English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Haqqı verməzlər, haqqı almaq lazımdır

AZOH: Şeyx Məhəmməd Xiyabani 1879-cu miladi tarixdə Təbriz şəhəri yaxınlığında yerləşən Xamnə qəsəbəsində anadan olub. O, Xamnədəki məktəbi bitirdikdən sonra Mahaçqalada ticarətlə məşğul olan atası Hacı Əbdülhəmidin yanına gedib, az müddətdən sonra Təbrizə qayıdaraq din elmlərini öyrənməyə başlayıb. Təbrizin tanınmış ruhanisi Əngəcinin yanında oxuyub, müctəhidlik dərəcəsinə yüksəlib, nücum, heyət və hesab elmlərini öyrənib. O, gözəl danışığı ilə Təbriz əhalisinin rəğbətini qazanıb. Hətta Xiyabani Təbrizdə məşhur ruhani və inqilabçı Siqətülislamın tövsiyəsi ilə Xiyaban məhəlləsində Hacı Kərim xan məscidində imam və vaiz olub.

Araşdırmaçı Vüqar Əhməd bildirir ki, o, çıxışlarında insan haqlarından, azadlıqdan söhbət açaraq təbrizliləri məlumatlandırır, milli oyanışa səsləyir, dünyagörüşlərini zənginləşdirirdi: "Onun aforizmləşən bir sözü var idi və həmişə çıxışlarında deyirmiş ki, haqqı verməzlər, haqqı almaq lazımdır. 1908-1909-cu illər Təbriz üsyanı zamanı Xiyabani bir tərəfdən əlinə silah alır, o biri tərəfdən Azərbaycan Vilayət Əncümənindəki çıxışları ilə fəaliyyət göstərir, çoxsaylı tədbirlərin təşəbbüskarı olur. 1909-1911-ci illərdə fəaliyyət göstərən II İran Məclisinə Azərbaycandan seçilən inqilabçılar və ziyalılar arasında yer alır. 1909-cu ildə Tehranda yaradılmış Demokrat Partiyasının üzvü kimi bu partiyanı məclisdə də təmsil edirdi. 1911-ci ildə parlament buraxıldıqdan sonra Tehranda keçirilən mitinqdə hökumət əleyhinə çıxış edir. İran hökumətinin demokratik qüvvələrə qarşı əsaslı tədbirlər görməyə başladığı zaman İranı tərk edir, müəyyən müddət Vladiqafqaz və Peterburqda mühacirətdə yaşayır".

Xiyabaninin fəaliyyətinin əsas hissəsi 1917-ci ildən başlayır: "Demokrat Partiyasının Azərbaycan şurasının 1917-ci ilin avqustundakı iclasında sərbəst fəaliyyət göstərəcək Azərbaycan Demokrat Partiyasının (Firqəsinin) yaradılması və onun Mərkəzi Komitəsinin Xiyabaninin başçılığı ilə toplanması qərara alındı. Partiyanın konfransında Mərkəzi Komitəyə, yerli və əyalət əncümənlərilə keçiriləcək seçkilərə hazırlaşmaq tapşırıldı. Partiyanın məqsədləri də dəqiq müəyyənləşmişdi. Konstitusiyada müəyyən edilmiş hüquqların və azadlıqların həyata keçirilməsi uğrunda mübarizə aparmaq; Vilayət və qəza əncümənlərilə keçiriləcək seçkilərdə əhalinin demokratik təbəqələrindən olan nümayəndələrin seçilməsinə çalışmaq; İranın tərkibində Cənubi Azərbaycanın muxtariyyət alması, ölkənin iqtisadi və mədəni həyatının demokratik əsasda yenidən qurulması uğrunda mübarizə aparmaq. Xiyabani rəsmən iqtidarda deyildi, ancaq Azərbaycanda hər şeyi nəzarətində saxlayırdı. Bir ilə yaxın davam edən bu dövr ərzində Azərbaycan faktiki olaraq ADP tərəfindən idarə olunmuşdu".

1918-ci ildə Osmanlı ordusu Güney Azərbaycanını tərk edir. Xiyabani vətənə dönərək ADR-i və "Təcəddüd" qəzetini bərpa edir. 1919-cu ildə İngiltərə ilə Vüsuqüddövlə arasında 1907-ci il müqaviləsini əvəz edən bir müqavilə bağlandı. ADP daha kəskin mövqe tutaraq Tehran hakimiyyətinə qarşı mübarizəyə başlayır. Tehrandan Təbrizə göndərilmiş Bifinin yoldaşları geri qaytarılır. Təbriz hakiminin müavini Əminilmülk və maliyyə rəisi Tərcümanüldövlə Azərbaycandan gedib, Demokrat Partiyası tərəfindən nümayəndələr təyin edilirlər. 1920-ci ilin mayında Təbrizdə ADP-nin rəhbərliyi ilə böyük mitinq təşkil edilir. Mitinqdə imperialistlərin və İran irtica qüvvələrinin əleyhinə mübarizəni daha da gücləndirməyə çağırışlar səslənir. Hərəkatın milli coğrafiyası genişlənir: Zəncan, Marağa, Miyana, Əhər, Xoy və daha sonra Ərdəbil də azadlığa səs verir. 1920-ci ilin 22 iyununda ADP ümumi səslə Milli hökumətin strukturu haqqında qərar qəbul edir və Şeyx Məhəmməd Xiyabani Milli Hökumətin sədri seçilir. Həmin gün Xiyabani hökumət başçısı kimi Alaqapıya köçür. Bu, Güney Azərbaycan tarixində yaranmış ilk demokratik milli hökumət idi. "Azərbaycan" toponimi, sözü bütün lövhələrdə, dövlət sənədlərində "Azadıstan əyaləti" kəlməsi ilə əvəzləndi.

Xiyabani "Alaqapı"da Milli Hökumət başçısı olduğu az müddətdə Təbrizdə bir çox islahatlar aparır. Eləcə də jandarm təşkilatını genişləndirərək öz rəhbərliyi ilə Milli Qvardiya yaradır. Tanınmış maarifpərvər Əbülqasim Fyuzatı maarif müdiri təyin edir. Məktəblərdə təhsilin Azərbaycan dilində keçirilməsinə göstəriş verir. Bakıdan "İddihadiyeyi-İraniyan" məktəbindən müəllimlər dəvət edir. Bütün idarə işləri, sənədləşmələr, mətbu nümunələr, mitinq və çıxışlar doğma dilimizdə aparılır".

Azadıstan dövlətinin ömrü çox uzun sürmədi: "Müstəqillik elan ediləndən 6 ay sonra 1920-ci il sentyabrın əvvəllərində təzəliklə vali təyin edilmiş Hidayət Müxbirisəltənə Təbrizə tərəf hərəkət edir. Təbrizə girməzdən əvvəl o, mülkədarları öz tərəfinə çəkir. Hücumdan əvvəl Amerika və İngiltərə konsulluqlarını xəbərdar edir. Sonra müqavimətsiz Təbrizə soxulub kazak dəstələri ilə birləşir. Kazakların bir dəstəsi Xiyabaninin iqamətgahına hücum çəkir. Döyüşlər dörd gün davam edir. Sentyabrın 14-də Xiyabani öldürülür".

Xiyabani deyirdi: "Yad qüvvələrə arxayın olun, ancaq öz qüvvənizə güvənin. Xarici dövlətin əlaltısı olmayın, çünki onlar ancaq öz mənafeyi üçün çalışırlar", "Şərafətlə, namusla ölmək şərafətsiz diri qalmaqdan yaxşıdır". Xiyabani şərafətli ölümü ilə dediyinə sadiq olduğunu göstərdi.

Araşdırmaçı İsmayıl Şəms Xiyabani haqqındakı yazısında bunları qeyd edir: "Xiyabani 1919-cu ilin sentyabrında demişdi: "Biz istəyirik ki, ölkədə həqiqi millət hökm sürsün, müəssisələr və idarələr milli olsun. Hələlik bizdə məşrutə rejimi var. Bu məşrutə rejimini həyata keçirmək ilk addımdır ki, biz atmalıyıq. Biz sözü işə çevirməliyik, məşrutəni dilimizdə yox, bütün idarələrimizdə yerləşdirməliyik. Biz Təbriz şəhərindən başlayaraq tədricən bütün İranda arzularımızı yerinə yetirəcəyik".

Xiyabani Alaqapıda milli hökumət başçısı olduqda az müddətdə Təbrizdə bir çox islahatlar aparmağa başladı. O cümlədən jandarm təşkilatını genişləndirərək, öz başçılığı ilə Milli Qvardiya yaratdı. "Məhəmmədiyyə" və "Hikmət" adlı iki qadın məktəbi açdı. Məktəblərdə təhsilin Azərbaycan dilində keçilməsinə göstəriş verdi. Bakıdan "İttihadiyyeyi-iraniyan" məktəbindən bir neçə müəllim çağırdı. Məktəblərdə Azərbaycan dilini öyrənməyə göstəriş verdi. Tehrandan göndərilmiş maliyyə rəisi və hakim müavini Tehrana qaytarıldı, yeni şəxslər təyin edildi. Xiyabani əyalətdə əmin-amanlığın bərpa edilməsinə çox əhəmiyyət verirdi. Təbrizə gələn xaricilər Xiyabani milli hökumətin başçısı olduğu zaman əyalətdəki yüksək dərəcədə olan əmin-amanlıq haqqında danışırdılar. Bütün idarə işləri, nəşriyyat, mitinqlər və çıxışlar türk dilində aparılırdı. Xiyabani öz xalqına və vətəninə vurğun idi. O, xalqının azadlığı və rifahla yaşaması uğrunda canını qurban verdi".

O, Xiyabaninin ölümü haqqındda onun ən yaxın dostu Hacı Şeyx Həsənəli Miyanəcinin nəvəsinin xatiratını təqdim edir: "Müxbirüssəltənə qiyam və qiyamçıları məhv etmək üçün Təbriz Milli Qvardiyasının rəisi Bağır xan Salarimillinin oğlu Mirzə Hüseyn xan Haşimini (sərtib Haşimi) və Təbriz kazak rəisini razı etdikdən sonra Alaqapıya hücum etməyi əmr etmiş və Xiyabaninin ölüsünü, ya dirisini onun yanına gətirməyi istəmişdi. Onlar belə bir vaxtdan istifadə etmişdilər ki, jandarm və hərbi qüvvələrin çoxu Qaradağda Əmir Ərşədlə müharibəyə göndərilmişdi və Təbrizdə hərbi qüvvələr yox idi. Kazaklar Alaqapıya hücum etdikdə Xiyabani gizlənməyə məcbur olmuş və evinə gəlmişdi. Xiyabaninin yaxın dostlarından biri Sərtibzadə "mən gəlməyincə evdən çıxma" demişdi. Lakin o gəlməmişdi. Xiyabani dörd saat evdə gözlədikdən sonra evdən getməyi qərara almışdı". Şeyx Miyanəcinin nəvəsi deyir: Xiyabani bizim evə gəldikdə nağıl etdi ki, Sərtibzadə məni dörd saat müntəzir qoydu, yoxsa dörd saatda şəhərdən çıxardım. Xiyabani dedi ki, mən çarəni bunda gördüm ki, evin damına çıxıb, dal küçəyə düşəm. Həyat yoldaşım tüfəngimi və bir qatar patronu damdan mənə atdı və sizə gəldim. Şeyx Miyanəcinin nəvəsi deyir: "Mənim babam onu hörmət və mehribanlıqla qəbul etdi. Sonra babam Xiyabaniyə dedi: "İcazə verin, mən Muxbirüssəltənənin yanına gedib, Sizə əmniyyət tələb edim". Xiyabani dedi: "Yox, sən çox yüksək mərtəbəli şəxsiyyətsən, o, çox kiçikdir. Yaraşmaz ki, onun yanına gedib, xahiş edəsən". Babam bir neçə dəfə israr etdikdə o, ayağa durub dedi: "Mən sizi narahat edirəmsə, gedərəm". Babam onu qucaqlayıb öpdü və oturtdu. Xiyabani dedi: "Arxayın ol, mən sənin evində güllə atmayacağam". Sonra Xiyabani Muxbirüssəltənə haqqında danışaraq dedi: "Bu vicdansız həmməsləkə, qonaqsatana mən bir çox təkliflər etdim, o qəbul etmədi. Heç vaxt inana bilməzdim ki, mənim məsləkdaşım belə bir xəyanət etsin. Azərbaycan demokratları həmişə onu müdafiə edərdi və Tehran Dövləti qarşısında deyərdilər ki, qanuni hökumət istəyirsinizsə, onu Azərbaycana göndərin" (Muxbirüssəltənə İran Demokrat Firqəsinin üzvü idi). Mən düşmən qarşısında diz çöküb təslim olmaram. Mən məşrutə övladıyam, mən Babək nəslindənəm".

Şeyx Həsənəlinin nəvəsi deyirdi: "O gecə Xiyabani bizdə qaldı, o, zirzəmidə yatdı. Sabahısı gün günortadan sonra kazaklar bizim evə hücum etdilər, zirzəminin pəncərəsindən onu gördülər; o, yataq paltarında idi. O, silahla özünü müdafiə edə bilərdi. İsmayıl kazak pəncərədən ona bir neçə güllə vurdu. Xiyabani qan içində yıxıldı. İsmayıl kazak zirzəmiyə soxulub, Xiyabaninin qoluna qılıncla zərbə endirdi. Xiyabani düşüb şəhid oldu. Kazaklar Xiyabaninin cəsədini bir nərdivan üstə qoyub, şənliklə Muxbirüssəltənənin yanına apardılar. O: "Aparın, bir yerdə basdırın" - dedi. Azərbaycanın bu böyük şəxsiyyətini belə bir hörmətsizliklə Təbrizin Seyid Həmzə qəbristanında dəfn etdilər.

Xiyabaniniin Azərbaycanda rəhbərlik etdiyi demokratik hərəkatın böyük əhəmiyyəti var. O, az müddət davam etdisə də, ilk dəfə olaraq Təbrizdə demokratik milli rejim yaratdı. O, qəhrəmanlıq və qorxmazlıqda, xalq, vətən uğrunda fədakar olmaqda gələcək nəsillərə örnək oldu. Xiyabani deyirdi: "Əsrimizdə qəbul edilmiş fəlsəfə bundan ibarətdir ki, hər xalq özü özünü idarə etməlidir. Ancaq Tehran bunu dərk etmir, ya da dərk etmək istəmir". Xiyabani həyatı sevmək və gələcəyə ümid etmək haqqında deyirdi: "İstərsənsə həyat səni sevsin, sən həyatı sevməlisən. İnsan elə yaşamalıdır ki, sanki ölməyəcək. Biz dostla düşməni tanımalıyıq, çünki yalançı dost düşməndən daha pisdir".    Mitinq məsələsi İctimai Palatanı qarışdırdı

Xalq Cəbhəsi

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter