English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

LAÇININ İŞĞALINDAN 19 İL ÖTÜR

AZOH: Bu gün Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 19 il ötür. Ermənistan ordusu Şuşanın Turşsu kəndi və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçərək 1992-ci il, mayın 18-də Laçını işğal edib.

Azərbaycanın cənub-qərbində dağlıq ərazidə yerləşən Laçın rayonu şimaldan Kəlbəcər, şərqdən Şuşa, cənubdan Qubadlı, qərbdən isə Ermənistanla həmsərhəddir. Ərazisi 1835 kvadrat kilometr, əhalisi işğala qədər 64 min nəfər olub.

İşğal nəticəsində 1 şəhər, 1 qəsəbə və 120 kənd düşmən əlinə keçib, 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Rayon üzrə 1 yaşdan 16 yaşadək 24374 uşaqdan 18-i şəhid, 225 nəfəri əlil olub, 31-i hər iki valideynini itirib, 64 min nəfər məcburi köçkünə çevrilib.

Rayon ərazisindəki 133 iri və orta müəssisə, 20 tibb müəssisəsi, 217 mədəniyyət ocağı, 40-dək mədəni və tarixi abidə, onlarla təhsil müəssisəsi hazırda işğal altındadır.

Laçın alayının keçmiş komandanı Arif Paşa “Yeni Müsavat”a danışarkən bildirdi ki, cəmiyyət Laçının işğalından xəbərdardır. Müsahibimizin sözlərinə görə, bu gün Laçının necə işğal olunduğu yox, Qarabağı necə qaytarmaq sualı aktual olmalıdır. A.Paşa qeyd etdi ki, Laçın Azərbaycanın müstəqilliyi uğrunda savaşan qüvvələrlə müstəqilliyin əleyhinə olan qüvvələr arasındakı mübarizənin nəticəsində işğal olundu: “Günahkar axtaranda gərək o zamankı siyasi situasiyanı da nəzərdən keçirək. Azərbaycanı Rusiyanın təsir dairəsinə qaytarmaq istəyən qüvvələr var idi. Laçının işğalı Azərbaycan torpaqlarının taleyini şübhə altına qoyurdu. Əslində Laçının işğalı həm də Rusiyanın burdakı diktəsinin təzahürü idi. Bütün əsgərlər və zabitlər ürəklə döyüşürdülər. Uduzan siyasi hakimiyyətlər idi. Əsgərlər və zabitlər müharibənin qara fəhlələri idi. Biz savaşırdıq. Həmin dövrdə Azərbaycan Milli Ordusunun əsas zabit kontingenti Rusiyaya bağlı idi. Bunun nəticəsində torpaqlarımız işğal olundu. Mən də 30 aprel, 1992-ci tarixli 251 nömrəli sərəncamla Laçın alayının komandiri vəzifəsindən kənarlaşdırıldım. Yerimə Azərbaycanı Rusiyanın təsir dairəsində görmək istəyənlər gəldilər. Beş il müddətində qoruduğumuz torpaqları bir andaca işğal olundu”.

A.Paşa bildirdi ki, Azərbaycanın hərbi və insan potensialı torpaqlarımızın müharibə yolu ilə geri qaytarılmasına imkan verir: “Hər bir xalqın öz torpağını geri qaytarmaq hüququ var. Bizim müharibə aparmağımız tək bizdən asılı deyil. Bunun üçün ortaya ciddi milli iradə qoymaq lazımdır. Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq qüvvələrə həvalə edilməməli idi. Bu, bizim daxili işimizdir. Münaqişə erməni quldurlarının milli ədavət salmasının nəticəsində baş qaldırmışdı. Azərbaycan bu məsələni öz daxili işi kimi həll etməli idi. İndiki dövrdə belə çıxır ki, biz problemi həm də beynəlxalq güclərin iradəsi ilə hesablaşaraq həll etməliyik. Hakimiyyət bu məsələni dünya dövlətlərinin müzakirə predmetinə çevirməməli idi. Mən millətçi adamam. Düşünürəm ki, Azərbaycanın problemlərinin həlli milli iradədən asılıdır. Şərqin, Qərbin, Şimalın, yaxud da Cənubun Azərbaycanın daxili məsələsinə müdaxiləsi yolverilməzdir. Çox təəssüf edirəm ki, zamanında buna fikir vermədilər”.

Keçmiş döyüşçü müharibədən sonra hərbçilərə verilən siyasi qiymətə də toxundu: “İnsanların gözünü qırıblar. Fərqli düşüncəli insanlar hakimiyyətə gələndə döyüşənlər mühakimə olunurlar. Mənim üçün siyasi mənsubiyyət məsələsi yoxdur. Amma insanlar buna siyasi qiymət verirlər. Bu, təhlükəli amildir. İnsanları sabah onlara veriləcək siyasi qiymət qorxudur”.

A.Paşanın fikrincə, Azərbaycan müharibədən əvvəl müharibəyə hazırlıq mərhələsini keçməlidir: “Müharibədən əvvəl müharibəyə hazırlıq mərhələsini keçmək lazımdır. Bu gün Azərbaycan cəmiyyətində müharibə ab-havası hiss olunmur. Bu məsələlər həll olunmalıdır. Müharibə kompleks şəkildə aparılacaq bir prosesdir. Biz iri güclərin Azərbaycana ikili standartlardan yanaşmasının şahidi oluruq. Torpaqların azad olunacağına dair Qərbə olan ümidlər özümüzü aldatmaqdan başqa bir şey deyil”.

MUSAVAT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter