English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

«Urmiya gölünün quruması ciddi problemlər yaradır

AZOH: Məhəmməd İsmayıl Səidi: «Əgər lazımi addımlar atılmasa, yerli sakinlər öz torpaqlarını tərk edərək digər şəhərlərə köçəcək»

Nadir Qazipur: «Urmiya gölünün qurumasının qarşısının alınması üçün heç bir iş görülməyib»

«Hətta İran Energetika Nazirliyi apreldən yarımçıq qalmış Baranduz səddinin tikintisinin yenidən davam etdiriləcəyini açıqlayıb»

Güney Azərbaycanın Urmiya şəhərini İran parlamentində təmsil edən deputat Nadir Qazipur Urmiya gölündəki ekoloji fəlakətdən danışıb. O bildirib ki, Urmiya gölünün qurumasının qarşısının alınması məsələsi Qərbi Azərbaycan vilayətinin əsas problemlərindən biridir: «Araz su anbarından Urmiya gölünə su axıdılması planlaşdırılırdı, hətta bunun üçün dövlət büdcəsindən vəsait də nəzərdə tutulmuşdu. Ancaq İran Energetika Nazirliyindən bildiriblər ki, indiyədək bununla bağlı heç bir iş görülməyib. Halbuki Urmiya gölü ətraf mühitin mühafizəsi üçün çox önəmlidir». Onun sözlərinə görə, Urmiya gölünün qurumasının qarşısının alınması üçün bir sıra layihələr mövcuddur və bunlar İran rəsmilərinin Qərbi Azərbaycan vilayətinə səfərləri zamanı siyahıya alınıb: «Bunlardan ən önəmlisi Nazlı və Baranduz sədlərinin tikintisinin dayandırılmasıdır. Belə ki, 2012-ci ilin avqustunda bunların dayandırılması haqda göstəriş verilib. Halbuki Nazlı səddinin 50 faizi, Baranduz səddinin isə 40 faizi tamamlanmışdı. Hazırda hər iki bəndin tikintisi tamamilə dayandırılıb və hələlik layihə icra edilmir. Bu sədlərin inşasının dayandırılmasının səbəbi maliyyə problemi ilə yanaşı, Urmiya gölündəki ekoloji fəlakətlə də bağlıdır». Nadir Qazipur deyib ki, bir müddət əvvəl Urmiya gölünə su axıdılması məsələsilə bağlı toplantı keçirilib və yığıncaqda bütün problemlər öz həllini tapıb: «Bu baxımdan Urmiya gölünün qurumasının qarşısının alınması üçün nəzərdə tutulan layihənin əməldə də icra olunmasını gözləyirik. Lakin İran Energetika Nazirliyi 2013-cü ilin aprel ayından Baranduz səddinin tikintisinin yenidən davam etdiriləcəyini açıqlayıb».

Təbriz, Üskü və Azərşəhr (Tufarqan) şəhərlərini İran parlamentində təmsil edən deputat Məhəmməd İsmayıl Səidi isə vurğulayıb ki, Urmiya gölünün quruması və ətrafdakı artezian quyularının suyunun yararsız vəziyyətə düşməsi bölgədə yaşayan sakinlərə ciddi problemlər yaradır: «Bölgədə suyun 90 faizi artezian quyularından çıxan su vasitəsilə təmin olunur: «Yerli sakinlər də öz əkinlərini, bağlarını bununla suvarırlar. Lakin Urmiya gölünün quruması bölgə üçün ciddi problemlər yaradır. Belə ki, su çatışmazlığı və şorlaşma insanların gündəlik yaşamını çətin vəziyyətə salır. Bu baxımdan bölgə ciddi böhran vəziyyətindədir. Vəziyyət əkinçilik, bağçılıq və maldarlığın inkişafına da ciddi təhlükə törədir. Bu isə nəticə etibarilə bölgə əhalisinin gəlirlərinin azalmasına və öz torpaqlarını tərk edərək digər şəhərlərə köçməsinə səbəb olacaq. Artıq Şirəmin və Gugan çölü su çatışmazlığına görə əkinçilik üçün tamamilə yararsız vəziyyətə düşüb». Millət vəkili əlavə edib ki, Urmiya gölündəki ekoloji fəlakət parlament və hökumətin gündəliyində olmalıdır: «Urmiya gölündəki ekoloji faciənin qarşısı alınmalıdır. Eyni zamanda bölgənin müvafiq qurumları, deputatları problemin tezliklə aradan qaldırılması üçün birgə həll yolu tapmağa çalışmalıdırlar».

Xatırladaq ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kvadrat kilometr olan Urmiya gölünün 70 faizi tamamilə quruyub və şoranlığa çevrilib. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. Hazırda Urmiya gölündə hər 1 litr suda 400 qram duz mövcuddur. Bu rəqəm əvvəllər 160-170 qram təşkil edib. Köçəri quşlar miqrasiya zamanı bu göldən fasilə məntəqəsi kimi istifadə edir. Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, eləcə də heyvanlara təsir göstərir. İran prezidenti və hökumət nümayəndələrinin 2010-cu ildə Təbrizə səfəri zamanı Araz çayının suyunun Təbrizdəki səhralığa və Urmiya gölünə axıdılması layihəsi təsdiq olunmuşdu. Araz çayından Urmiya gölünə 600 milyon kubmetr su axıdılması nəzərdə tutulur. Bu layihənin reallaşdırılması üçün 1,2 milyard dollar sərmayə yatırılması planlaşdırılır. İran hökuməti 2011-ci ilin sentyabr ayında Urmiya gölünün qurumasının qarşısının alınması üçün görüləcək tədbirlərə ümumilikdə 900 milyon dollar vəsait ayırmışdı. Son illərdə Urmiya gölü rayonunda 17 su bəndi tikilib, gölün şərqindən qərbinə uzanan və gölü iki yerə bölən torpaq keçid tikilib. Mütəxəssis ekoloqların sözlərinə görə, bu, gölün qurumasının əsas səbəbidir, nəticədə göl bəzi yerlərdə on kilometrlərlə quruyub və səviyyəsi 6 metr düşüb. BMT-nin Ətraf Mühit Proqramı 2012-ci il martın 19-da Urmiya gölünün qurumasının ekoloji sonucları barədə xəbərdarlıq edib və bildirib ki, 1995-ci ildən 2011-ci ilə kimi göldə suyun səviyyəsi 7 metr düşüb, kosmosdan çəkilmiş şəkillərə görə isə gölün səthinin sahəsi 6100 kvadrat kilometrdən 2366 kvadrat kilometrə qədər azalıb. BMT-nin Ətraf Mühit Proqramı Urmiya gölünün taleyinin də Aralın kədərli aqibətinə oxşaya biləcəyi barədə narahatlıq bildirir. Bir neçə on il qabaq Orta Asiyanın bu gölünün quruması bölgədə dəhşətli qum fırtınalarının yaranmasına səbəb olub. Urmiya gölünün ətrafındakı rayonların sakinlərinin etirazları hələ də güclə yatırılır. BMT-nin İnkişaf Proqramı həmçinin İrana ölkədəki ekoloji problemləri, xüsusilə Urmiya gölündə yaranmış problemi həll etmək məqsədilə 135 milyon dollar məbləğində maliyyə yardım edib. 2011-ci ildə Təbrizdə, Urmiyada və Güney Azərbaycanın başqa şəhərlərində hakimiyyətin gölün quruması probleminə laqeyd qalmasıyla bağlı kütləvi etirazlar olub. Amma nümayişlər gözyaşardıcı qazla və rezin güllələrlə dağıdılıb. Həmin aksiyalar zamanı yüzlərlə azərbaycanlı fəal həbs olunaraq ağır şəkildə cəzalandırılıb.

XC

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter