İlham Əliyev Dağlıq Qarabağı Liviya ilə müqayisə edib
AZOH: İlham Əliyev Rusiyanın “Rossiya 24” telekanalına müsahibəsində bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin çözümündə bir vasitəçi kimi Rusiyanın rolunu yüksək qiymətləndirir.
O deyib ki, prezident Medvedev bir neçə üçtərəfli danışıqların keçirilməsinə nail olub.
Əliyev bu danışıqların müsbət təsirini söyləsə də “müsbət təsirin” nədən ibarət olduğunu açıqlamayıb.
Əvəzində, prezident dünya birliyini qınayıb.
O deyib ki, beynəlxalq təşkilatların, o cümlədən BMT-nin münaqişənin çözümünə dair çoxsaylı qətnamə və qərarlarına baxmayaraq problem çözümsüz qalır.
Prezident İlham Əliyev bildirib ki, BMT Təhlükəsizlik Şurasının erməni işğalçı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən 4 qətnaməsi var, lakin heç biri indiyədək icra olunmayıb.
“Biz görürük ki, Liviyaya dair qətnamə, qəbulundan bir-neçə saat sonra icra olunur, lakin Dağlıq Qarabağa dair qətnamələr 17-18 ildir ki, icra edilmir. Təbii ki, sual doğur: Niyə? O operativliyə səbəb nədir, bizə gələndə belə passivliyə?” – deyib İlham Əliyev.
Maraqlıdır ki, Ermənistan saytlarından bəziləri İlham Əliyevin bu bəyanatını Dağlıq Qarabağın bombalanmasına çağırış kimi qələmə verirlər.
Əslində isə İlham Əliyev Rusiya da daxil olmaqla ATƏT-in Minsk Qrupunu daha fəal olmağa çağırıb.
BBC