English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Hakim Sadiqli: «Rejim tək Qaradağa deyil, bütün Güney Azərbaycana laqeyd münasibət göstərir


Elyar Makuyi: «İran prezidentinin zəlzələ bölgəsinə səfərləri şou xarakteri daşıyır»

19/12/2012 İran hökumətinin laqeyd münasibəti nəticəsində Güney Azərbaycanın zəlzələ baş verən Qaradağ bölgəsində həyat şərtləri getdikcə daha da ağırlaşır. Güney Azərbaycanda yaşayan soydaşlarımızın verdiyi məlumata görə, son günlər davamlı yağan qar yaşayış vəziyyətini daha da çətinləşdirib: «Qaradağ dağlıq bölgə olduğu üçün bütün qışı qarlı-şaxtalı keçir. Artıq bir neçə gündür fasiləsiz qar yağır. İslanmaqdan qorumaq üçün bəziləri çadırları sellofanla örtsələr də, faydası olmur. Soyuqdan və şəraitsizlikdən daha çox yaşlılar və uşaqlar əziyyət çəkir. Zəlzələ nəticəsində valideynlərini itirən uşaqlar himayəsiz qalıb. Kəndlərdə tibb məntəqəsi olmadığından xəstələnən insanlar tibbi yardım ala bilmirlər».

Zəlzələ bölgəsinə baş çəkən təbrizli fəallar da orada vəziyyətin ağırlaşdığından danışıb: «Camaat qab-qaşığını, paltarını, əl-üzünü bayırda yuyurlar. Şaxtadan su gölməçələri də donub. Məişətdə istifadə etmək üçün su tapılmır. İçməli suya da ciddi ehtiyac var. Soyuq çadırlarda qripdən və sətəlcəmdən qızdırma içində yatan soydaşlarımızı gördük. Müalicə üçün qəbul etməyə dərman tapılmır. İslanmış çadırlarda rütubət və kif qoxusu var. Yağan güclü qar nəticəsində Vərzigan şəhərində məktəb tətil oldu. Ucqar kəndlərdə isə vəziyyət daha ağırdır. Şaxta insanın üzünü-əlini kəsir, qızınmağa yer də yoxdur. Yollar gündüzlər palçıqlı olur, gecələr isə buz bağlayır». Hökumət tərəfindən Azərbaycan türklərinə göstərilən etinasızlıq əhali arasında ciddi narazılıqlara səbəb olur. Hətta Təbrizin «Traktor» futbol komandasının azarkeşləri dekabrın 3-də Tehranın «Azadlıq» stadionunda keçirilən «Perspolis» — «Traktor» görüşündə də Qaradağ zəlzələsilə bağlı etiraz aksiyası keçiriblər. Azarkeşlər oyunun 20-ci dəqiqəsində köynəklərini soyunmaqla Güney Azərbaycanda baş verən zəlzələdən zərərçəkənlərə dövlətin laqeyd münasibətinə etirazlarını bildiriblər. Aksiyaya müdaxilə edən polislə azarkeşlər arasında qarşıdurmalar baş verib,

«Traktor» azarkeşlərindən həbs edilənlər və yaralananlar olub. Lakin İran hökuməti soydaşlarımızın etirazlarına məhəl qoymur, Qaradağ sakinləri isə acınacaqlı həyatına davam etməli olurlar. Xatırladaq ki, avqustun 11-də episentri Əhər, Heris və Vərzigan şəhərləri olmaqla Şərqi Azərbaycan vilayətində 6,2 bal gücündə zəlzələ baş verib. Rəsmi rəqəmlərə əsasən, zəlzələ nəticəsində 155 min nəfər zərər çəkib. Onlardan 306 nəfəri ölüb, 3037 nəfəri xəsarət alıb. Zəlzələ 18500 evin dağılması və zədələnməsinə səbəb olub. Herisin Bacabac və Çobandar kəndləri tamamilə yerlə yeksan olub. Noyabrın 7-də 57 nəfərin xəsarət alması ilə nəticələnmiş 5,2 bal gücündə yenidən zəlzələ baş verib. Noyabrın 16-da isə 10 nəfərin xəsarət alması ilə nəticələnmiş 4,9 bal gücündə növbəti zəlzələ olub.

Mövzunun əhəmiyyətini nəzərə alıb bu dəfə Qaradağdakı hazırkı vəziyyətlə bağlı yazmaq istədik. Suallarımızı ilk cavablandıran İran üzrə ekspert Hakim Sadiqli oldu: «Qaradağ bölgəsində indiki vəziyyət heç də qənaət bəxş deyil. İnsanların çoxu evsiz qaldığı üçün çadırlarda yaşayırlar. Hazırda qışın bu soyuq aylarında insanların yaşayışı daha da çətinləşib. Vərzigan Güney Azərbaycanın ən soyuq ərazilərindən biridir. Başqa bölgələrə nisbətən ora qış daha erkən gəlir. Bakıya hələ qar yağmayıb, amma Vərzigana bir ay əvvəldən yağıb. Eyni zamanda həmin ərazi Güney Azərbaycanın ən kasıb bölgəsi də sayılır. Onsuz da durumları yaxşı olmayan bölgə əhalisinin zəlzələdən sonra demək olar bütün yaşayışları alt-üst olub».

Onun sözlərinə görə, bölgədə zəlzələ nəticəsində 120-dən çox kənd dağılıb: «Qaradağda qış mövsümü çoxdan başlayıb. Oradakı çətinlikləri saymaqla qurtarmaz. Qarşıda qışın ən sərt ayları gözlənilir. Əgər evsiz qalanlar üçün bir çarə tapılmazsa, zəlzələdən sağ qalanlar da bu qışın soyuğunda dünyalarını dəyişəcəklər. Dövlət isə əsasən mərkəzi yollara yaxın olan kəndlərdə və əsasən də yol kənarlarında olan kəndlərdə görüntü xatirinə tikinti işləri aparır. Əslində rejimin zəlzələ bölgəsinə laqeyd yanaşması ilk günlərdən hiss olundu. İki gün keçmədən sağ qalan insanların axtarışı dayandırıldı, Güney Azərbaycan əhalisinin öz qardaşlarına yardım aparmalarının qarşısı alındı, həmin bölgədən olan millət vəkilinin İran parlamentində neçə dəfə məsələ qaldırmasına baxmayaraq, büdcədən yetərli qədər maliyyə ayrılmadı və s. Anacaq Güney Azərbaycan əhalisi və milli hərəkat öz xalqını bu məsələdə tək qoymadı.

Təbriz, Urmiya, Sofiyan, Culfa, Mərənd, Xoy, Maku, Qoşaçay, Salmas, Ərdəbil, Həmədan, Kəleybər və digər şəhərlərin əhalisi yardımlar toplayaraq milli fəallar vasitəsilə zəlzələ bölgəsinə göndərdilər. Həqiqətən zəlzələ göstərdi ki, milli hərəkat dar gündə öz xalqının yanındadır. Hərəkatçılar öz aralarında bölünərək kəndlərdə əhalinin evlərinin tikilməsinə də könüllü yardım edirlər».

Hakim Sadiqli bildirdi ki, İran prezidentinin bölgəyə iki dəfə həyata keçirdiyi səfər əslində xalq üçün deyildi: «Bunun səbəbi ali dini lider, ayətullah Əli Xamneyi ilə Mahmud Əhmədinejad arasındakı rəqabətdir. Bu səfərlərin də heç bir nəticəsi olmadı. Nə yardımlar edildi, nə də evlər tikildi. Bu səfərlər sadəcə görüntü xarakterli idi. Əhmədinejad prezidentlik dönəminin son aylarını yaşamaqdadır. Hakimiyyət daxili müxaliflər, ən əsası da ali dini lider ölkədə olan bütün günahları, dolların bahalaşmasını, ölkədə artan iqtisadi böhranı, xaricdən tətbiq edilən sanksiyaları və s. Əhmədinejadın boynuna yıxmağa çalışır. Prezident isə bu vəziyyətdən sağlam çıxmağa çalışır. Hətta Əhmədinejadın prezidentlik müddəti bitəndən sonra onu həbs etsələr, bizim üçün heç də sürpriz olmayacaq. Əslində rejim tək Qaradağ bölgəsinə deyil, ümumilikdə Güney Azərbaycana laqeyd münasibət göstərir. Əvvəlki illərə nəzərə salsaq görərik ki, bu müddət ərzində İranın fars vilayətlərində də zəlzələlər baş verib. Lakin farslar yaşayan bölgələrdə zəlzələ baş verəndə İran həm dünyadan gələn yardımları qəbul edirdi, həm də dövlət televiziyaları hər gün zəlzələ bölgəsini nümayiş etdirirdi. Ancaq eyni fəlakət Güney Azərbaycanda baş verəndə rejim xaricdən gələn yardımların heç birini, hətta xilasetmə dəstələrini də qəbul etmədi. Əslində rejim xilasetmə dəstələrinin və yardım gətirənlərin Azərbaycan türklərinin ağır yaşayış səviyyəsini görməsini istəmirdi.

Bildiyiniz kimi, «Traktor» azarkeşləri futbol oyununda stadionda köynəklərini soyunmaqla hakimiyyətin Qaradağ bölgəsinə laqeyd münasibətinə etiraz etdilər. Əslində bu adi bir aksiya deyildi. Bu aksiya hərəkat tərəfindən 14-15 gün qabaq planlaşdırılmışdı. Sözsüz ki, belə bir plandan rejim də xəbər tutmuşdu. Bu aksiyanın Təbrizdə deyil, Tehranda keçirilməsi hakimiyyətin basqılarını daha da sərtləşdirdi. Təəssüf ki, etiraz aksiyası Azərbaycan mətbuatında kifayət qədər işıqlandırılmadı. Bu gün «Traktor» komandasının azarkeşləri heç də dünyanın tanınmış komandalarının azarkeşlərindən az deyil. Hazırda rejim başını itirib. Buna səbəb hər gün yenilənən sanksiyalar, daxildə iqtisadi vəziyyətin gündən-günə ağırlaşması, əhalinin etirazının çoxalması və sairdir».

Əslən Güney Azərbaycan olan, hazırda isə Türkiyədə siyasi mühacir həyatı yaşayan GAMOH İdarə Heyətinin üzvü Elyar Makuyi dedi ki, Qaradağa bölgəsinə qar yağmaqda davam edir: «Əhalinin 90 faizi çadırlarda yaşayır. Əhali arasında müxtəlif xəstəliklərin yayılmasıyla bağlı da xəbərlər yayılıb. Rejim zəlzələdən zərərçəkənləri iki ay ərzində evlə təmin edəcəyinə söz versə də, hələ də soydaşlarımız evsizdir. Bəzi yerlərdə millətin öz yardımı hesabına bir neçə ev tikilib».

Onun sözlərinə görə, İran prezidentinin Qaradağ bölgəsinə səfərləri əslində şou xarakteri daşıyır: «Təcrübə göstərir ki, əvvəllər fars bölgələrində zəlzələ baş verəndə prezident elə ilk gündən əraziyə gedib yardım göstərilməsinə göstəriş verib. Həticədə qısa zamanda zərərçəkənlər evlə təmin edilirdi. Lakin Qaradağda zəlzələ baş verdi və bu hadisə İran mediasında işıqlandırılmadı. Azərbaycan və Türkiyənin zərərçəkənlərə yardım əlini uzatması əhalinin gözündən rejimi saldı. Bu, hakimiyyətini itirmək istəməyən rejimin canına qorxu saldı. Ona görə də bir neçə gün içərisində prezident və ali dini lider bölgəyə səfər etməli oldu. Ötən prezident seçkilərində ali dini liderin siyasi məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətiyə bir müsahibədə sual verdilər ki, nə üçün Azərbaycan bölgəsinə laqeyd münasibət var? Onun suala cavabı belə oldu: «İstər-istəməz bir gün Azərbaycan İrandan ayrılacaq. Bu baxımdan ora sərmayə yatırmağın faydası yoxdur».

Bu baxış elə rejimin Azərbaycana qarşı yürütdüyü siyasətin ana xəttidir. Unutmaq olmaz ki, Qaradağ bölgəsinin Güney Azərbaycan Milli Hərəkatında çox böyük rolu olub. Babək və Səttarxan da Qaradağda olublar. Qaradağ Güney Azərbaycanın başıdır. Güney Azərbaycanın müasir tarixinə baxsaq, son 30 ildə millətin rejimə etimadının qalmadığını görərik. Təəssüf ki, qış Qaradağda tez başladı. Dağlıq bölgə olduğu üçün hazırkı şərtlərdə və mənfi temperaturda əhali arasında donvurmaların olması qaçılmazdır. Hakimiyyət yardım etməsə də, millətimiz az da olsa şəxsi hesabına qardaşlarına kömək əlini uzadırlar». Elyar Makuyi vurğuladı ki, İran tarixində Azərbaycan türkləri hər zaman seçilib və inqilablar ediblər: «Bu baxımdan rejim millətimizin kiçik bir aksiyasını da təhlükəli qəbul edir. İran hər zaman milli fəallara qarşı basqı göstərir, aksiya iştirakçılarını həbs edir, işgəncəyə məruz qoyur, ədalətsiz məhkəmə qərarları çıxarır. Onlardan Əhməd Riyazi Mübarəkin, Mehdi Həmidi Şəfiqin, Həsən Ərkin, Əzizullah Purvəlinin, Fərdin Muradpurun və s. adlarını çəkmək olar».

Turqut ("Xalq cəbhəsi" qəzeti )

http://bao.az/?mid=358

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter