci "Eurovision" müsabiqəsi 2012-ci ilin mayında Azərbaycanda keçiriləcək.
TRT