English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

QƏZZAFİNİN BUNKERİ BOMBALANDI

AZOH: Liviya diktatoru ailə üzvləri ilə birlikdə zirzəmidə gizlənir, NATO-nun onun fiziki məhvi üçün əməliyyata başladığı güman olunur

Suriyada isə Əsəd rejimi xalqın qanını içir; bu ölkədə Liviyadan da dəhşətli hadisələr baş verir

Ərəb ölkələrindən təlatümlü xəbərlər gəlməkdə davam edir. Bir aydan çoxdur NATO-nun komandanlığı altında beynəlxalq hərbi müdaxilənin davam etdiyi Liviyada ilk dəfə polkovnik Qəzzafinin iqamətgahına güclü aviasiya zərbələri endirilib. Xəbərlərə görə, aprelin 25-nə keçən gecə paytaxt Tripolidə şiddətli partlayış səsləri eşidilib.

Bildirilir ki, hərbi əməliyyatlar başlayandan bu yana paytaxta ən güclü hava zərbələri endirilib və zərbələrin hədəfi birbaşa Qəzzafinin iqamətgahı olub. Qəzzafinin Tripolinin cənub-qərbində yerləşən Bab əl-Əiziyə iqamətgahına endirilən zərbələr nəticəsində üç tikili ciddi ziyan çəkib, binalardan birinin damı çöküb, iqamətgahda güclü yanğın başlayıb. Damı çökən binadan polkovnikin qonaqları qəbul etmək və müşavirə keçirmək üçün istifadə etdiyi bildirilir. Qərb mənbələri Qəzzafi rejiminin təmsilçilərinə istinadən xəbər verir ki, iqamətgahda 45 nəfər yaralanıb, bir neçə adam dağıntılar altında qalıb.

Hazırda Qəzzafinin və ailə üzvlərinin iqamətgahın bunkerində gizləndiyi bildirilir. Onun rejiminin təmsilçiləri deyiblər ki, aviazərbələrin hədəfi Qəzzafinin fiziki məhvi olub. Ölkənin digər şəhərlərinə də NATO aviasiyasının zərbələr endirdiyi xəbər verilir.

***

Bundan əvvəl beynəlxalq koalisiyanın bəzi üzvləri Qəzzafinin fiziki məhvini istisna etməyiblər. Böyük Britaniyanın müdafiə naziri Layam Foks bildirib ki, ötən həftə Liviya əməliyyatlarına qoşulan Amerika pilotsuz kəşfiyyat təyyarələrinin polkovnikin fiziki məhvi üçün istifadə edilməsi istisna deyil. Onun sözlərinə görə, polkovnik Qəzzafi bu cür hücumların qanuni hədəfidir. İndiyədək Qəzzafi NATO aviasiyasının onu hədəf almadığından arxayın idi və tez-tez Tripolidə küçələrə çıxıb öz tərəfdarları qarşısında görünürdü. NATO komandanlığı Qəzzafinin iqamətgahına endirilən zərbələr barədə açıqlama vermir. Xəbərlərə görə, zərbələrdən sonra Qəzzafinin televiziyalarının yayımı kəsilib, bir müddət sonra yayım bərpa olunub.

Ölkənin şərqində və bəzi qərb əyalətlərində isə üsyançıların dəstələri ilə Qəzzafinin ordusu arasında qanlı döyüşlər davam edir. Cəbhədə vəziyyət əhəmiyyətli dərəcədə dəyişməyib. Bu arada İtaliyanın “La Stampa” qəzeti xəbər verib ki, bu ölkənin Liviyaya göndərilmiş xüsusi təyinatlı dəstəsi Qəzzafinin gizlədilmiş tanklarını və raket qurğularını axtarır. Xüsusi təyinatlılar dəniz yolu ilə gizli şəkildə Benqaziyə çatdırılıb. Onların vəzifəsi həm də NATO aviasiyasına vurulacaq hədəflər barədə məlumat verməkdir. İtaliya ilə yanaşı Fransa və Böyük Britaniya da Liviyaya xüsusi təyinatlıların kiçik dəstələrini göndərib. Rəsmən təsdiqlənməyən məlumatlara görə, ABŞ xüsusi təyinatlıları da bu ölkədə fəaliyyət göstərir. Digər xəbərdə isə deyilir ki, Küveyt hökuməti Liviya müxalifətinin Milli Şurasına 180 milyon dollar yardım ayırıb.

Bazar günü isə YUNESKO-da işləyən bir qazax diplomat Paris-Roma reysi ilə uçan və İtaliyanın “Alİtalia” hava şirkətinə aid olan sərnişin təyyarəsini Liviyaya qaçırmağa cəhd edib. Valeri Tolmaçev adlı 48 yaşlı qazax diplomat təyyarə bələdçisini ülgüclə hədələyib. Lakin onu zərərsizləşdirib Romada polisə təhvil veriblər. Diplomatın ruhi sarsıntı keçirdiyi və bu hərəkəti etdiyi deyilir.

***

Liviyada pat vəziyyətinin davam etdiyi bir vaxtda Suriyadan gələn dəhşətli xəbərlərin ardı-arası kəsilmir. Xəbər verildiyi kimi, ötən cümə günü Suriyada təhlükəsizlik qüvvələri 112 nümayişçini öldürüb, bazar günü öldürülənlərin dəfn mərasiminə qatılaraq rejimə qarşı şüarlar səsləndirənlərə də atəş açılıb. Onlarla adam ölüb.

Dünən isə nümayişlərin aramsız olaraq davam etdiyi Dəraa və Duma şəhərlərinə ordu yeridilib. Şahidlərin telefonla “Röyter”ə verdiyi xəbərə görə, zirehli texnikanın müşayiəti ilə Dəraaya daxil olan xüsusi təyinatlı əsgərlər sağa-sola aramsız atəş açırlar, tanklar isə binaları atəşə tutur. Onlarla ölən var, öldürülənlərin cəsədlərini küçələrdən yığmaq mümkün deyil, çünki binaların damlarında mövqe tutmuş snayperlər cəsədlərə yaxınlaşanları vurur. Şəhər sakinlərinin verdiyi məlumata görə, məscidlərin minarələrindən kömək səsləri eşidilir. Hərbçilərin bütün evlərə daxil olaraq axtarışlar apardıqları, küçəyə çıxan şəxslərə isə atəş açdıqları bildirilir. Hətta insanların susuz qalması üçün evlərin damındakı su çənlərinin də yararsız hala salındığı xəbər verilir.

***

Suriya prezidenti Bəşər Əsədə sadiq təhlükəsizlik qüvvələri dünən səhər paytaxt Dəməşq yaxınlığındakı Duma şəhərində də silahsız insanlara atəş açıb və onlarla insanı həbs edib. Duma və Dəraa şəhərlərinə hərbçilərin axını heç bir nümayiş keçirilmədiyi vaxt başlanıb. Şəhərlərdə rabitə əlaqəsi də kəsilib. Müxalifət nümayəndələrinin sözlərinə görə, bu, qarışıqlığın yatırılmasında hərbçilərin birbaşa cəlb olunması ilə bağlı ilk haldır. Suriya ordusunun Xauran vilayətinin inzibati mərkəzi sayılan Dəraada baş qaldırmış üsyanın yatırılması əməliyyatına başlamasından sonra İordaniya ilə sərhəd bağlanıb. Livan və İraqla sərhədlərdə də nəzarət gücləndirilib.

Beynəlxalq insan haqları təşkilatları ABŞ və Avropa İttifaqını Suriyaya qarşı sanksiyaların tətbiqinə çağırırlar. Xəbər verilir ki, prezident Bəşər Əsəd etirazların xaricdən qaynaqlandığını deyir və məzhəb təfriqəsi salmaq üçün quldurları silahlandırır. Hökumətin nümayişçilərə qarşı qəddarlığına etiraz olaraq ayrı-ayrı şəhərlərdə yerli hakimiyyət orqanlarına daxil olan vəzifəli şəxslər istefa verirlər. Suriyada yarım əsrdir hakimiyyətdə olan Əsəd sülaləsi dünyanın ən qəddar rejimlərindən biri kimi ad çıxarıb. 1982-ci ildə Bəşər Əsədin atası Hafiz Əsəd onun rejiminə qarşı üsyanın baş qaldırdığı Hama şəhərinə ordu yeridərək 40 minə qədər insanı qətlə yetirib. Bu dəhşətli qətliama Hafiz Əsədin qardaşı, general Rifat Əsəd başçılıq edib. Bu, Suriya xalqının gözünü qorxutmaq üçün təşkil edilən qətliam idi.

Qərb mətbuatı yazır ki, Suriya həm də yeni işgəncə ideyalarının beşiyidir. Burada tarixdə görünməmiş işgəncə cihazları icad edilib və narazı kütlənin üstündə tətbiq edilir. Ümumi anlayış vermək üçün çoxsaylı belə işgəncə cihazlarının birini təsvir edək - “əbd əl-əsvəd”. Tərcümədə qara qul deməkdir. Oturacağı avtomatik şəkildə iki yerə aralanan dəmir stuldur. Oturacağın altında isə dəmir paz quraşdırılıb, közərənə qədər qızır. Düyməni basanda oturacaq aralanır və közərmiş paz oturacağa əyləşdirilmiş işgəncə qurbanına daxil olub onu həm zorlayır, həm də içalatını birdəfəlik yandırır. Lakin indi baş verənlər göstərir ki, xalq Əsədin bu dəhşətli rejimindən cana doyub və küçələrdə həftələrdir qan su yerinə axsa da geri çəkilmir.

***

Etiraz hərəkatının davam etdiyi Yəməndə isə 32 ildir hakimiyyətdə olan prezident Əli Abdulla Saleh istefası ilə bağlı növbəti dəfə manevr edib. O, BBC-yə müsahibəsində deyib ki, Qərb liderlərinin tələb etdiyi kimi dərhal istefaya getməyəcək və postunu ancaq prezident seçkilərindən sonra qalib gəlmiş namizədə təhvil verəcək. Bir gün əvvəl Yəmənin hakim partiyası elan etmişdi ki, Salehin bir ay ərzində istefaya getməsinə dair Körfəz ölkələrinin təklif etdiyi əməkdaşlıq planını rəsmən qəbul edib. Plana əsasən, növbədənkənar prezident seçkiləri ölkədə 3 ay ərzində keçirilməlidir. Salehə könüllü istefanın əvəzində toxunulmazlıq statusu vəd edilir.

MUSAVAT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter