English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Tarixin Türkmənçay yarası

AZOH: Dünən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Türkmənçay müqaviləsinin 185 illiyi və Güney Azərbaycanda soydaşlarımızın hüquqlarının pozulması ilə bağlı dəyirmi masa keçirdi. Tədbirdə Milli Məclisin deputatları, ictimai-siyasi təşkilatların təmsilçiləri, ziyalılar, güneyli soydaşlarımız və s. iştirak ediblər. Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev açaraq bildirdi ki, Azərbaycan xalqının tarixinə qara səhifə kimi düşmüş, fevralın 10-da çar Rusiyası ilə Qacar imperiyası (İran) arasında imzazalanmış və Azərbaycanın ikiyə bölünməsi ilə nəticələnmiş Türkmənçay müqaviləsinin 185-ci ili tamam olur: «Düzdür, bu günlər Azərbaycanın siyasi gündəmini müxtəlif siyasi mövzular zəbt edib. Bu baxımdan bu cür tədbirlərə diqqət arzuladığımız səviyyədə deyil. Yəni Güney Azərbaycan məsələsi ölkəmizin ictimai-siyasi həyatında o qədər də aparıcı mövqeyə malik deyil və bu mövzuya elə də diqqət ayrılmır. Son vaxtlar Əkrəm Əylislinin yazdığı «Daş yuxular»ından tutmuş Elşad Abdullayevin videoları, eyni zamanda Azərbaycanın bölgələrində keçirilən və zorakılıqla müşayiət olunan etiraz aksiyaları, həbslər və s. ölkənin taleyinə biganə olmayan ictimaiyyətin diqqətini bu mövzulara yönəlməsinə gətirib çıxarıb. Ancaq ölkədə hansı proseslərin getməsindən asılı olmayaraq, biz Güney Azərbaycan mövzusunu paralel olaraq diqqətdə və gündəmdə saxlamalıyıq». Qüdrət Həsənquliyev Azərbaycanın ilk süni peyki orbitə buraxılmasını xalqımız əlamətdar hadisə kimi dəyərləndirdi: «Bununla da Azərbaycan süni peyki orbitdə dövrə vuran 11-ci ölkə oldu».

Azərbaycanı parçalayan ikinci böyük sənəd

BAXCP Ali Məclisinin sədri, tarixçi alim Vaqif Abışov dedi ki, Türkmənçay müqaviləsi Gülüstan müqaviləsindən sonra Azərbaycanı parçalayan ikinci böyük sənəddir: «Müqavilə ümumilikdə 16 maddədən ibarətdir. Müqavilə çar Rusiyasının Cənubi Qafqazdakı qoşunlarının komandanı, general Paskeviç və Qacar xanədanlığının qoşunlarının baş komandanı, Fətəli şah Qacarın böyük oğlu, Təbrizdə iqamətgahlanmış Azərbaycanın varisi Abbas Mirzə arasında imzalanıb. Sənədin birinci maddəsində 1813-cü il oktyabrın 12-də imzalanmış Gülüstan müqaviləsinin qüvvədən düşdüyü, ikinci maddəsində isə onu Türkmənçay müqaviləsinin əvəz etdiyi bildirilir. Üçüncü maddədə Haxçıvan və İrəvan xanlıqlarının Rusiyaya ilhaq edilməsi məsələsi öz əksini tapıb. Dördüncü maddədə isə ərazi və sərhəd məsələləri geniş şəkildə və incəliklərinə qədər qeyd olunub. Onun sözlərinə görə, müqavilədə ən önəmlisi altıncı maddədir: «Belə ki, Gülüstan müqaviləsində öz əksini tapmamış təzminat məsələsi, yəni müharibə zamanı dəymiş ziyana görə Qacar xanədanlığının çar Rusiyasına 20 milyon gümüş pul ödəməsi barədə öhdəlik qoyulub. Halbuki həmin vaxt Qacar xanədanlığının bu məbləği ödəmək imkanı yox idi. Hətta sənəddə təzminatın ödənilməyəcəyi təqdirdə Güney Azərbaycanın Təbriz, Ərdəbil, Marağa, Xoy, Urmiya və digər ərazilərinin də çar Rusiyasının ilhaqına veriləcəyi barədə şərt qoyulmuşdu. Dünyadakı vəziyyətə baxdığımızda isə Böyük Britaniya Hindistanı müstəmləkəsinə çevirmişdi və Əfqanıstanı öz təsiri altına salmışdı. Ona görə də Rusiya kimi təhlükəli bir imperiyanın müstəmləkə dövlətlərinin sərhədlərinə yaxınlaşmasını istəmirdi. Bu səbəbdən Böyük Britaniya 20 milyon gümüş pulu çar Rusiyasına ödəməsi və sərhədlərin müəyyən qədər uzaqlaşması üçün İrana təcili maliyyə yardımı etməyə başladı». Vaqif Abışov vurğuladı ki, yeddinci maddədə Abbas Mirzəni Fətəli şah Qacarın bir vəliəhdi, şahzadə və gələcəkdə İran dövlətinin başçısı kimi çar Rusiyası qəbul edəcək. Azərbaycan tarixi üçün ən önəmli maddələrdən biri də əhalinin köçürülməsilə bağlıdır. Məsələn, 12, 14 və 15-ci maddələrində əhalinin yerdəyişməsi, daşınmaz əmlakının satılması və daşına bilən əmlakının daşınmasına köməklik göstərilməsi müddəaları öz əksini tapıb və bu müddəalar bir neçə dəfə də dəyişdirilib. Azərbaycan tarixi, xalqı və torpağı üçün 15-ci maddə çox vacibdir və bu gün də onun ağrısını, acısını çəkir. Həmin maddə Arazın hər iki tayında yaşayanlara sərbəst hərəkət eməyə imkan verirdi. Azərbaycan xalqının isə yerdəyişməyə ehtiyacı yox idi. Çünki Arazın hər iki tayı öz əzəli torpağı idi. Bu maddə diplomatikcəsinə hazırlanmışdı və ermənilər üçün sərfəli idi». Tarixçi alim qeyd etdi ki, Türkmənçay müqaviləsindəki mühüm maddələrdən biri də Xəzər dənizilə bağlıdır: «Həmin maddədə qeyd olunur hər iki ölkənin ticarət gəmilərinin üzməsinə, hansısa bir hadisə baş verdikdə bir-birinə yardım etməsinə icazə verilir. Xəzər dənizində Rusiyadan başqa heç bir ölkənin hərbi donanma saxlamasına və hərbi gəmilərinin üzməsinə icazə verilmir. Təbii ki, bu da İrana və Böyük Britaniyanın özünə də böyük bir zərbəydi». Vaqif Abışov bildirdi ki, Türkmənçay müqaviləsini incələdikcə Azərbaycan xalqının sənədin ləğv edilməsinə hüquqi əsasının olduğunu və Güney Azərbaycandakı ərazilərini tələb etməyə haqqı çatdığını görünür.

«Bütöv Azərbaycan məsələsi strateji hədəfdir»

Azərbaycan Demokrat Partiyasınının (ADP) sədri Sərdar Cəlaloğlu dedi ki, indi Türkmənçay müqaviləsindən danışmaq absurddur: «Artıq Azərbaycan müstəqil dövlətdir, BMT-nin üzvüdür. Çar Rusiya və Qacar xanədanlığı da yoxdur, Lenin və ayətullah Xomeyni hakimiyyətə gələndə özlərindən əvvəlki quruluşların bağladıqları bütün müqavilələrin qüvvədən düşdüyünü açıqlayıblar. Bu səbəbdən Gülüstan və Türkmənçay müqaviləsi də öz hüquqi qüvvəsini itirib və məsələni müzakirə etməyə ehtiyac yoxdur. Azərbaycanın bütünləşməsinə, bütövləşməsinə bu müqavilələrdən heç bir təsiri yoxdur». Onun sözlərinə görə, bu gün dünyada şərtlər Azərbaycanın bütövləşməsinin xeyrinə olduğu halda, ölkədə bu ideya arxa plana keçib: «Bildiyiniz kimi, ABŞ-ın Yaxın Şərq layihəsi var. Həmin layihədə Bütöv Azərbaycan xəritəsi də öz əksini tapıb. ABŞ senatorları davamlı olaraq Güney Azərbaycan məsələsini qaldırırlar. Yəni Yaxın Şərq layihəsində Bütöv Azərbaycan məsələsi strateji bir hədəfdir. Biz sadəcə olaraq proseslərin içərisinə daxil olub ideyanın reallaşması istiqamətində işlər aparmalıyıq». Sərdar Cəlaloğlu vurğuladı ki, Almaniya da iki yerə parçalanmışdı: «Ancaq bu gün birləşən Qərbi və Şərqi Almaniyanın şüurda da birləşməsi üçün hələ 50 il vaxt lazımdır. Birləşmə şüurlardan keçir. Bu baxımdan şimalda Səttarxanın, Seyid Cəfər Pişəvərinin, Məhəmmədhüseyn Şəhriyarın heykəli qoyulmalıdır, onların adları əbədiləşdirilməlidir. Tarixi vəsaitlərimizdə Qacar xanədanlığı haqqında düzgün məlumatlar verilməlidir. Güney Azərbaycan tariximizə, mədəniyyətimizə, ədəbiyyatımıza daxil olmalıdır. Bundan əlavə, güneyli soydaşlarımıza ikili vətəndaşlıq verilməlidir. Mən hesab edirəm ki, 20-30 ilə Azərbaycan bütövləşəcəyik. Ona görə də bunun indidən altyapısını formalaşdırmalıyıq ki, almanların indi çəkdikləri duruma düşməyək».

Tarixi unutmaq olmaz

Dünya Azərbaycanlıları Konqresinin (DAK) Daimi Şurasının sədri Əjdər Tağızadə bildirdi ki, çar Rusiyasının Qafqaza gəlməsi böyük bir faciə idi: «Mərhum Əbülfəz Elçibəy başda olmaqla quzeyli soydaşlarımız iki əsrdən sonra bu faciəyə son qoydular. Biz Gülüstan və Türkmənçay müqavilələrini yada salmalıyıq. Çünki rus imperializminin cinayətkar əməlləri hər zaman Azərbaycana uzana bilər. Düzdür, Qacar xanədanlığı türk idi, özümüzünkü idi. Ağa Məhəmməd şah Qacar farsların kəsərli əllərindən olan Lütfəli xan Zəndi elə farsın öz göbəyində məğlub etdi. Ancaq digər türk imperiyaları kimi Qacar xanədanlığı da bir sıra səhvlərə yol verdi. Belə ki, farslar sarayda yüksək vəzifə tutdular. Səfəvilər dövləti də bu səhvi etmişdi. Gülüstan və Türkmənçay müqavilələri zamanı Azərbaycan parçalanıb. Ona görə də bu yaranı unutmaq olmaz. Bu yara bizdə var və unutmaq üçün mütləq sağalmalıdır. Görmürsünüz, Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyir, Cənubi Koreya Şimali ilə birləşmək itsəyir, Türkiyə bir adaya görə Yunanıstanla barışmaq istəmir, kiçik bir ada üçün Çin, Yaponiya və Tayvan bir-birilə münaqişədədir». Onun sözlərinə görə, Tehran rejiminin 90 faizdən çox səfiri, diplomatı cinayətkardır, işgəncə verməkdə adam öldürməkdə ad çıxarıblar: «Bu günlərdə tanınmış ailədən olan ayətullah Səid Məhəmməd Bəkori Xərrazi İran prezidenti seçiləcəyi təqdirdə Azərbaycan, Ermənistan və Tacikistanı qansız-bəlasız ölkəsinə birləşdirəcəyini bildirib. Bu, təkcə onun xülyası deyil. Bu, bütövlükdə İrandakı panfarsistlərin xülyasıdır. Ona görə də Gülüstan və Türkmənistan müqavilələrini nə farsı, nə də rusu unutmayıb. Halbuki İran iki yüz ildə işğal etdiyi Güney Azərbaycana nə gün ağlayıb ki, indi şimalını istəyir. Bu gün quzeydə heç olmasa azadlıq, demokratiya, dünyəvi və modern dövlət mövcuddur. Azərbaycanın güneyində yaşayan soydaşlarımız da azadlıq, demokratiya, dünyəvi və modern dövlət istəyir. Ona görə də Məhəmməd Rəsulzadəni çox sevir».

Türkmənistan müqaviləsinin siyasi əhəmiyyəti yoxdur

Böyük Qurtuluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa dedi ki, 1815-ci ildə Vyana konqresində Napoleon imperiyasının çökməsilə dünyanın yenidən bölüşdürülməsi məsələsi gündəmə gəldi: «Burada da Rusiya və Böyük Britaniya öncüllüyə yiyələndi. Hər iki dövlətdə bir-birilə razılaşdırılmış formada bölgədə işğalçılıq siyasətini həyata keçirirdilər: «Həmin dövrdə Rusiyanın Azərbaycanı işğal etməsinin əsas məqsədlərindən biri öz tabeçiliyinə keçirə bilmədiyi Dağıstanın arxa cəbhəsini ələ keçirmək idi». Onun sözlərinə görə, Türkmənistan müqaviləsi artıq qüvvədən düşüb və heç bir siyasi əhəmiyyəti yoxdur: «Bu müqaviləni tarixi ərazilərimizin iki dövlətin tərkibinə düşməsilə xalqımızın mənəvi əlaqələrinin itirilməsinə səbəb olmuş bir tarixi hadisə kimi qiymətləndirmək daha məqsədəuyğun olardı». Fazil Mustafa qeyd etdi ki, Türkmənçay müqaviləsi Şimali Azərbaycanı radikal dindən uzaqlaşdırdı və Rusiya vasitəsilə də olsa Qərbə inteqrasiyasını sürətləndirdi. Ancaq eyni performansı İran göstərə bilmədi».

Bir nöqtəyə vurmalıyıq

Bütöv Azərbaycan Ocaqlarının (BAO) rəhbəri Zahir Əlisoy vurğuladı ki, bu gün Azərbaycan xalqı dünyada sürətlə gedən proseslərdən geri qalıb: «Biz hər iki tayda mübarizə aparmaq üçün yeni bir nəsil formalaşdırmalıyıq. Çünki yeni dönəm, yeni şərtlər gəlir. Bu şərtlərə yeni dünyanın insanları lazımdır. Prosesləri qabağa aparmaq yeni insan və ya insanlar gəlməlidir. Yeni insanları da yetişdirmək üçün tarix lazımdır. Heç kimə sirr deyil ki, İran teokratik, totalitar rejimdir. Bu gün Güney Azərbaycanda kifayət qədər formalaşmış yeni nəsil var». Onun sözlərinə görə, fevralın 6-da Güney Azərbaycanda daha iki nəfəri tutublar: «Bununla da iki ay ərzində 25 milli fəal həbs olunub. Bunlar 25-40 yaş arasında olan və formalaşmış nəsildir. Ancaq Azərbaycan Respublikasının ictimai-siyasi təşkilatlarının, ictimaiyyətin məsələyə ciddi reaksiyası yoxdur. Ona görə də bizim qarşımızda duran ən mühüm məsələ millətimizin ruhunu birləşdirməkdir. Biz birdəfəlik başa düşməliyik ki, Dağlıq Qarabağ və ətraf rayonların işğalı 50 milyonluq Azərbaycan türkünə təcavüzdür. Biz hamımız bir nöqtəyə vurmalı və hər birimizin bir məqsədi olmalıdır: bütöv, müstəqil və demokratik Azərbaycan qurmaq».

Ermənidən azərbaycanlıya dost olmaz

Politoloq Teyyub Qənioğlu Türkmənçay müqaviləci Azərbaycanın iki yerə bölünməsini birdəfəlik təsbit edir: «Bu bizi ağrıdır. Ona görə də tarixə bir dərsi kimi baxmalıyıq. Bu bölünməni yaradan bir çox səbəblər var. Bunlardan də ən başlıcası erməni amilidir. Bildiyiniz kimi, Qacar xanədanlığının qoşunlarının məğlub olmasının səbəblərindən biri ermənilərin satqınlığı ilə bağlı idi. Bu müqavilənin də bağlanmasına ən çox sevinən ermənilər olub. Bu da tarixi faktdır». Onun sözlərinə görə, müqavilənin 15-ci maddəsində öz əksini tapmış millətlərin sərbəst gediş-gəlişi də əslində ermənilər üçün hesablanmışdı: «Ona görə də biz bunu unutmamalıyıq və gələcəkdə də ermənilərlə bağlı siyasətimizi müəyyənləşdirməliyik. Bu millət əsrlərdir Azərbaycana düşmən olublar və düşmən olaraq da qalacaqlar. Heç vaxt ermənidən azərbaycanlıya dost olmaz. Məşhur atalar misalı var: «Erməni ilə dost ol, ancaq çomağı yerə qoyma. Ona görə də biz gələcəkdə erməni amilinin Azərbaycanı yenidən qana çalxalamaması üçün hansı istiqamətdə fəaliyyət göstərəcəyimiz haqda düşünməliyik. Bu baxımdan Türkmənçay müqaviləsindən ibrət dərsi götürməli, inşallah, Azərbaycanın gələcəkdə bütövləşməsi prosesində də, Dağlıq Qarabağ probleminin nizamlanması məsələsində də erməni amilini, onlardan bizə dost olmayacağını heç vaxt yaddan çıxarmamalıyıq».

Millət öz milli təşkilatının arxasınca gedəcək

Bütöv Azərbaycan Ocaqları (BAO) Məşvərət Məclisinin üzvü Hakim Sadiqli bildirdi ki, yanvarın 27-də Təbriz şəhərində «Aran» qurumunun təşkilatçılığı ilə Azərbaycan əleyhinə böyük bir tədbir keçirilib: «Bu qurumun Ərdəbildə də şöbəsi var və Azərbaycana qarşı əks təbliğat aparır. Yanvarın 29-da Qum şəhərində də Azərbaycan əleyhinə tədbir keçirilib. Bundan əlavə, İran prezidentliyinə namizəd Səid Məhəmməd Bəkori Xərrazi Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edib». Onun sözlərinə görə, fevralın 6-da son iki ayda Güney Azərbaycanda həbs olunanların sayı 25 nəfərə çatıb. Bu insanlar milli hərəkatın öndə gedən insanlarıdır. Məsələn, Güney Azərbaycanda fəaliyyət göstərən Yeni GAMOH təşkilatının sədri, doktor Lətif Həsəni həbs olunub. Eyni zamanda Yeni GAMOH təşkilatının Mərkəzi Komitəsinin 4 üzvü tutulub. Həbslər seçki yaxınlaşdıqca daha da artacaq. Ancaq təəssüflər olsun ki, biz eşikdə onlara lazımi dəstəyi verə bilmirik. Azərbaycan mətbuatı repressiyaları kifayət qədər işıqlandırmır. Türkiyədən yetərincə dəstək yoxdur. Əgər vaxtında hərəkət edə bilməsək, Güney Azərbaycanda həbslər daha da çoxalacaq və işgəncələr, ölümlər də artacaq. Məsələn, 2012-ci ilin noyabrında Hasir Xanzadə «Ettelaat» əməkdaşları tərəfindən həbs olundu və bir həftə sonra Təbrizin zibilliyində asılmış vəziyyətdə tapıldı. Ancaq biz bunu yetərincə işıqlandıra bilmirik». Hakim Sadiqli dedi ki, Yeni GAMOH təşkilatı açıq şəkildə İranda keçiriləcək prezident seçkilərinə qatılacağını açıqlayıb: «Bu da İranın ciddi narahatlığına səbəb olub. Çünki millət yalnız öz milli təşkilatının arxasınca gedəcək. Ona görə də İran hökuməti indidən milli hərəkatın bütün öndə gedən fəallarını tutmağa başlayıb».

Tədbirdə Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz və başqaları mövzu ilə bağlı çıxış etdilər. Sonda dəyirmi masa iştirakçıları adından Birləşmiş Millətlər Təşkilatına və Azərbaycan Respublikasının Milli Məclisinə müroaciətlər qəbul olunub.

http://www.xalqcebhesi.az/?p=116378

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter