English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İNAM TÜRKÇÜLÜYÜ NƏDİR?

İNAM TÜRKÇÜLÜYÜ NƏDİR?

İnsan sevdiyini necə sevir? İnsan sevdiyini gözündə yüksəltməsə, ucaltmasa, ona dəyər verməsə, sevə bilməz. Əsl Əqidədə, Amalda yalnız sevmək gərəkdir, özü də İnamla, İdrakla, Mənəviyyat və İradəylə.

Türkçülük də bir sevgi istər. Bu yolun özülündə duran uca Türk ulusuna, onun Türklük mahiyətinə, Türk irqinə kutsal, sonsuz Sevgi!

Türkçü–Türk insanını, ulusunu və onun Türklük mahiyyətini bütünlüklə sevən, bunu kutsal əqidəyə çevirən, onun yolunda hər cür çətinliklərə, qovğalara dözən, ancaq doymayan, onu həyatının anlamı sayan kimsədir. Türkçü – bir vurğundur, aşiqdir; Türklük adlı bir həqiqətin aşiqi. Türkçülük–Türkü və Türklüyü sevməyin ruhsal yolçuluğudur. Türklüyün sirləriylə dolu, onun ucalığına, kamilliyinə yetmək yolçuluğu.

Türkçülük bir İnam işidir, qaynağıdır. Türkün əzəliliyinə, əbədiliyinə inanıb, dəyər verib onu sevməkdir. Türkü onun gerçəkliyinə bərabər saymamaq, hər an olduğundan uca tutmaq, yüksək görmək işidir. Onun mahiyyətindəki qüdrətə, peyğəmbərliyə, böyüklüyə, igidliyə, dünyaya hər an hava və su kimi gərək olmasına inamdır. İnam qaynağı olmaq – ölməzlikdir.

Türkçülük bir İdrak işidir, düşüncəmizə yön verən, özü haqqında düşüncə yaradan. Türkçülük o qədər qüdrətli bir olaydır ki, idrakımızı onun üzərində kökləyə, onunla dünyanı, həyatı, insanı alğılaya bilərik.

O bir Mənəviyyat yönüdür. Dünyaya türk kimi gəlmək, bu gəlişi bayram saymaq, soyumuzdakı bütün uca özəlliklərimizi ömrümüzün anlamına çevirib sonacan bunun üzərində yaşamaq. Birüzlü, sözübütöv, döyüşkən, qorxmaz, yendiyinin başını kəsməyən Türk! Sona kimi uca türk mənəviyyatına sığınıb uca yaşamaq mutluluğu.

Türk İradəsiylə Türk Ruhu bütünləşir və təsdiq olunur. Türk İradəsini yaradan Türk mənliyidir. Türk məncil deyil, mənlikçidir.  Mənlikçilik mənliyi qorumaq, yüksək tutmaq özəlliyidir. Mənliyin ucalığında görünür, bilinir Türk Vüqarı, Türk İradəsi!

Bu yazıda sunulan İnam türkçülüyü türkçülüyün indiyədək olmayan, yeni səviyyəsidir. Bu türkçülük yaradıldığı yerdə – Azərbaycanda, eləcə də dünyadakı bütün türklər üçün qurtarıcı türkçülük sayılır. Onun yaradıcısı İnam Atadır – Asif Atadır (1935-1997). Türkçülük onun yaratdığı Mütləqə İnam dünyabaxışında xüsusi yer tutur. Mütləqə İnam dünyabaxışı İnam Atanın Türk Peyğəmbəri olaraq öz ulusuna və bütövlükdə bəşərə sunduğu qurtuluş yoludur, harayıdır, peyğəmbərliyin yeni səviyyəsidir.  Bu dünyabaxış 45 kutsal kitabı qapsayır ki, Mütləqə İnam Ocağı onu “On Kutsal Bitiq”də (“On Müqəddəs Kitab”) – on cilddə bir araya gətirib. Kitablar türkcə yazılıb. Onların başlıca ideyası İnsanlaşmaqdır. Fəlsəfəmizə görə, yalnız İnsanlaşmadan sonra əsl bəşər yarana bilər və bütün sorunlar öz çözümünü tapar.

Atamız özünəcən olan türkçülükdən danışarkən onu üç yerə ayırır: ruhani türkçülük, tarixi türkçülük və ideoloji türkçülük. O, ruhani türkçülüyün mahiyyətinin ən çox Azərbaycançılıqda, tarixi türkçülüyünsə Türkiyədə, Osmanlı tarixində ifadə olunduğunu vurğulayır, ideoloji türkçülüyün Ziya Göyalp, Əli bəy Hüseynzadə və Məmməd Əmin Rəsulzadə yaradıcılığında ortaya çıxdığını göstərir. Atanın yaratdığı İnam Türkçülüyü türkçülükdə yeni, indiyədək olmayan olaydır.

Bu çağacan olan türkçülük nəyə dayanıb, nəyin üzərində yüksəlib? Keçmiş türkçülər İslamçılıq və Batıçılıq kimi yad ideologiyaları Türkçülüyə ortaq ediblər. Əslində İslam və batıçılıq türk özümlüyünün, mənliyinin, üzünün, ruhunun niyə ortağı olmalıdır, bunu bilmirik!? Nədən Türkçülük türk insanının ömründə özünün ruhsal və gerçək səlahiyyətini yad dəyərlərlə paylaşmalıdır? Bütün faciəmiz buradan başlanır. Biz sayırıq ki, indiyə kimi bu gedişlərlə türk ulusu qurulmayıb və bundan sonra da yaranmayacaq. Sonuc budur: türk, türkçülük ağacı İslam və Batı meyvəsi yetirib, yenə də bitirməkdə. Bu məsələdə türkçülüyə  sırınan, əlavə edilən qazanıb, türkçülük özü yox! Çünki türk ulusu özümlüyünü, mənliyini, yönünü, ideologiyasını yaratmaq üçün onları başının üzərinə qaldırıb, yad dəyərləri qurtuluş sayıb. Bunun sonucudur ki, Türk insanının, ulusunun yaşam yönünü, yöntəmini İslamçılıq və Batıçılıq bəlirləyir. Belədə türkçülük kəsin olaraq heç bir iş görə bilmir və formallaşır. Ona görə ki, türk onları başından endirmək, zor taxtından düşürmək istəmir. Türkün özüsə İslamın və Batıçılığın ağır yükü altında inildəyir, ölür, “mənliyini, üzünü yaradanlar” onun mənliyini alır, üzsüzləşdrirlər. Beləliklə, Türkün öz üzü itir. Türk dünyaya bənzəməsiylə öyünür. Dünyaya bənzəmək qurtuluşu həm də türkün ölümünü gerçəkləşdirir. O ölümüsə hər kəs görmür.

İndi bütün türk ölkələrində Türkçülük dəyərləndirilmir, millətçiliyə qarşı yad, zərərli, azğın güclər durmadan döyüşürlər. Çünkü türk ölkələrinin içərisi yadlıqlardan oluşub. Yadlıq o qədər güclənib ki, türkçülük türk ölkələrində belə ayaq açıb yeriyə, iş görə bilmir. Millətçiləri, türkçüləri hakimiyyətə yaxın buraxmırlar. Çünki ölkə içindəki yad İslam və Batı dəyərləri qıraqdakı yiyələri tərəfindən  hər an dəstəklənir. Həm İslamın, həm Batıçılığın dünyada öz yiyələri var. Onları var olduqları ölkələrdə qıraqdakı əsl sahibləri, yaradıcıları qoruyur, bunun üçün çoxlu paralar işlədirlər. Əsl sahiblər türklərə   İslamı və Batıçılığı qəbul etdirdikdən sonra, ona adıçəkilən yadlıqlara yiyəlik etmək imkanı veriblər. Ancaq bu sahiblik kölənin köləliyini yaradan bir şeyə yiyəliyi, onu göz bəbəyi kimi qorumasıdır. Türk Türkçülüyün sahibi olmalıdır, onunla özünü qurmalı, yaratmalıdır. Bu sayaq olmazsa, türkün qurtuluşu baş verməyəcək.

Əqidə işi çox çətindir. İnsan yalnız bir əqidənin yolcusu ola bilər. Bir yolun bir ideyası olar. Əski türkçülər Türkçülük, Batıçılıq və İslamçılıq ideyalarını bir araya gətirdilər. Üç şeyi bir arada tutmaq nə deməkdir? Bilməliyik ki, bunların hər üçü özlüyündə ayrı-ayrı, yad yollardır. Nədən bu yadlıqlar türkün ömründə bir-birinə beləcə yaxın oldu? Türk nədən bu yadlıqların içərisinə girməsinə yol verdi? İndi türk hansı ideyanın arxasınca getsin? Özəlliklə türkçülükdən qıraqdakı hər iki yol daha zorlu, ağalıq üçün daha gərəklidir! Türkün bu yolla gedib hansı duruma düşdüyü, nə qazandığı gözlərimiz qarşısındadır. Faciənin içindədir türk! Nədən türkün qurtuluşu yaranmır? Çünki həmin yadlıqlar qoymur! Həm İslamçılıq, həm də Batıçılıq türkün yurdunda öz yadlıqlarını sürdürməkdə, işlərini görməkdədirlər! Türkçülük, türk dəyərlərisə ayaqlar altında inildəməkdə, ölməkdədir. Türk ulusunun bir qisminin qibləsi İslam, bir hissəsinin qibləsi Batı. Türkü öz yurduna bağlayan bir gücsə yoxdur!!! İndiki türkçülüyünsə qiblə olmaq gücü yoxdur! Türkün, Türklüyün qibləsi öz yurdunda yaranmasa, türk soyu varlığını itirəcək! İndi Türkçülük deyilən bir şey varsa, o, əslində İslamçılıq və Batıçılıqla barışan, onunla anlaşan, öz sözü olmayan bir Türkçülükdür. Əgər çağdaş türkçülük bu deyilsə, o zaman yadlıqlardan imtina etsin, belə olmadığını göstərsin!

Bizim türk dünyasına sunduğumuz İnam Türkçülüyü insanlaşmağa dayanır və o həm də İdrak, Mənəviyyat, İradə türkçülüyüdür. Burada başlıca iş türk insanının yaranmasıdır: özünü naqisliklərdən təmizləmiş, öz dünyabaxışı olan, yadlıqlara “yox” deyən, başqalarından ideya dilənməyən, insanlaşan, kamilləşən türk! Peyğəmbəri özündən, ruhu özündən, qibləsi özündən, kitabı özündən! Bu dünyabaxış türkün başqa ölkələrdə müqəddəslik aramasına yol vermir, onun qibləsini öz toprağında yaradır, soydaşımızı türk toprağına bağlayır! Bu böyüklükdə türk dünyasında öpülməyə, səcdəyə topraqmı azdır, yoxsa səcdə ediləsi, öpüləsi insan qəbrimi? Bizlər İnam Atanın sunduğu kimi dünyaya baxır və insanlığımızı təsdiq edir, kamilləşir, yadlıqlarla döyüşür, dünyaya gərək olur, bəşərə öyrətmənlik edirik.

Fəlsəfəmiz çox böyükdür. Burada dünyanın, həyatın, insanın yaranmasından tutmuş əxlaq, iqtisadiyyat, toplum, siyasət və insanlığı düşündürən hər bir şey öz düzgün çözümünü tapır. İnam Ata əsərlərini ilk olaraq türklər, sonrasa bütün insanlar üçün yazıb. Söylədiyimiz kimi, Mütləqə İnam insanlaşma–kamilləşmə fəlsəfəsidir. Türkün insanlaşması onun ulusallığı, türklüyü üzərində gedir, ərəbçilik, Batıçılığa dayanmır, heç bir yadlığa əsaslanmır, ona görə də bu insanlaşma türkə, türkçülüyə sevgi yaradır. Burada Türkçülük İnsançılığa bərabər olur. Türk İnsançılığı həm də bəşərə bir örnək kimi sunulur. İnsanlaşdıqca ulus, onun varlığı, türk insanı daha yaxşı alğılanır. Burada Türkçüdən kamilləşmə istənilir, o kamil olmazsa, Türk ulusu indiki durumdan çıxa bilməz.

Ata fəlsəfəsində İnsana, özəlliklə Türk insanına böyük dəyər verilir, onun bəşərə gərəkliyi vurgulanır. Türk ulusu, irqi bu İnam fəlsəfəsində göylərə qaldırılır, onun bəşərə qurtuluş gətirəcəyinə inanılır, bugünkü dünyanın türk ruhuna möhtac olduğu söylənilir. İnam Ata türk ulusunu peyğəmbərsizlik fəlakətindən, onun yaratdığı İnamsa ulusumuzu din geriliyindən, gərəksizliyindən, anlamsızlığından qurtarır. Ata bizlərə hər zaman Mütləqə İnamın türk inamı, özünün də Türk Peyğəmbəri olduğunu söyləyib. Bu dünyabaxışı yalansız, cəfəngiyyatsız, cənnət-cəhənnəmsiz, qiyamətsizdir, bütünlüklə elmə, fəlsəfəyə əsaslanır və insanlığa düzgün, doğru, mütləq yön verir. Bu dünyabaxışla türklərin başqaları qarşısında şagirdliyinə, tələbəliyinə son qoyulur, o bəşərə müəllimlik etmək haqqına yüksəlir. Azərbaycanda tam 50 ildir İnam Atanın işi ortadadır. Azərbaycan öncəki kimi türk dünyasının ürəyinə çevrilməkdədir. Biz sayırıq ki, Azərbaycan yalnız türk dünyasının yox, dünyanın ruhani mərkəzinə çevrilməkdədir.

İnam türkçülüyündə türk dinçi və batıçı deyil. O, yalnız türkçü-insançıdır. Əgər türkçülük erməniçiliyə, farsçılığa, ingilisçiliyə, yunançılığa, yaponçuluğa... bərabər olacaqsa, o, bizə gərək deyil. Çünki onlarda dünyaya ağalıq istəyi var. Birincisi, dünyanın o çağı deyil, ikincisi, ağalıq çıxış yolu deyil. Biz türkçülər imperiyaçılıq xülyasıyla yaşamırıq. Bəşərə türkün ağalığı yox, atalığı gərəkdir. İnam Ata coğrafi və siyasi anlamda Turançılığı qəbul etmir. Başlıca olaraq türklərin ruhsal birliyini, Ruhsal Turançılığı – İnam, İdrak, Mənəviyyat və İradə birliyini qaçılmaz sayır, indiki türklərdə olmayan. Türklərin Mütləqə İnam ideyasıyla birləşəcəyini ulusumuz üçün tək qurtuluş yolu bilir!

Bizim türkçülüyümüz, ulusçuluğumuz insanlıqdan qıraqda deyil. Millətçiliyi qeyri-insani yönlə yox, insani yönlə təsdiq etmək olar. Çünki insançılıqdan qıraqdakı türkçülük başqa ulusları sevməməyi, öldürməyi, yox etməyi düşünər. Ona görə İnam Ata əmindir ki, türkçülük türkün yaratdığı, insanlaşma fəlsəfəsinə dayanmaqla öz böyük, uca, həqiqi təsdiqini tapa bilər. İndi Azərbaycanda İnam türkçülüyü öz kutsal işini görməkdə, yadlıqlarla durmadan döyüşməkdə. Bizim türkçülüyə baxışımız öncəki, hay-küy, qışqırıq, sözdə türkçülük baxışlarından çox fərqlidir. Fərq özü kəskin qarşıdurma, təzad səviyəsində görünməkdədir. Biz türkçülüyə heç bir yad ideyanı ortaq etmirik, birləşdirmirik, onları türkçülüyün yaradılmasında, var olmasında gərəkli, qaçılmaz dəyərlər saymırıq. Ona görə ki, Mütləqə İnam Türk dünyabaxışının içərisində türkçülük ideyası öz doğru çözümünü tapır.

Bizlərlə başqaları arasında bu kəskin təzadı yaradan nədir? Mütləqə İnam fəsəfəsinin tələblərindən irəli gələn imtina qətiyyəti! Biz yadların hər hansı yaxşılarını dəyərləndiririk, öyrənirik, ancaq ruhumuzun mayasına qatmırıq, ruhumuzu onunla yoğurmuruq. İnamımız bizi qurmaq adıyla yox edən yadlıqlardan, onların verdiyi “ağ günlər”dən imtina edir. İmtina etdiyimizin yerinəsə özümüzün yaratdığımızı qoyuruq. Bizim imtinamız Mütləqdir: ya özümüz olmalıyıq, olmasaq... Olmamaq yoxdur bizdə. Çünki, fəlsəfəmiz ancaq “var olmaq!” ideyası tanıyır. Bizdən qıraqdakı türkçü insanlar türkü, türkçülüyü ancaq tarixdə, kitablarda arayırlarsa, biz özümüz soydaşlarımızın gözü qarşısında türk üçün yeni dəyər yaradır və həm də o dəyərlərlə yaşayırıq.  Bizdən qıraqda – Azərbaycanda və başqa türk ölkələrindəki türkçülük əslində demokratlıqdan başqa bir şey deyil, ona görə ki, bu çağdaş siyasi dünyanın durumuna çox uyğundur. Biz Azərbaycanda, eləcə də  bütün türk dünyasında İnam Türkçülüyündən kamil, yetkin, gələcəkli, türkü qurmaq, yaratmaq gücündə olan türkçülük tanımırıq. Bu ilk baxışda məncillik kimi görünür, əslindəsə belə deyil, başımızın üzərinə qaldırdığımız ideya və bayraq doğrudan da çox böyükdür. Bizim Yolumuz uzun, işimiz ağır, İnamımız Mütləq, İdrakımız güçlü, Mənəviyyatımız vicdanlı və  təmənnasız, İradəmizsə yetərlidir!

Biz türkçülüyə fəlsəfəmizin içərisində baxmaqla onu böyük bir dünyabaxışıyla qoruyuruq, həmin dünyabaxış türkçülüyümüzün özülü, təməli olur. Bununla da türkçülüyümüz din səviyyəsinə qalxır. Türkçülüyə bu sayaq uca baxış harada var? “Din” dediyimiz söz əslində İnamdır və dindən də ucada durur.

İnam türkçülüyü ulus–din qarşılaşmasında  ulusa uca, böyük dəyər verir, ulusu əbədi olay, ulusçuluğu əbədi ideya adlandırır. Dini Ulusun yaşamından, ruhundan silir, yox edir, (çünki din olay kimi ruhsallığa yox, daha çox siyasətə uyğundur və əslində onlar həm birlikdə, həm də ayrılıqda insana qarşıdırlar) onun yerinə Mütləqə İnamı gətirir. İnsanın İnsanlaşaraq Kamilləşməsi və Allahlaşması inamını! Dünyanı, Yaşamı, insanı bu kamil nöqtədən görür və dəyərləndirir Türk. İnsan ulusun özüdür! Ulusal özəllik birincidir, başlıcadır, əzəlidir, əbədidir, onu necə yox edə bilərsən?

Biz sayırıq ki, din heç zaman əbədi olay olmayıb, ola bilməz də! Din ulusdan və insandan sonrakı bir olaydır. Dini uluslar yaradıb, ulusu din yaratmayıb. İndi görün, müsəlmanlığı qəbul etmiş və etməmiş yüzlərlə uluslara, eləcə də uca türk ulusumuza nə sunulur: bütün insanlar Yer üzünə doğulanda islam, müsəlman kimi gəlirlər, ancaq bunu onların özləri bilmirlər. Demə, sözdə ilk insan Adəmdən yüzü bu yana beləymiş!

Güclə insanların beyninə yeridirlər ki, insan dünyaya dinçi kimi – müsəlman olaraq gəlir. Bu boyda yalan nə üçündür? Mən türkəm, yaxşı, nədən indiyəcən müsəlman olduğumu duymamışam? Yaxud məni müsəlman olmağa qoymayan nədir? Cavabım budur – Türklüyüm! Mən türk dünyabaxışı Mütləqə İnamı qəbul etməmişdən öncə bir an da dinçi, müsəlman olmamışam, soyumdam gələn uca ulusal dəyərlər, gələnək və görənəklər əsasında yaşamışam.

İslam min üç yüz ildir ki, türkün içində öz işini görməkdə. Bütün türklər müsəlmanlaşıb, türkün islamacan olan dəyərləri ölüb, islam dəyərləri türkü özündən asılı edib, ərəb dəyərlərinin türkün içinə girməsinə və ona etki göstərməsinə yol açıb. İslam dəyəri ayrıca olaraq göydən düşməyib, o ərəbin dəyərləri üzərində boy göstərib, gəlişib və dünyaya yayılıb. Çünki dəyərin öz sahibi, sahibin də öz hökmü var.

Türk o şeyi özünə dəyər, yol qəbul edib ki, ərəb onunla türkün başını kəsib, əsarətə salıb. Çox faciəlidir.  Gerçəklik odur ki, türk ərəb tərəfindən soyqırıma uğradılıb. Ərəblərin bizə etdiyi soyqırımı unutmaqmı olar? Babalarımızın, nənələrimizin başını kəsiblər, ruhumuza itaət gətiriblər. Baxın, adlarımız hamısı ərəb, müsəlman adları. Əgər müsəlman adı birəbir ərəb adı deyilsə, onda ərəblər də cocuqlarına türkün, farsın, əfqanın... adını qoysun! Müsəlmançılıq – ərəbçilikdir əslində!

Türkcəmizin yarısı ərəb sözləridir. Dünyaya ərəbin baxışıyla, düşüncəsiylə baxırıq. Yaşamımızı onun dediyi kimi qururuq, onun haram saydığını haram, halal saydığını halal sayırıq. Onun dediyi kimi geyinirik. Qadına, kişiyə onun düşündüyü kimi yanaşırıq. Türkün ərəbləşmə dönəmi bitməli, öz əsl əbədi İnam Türkçülüyü mərhələsi başlamalıdır!

Türklər İslamı qəbul etdikdən sonra əslində türklüyü, qardaşlığı, birliyi itirdilər, bir-birinə düşmən kimi baxdılar. Tarixən Osmanlı türkləriylə Azərbaycan türklərini bir-birinə qırdıran şiə-sünnilik olmayıbmı? Özlərinin şiə və sünniliklərini unutmayanlar türk olduqlarını tezcə yaddan çıxardılar. İslam ulus anlayışını aradan çıxardığı üçün indi də türklər özlərini ulus olaraq “müsəlman” adlandırırlar. Vətəndaşımız özünün müsəlman olduğunu bilir, ancaq türk olduğunu anlamır. Qorxulu bir durum yaranıb. Azərbaycanda “müsəlman” sözü “türk” sözünü əvəzləyib, onun qarşılığında işlənir. Dünyada onlarca ulus müsəlman sayılırkən nədən türklər ulus olaraq adlarını “müsəlman” çağırsınlar? Bu onu göstərir ki, türk “islam ümməti” yalanına ürəkdən inanıb, nə yazıqlar ki, indi də inanmaqdadır.

Ulus yaşayacağı üçün onunla ilgili hər şey var olacaq: dili, musiqisi, yazısı, dövləti, ərdəmliyi, gözəlliyi, ruhu, boyu, saçı, gözü... heç nə itməyəcək uca Türk ulusumdan! Biz ona görə varıq ki, hər an ulusdan yapışmışıq, onun varlığında varlığımızı tapmışıq. Ulusumun kökü dərinliklərdə, dünyanın ilk yaranışında. Dinsə dünənki bir olaydır. Bu boyda uca ulusu necə dinə sığışdırmaq, onun içində əritmək olar? Əgər mahiyyətcə türk ulusu, türklük olayı İslamın içinə sığışırsa, bu, türkün kiçilməsindən xəbər verir.

Bu çağa kimi bir çox gedişlər, fəlsəfələr ulusları, o sıradan Türkləri yox etməyə çalışıblar. Sosializm də Sovetlər Birliyində din kimi ulusların özgürlüyünü tanımırdı, onları bir yerə yığaraq qondarma ad vermişdi: “sovet xalqı”! Soysuz, kökü havada olan bir ulus! Ancaq heç kim özünə “sovet xalqı” demirdi, hər ulus öz adıyla bilinirdi.

Batının oyunu olan indiki kürəsəlləşmədə də uluslar yoxa çıxmalı, sınırlar götürülməli, bir mədəniyyət, bir dil... yaranmalıdır! Bu ideyanı ortaya atan Batı dünyasının özündə buna qarşı çıxırlar. Kim öz ölmünü istəyər? Əgər insanlar, uluslar gərəksiz bu ideya üçün öz yoxluqlarına, ölümlərinə razıdırlarsa, onda yurdlarını dünya ağalarına indidən versinlər.

Əslində dinsə sosializmdən və kürəsəlləşmədən öncə ulusu yox etməyə başlayıb. Ancaq nədənsə, “sovet xalqı” kimi “islam xalqı” da yaranmır. Belə bir ulus yoxdur, ola bilməz! Bu sözü siyasi istəklər üçün işlədirlər. İran dünyaya dinlə ağalıq etmək istəyir. İranda nədən “islam ümməti, ulusu” yaranmır? Çünki ilk olaraq fars özü farsçılığından, siyasi hegemonluğundan qurtula bilmir, özü birinci “islam ümməti” olmur, başqa ulusları, özündən iki dəfə çox olan 35 milyon uca türk ulusumu əzir, öldürür. “İslam ümməti” olmaq farslaşmaqdırsa, nədən türk fars olmalıdır? Din daha çox siyasətə gərək olduğu üçün yaşayır, öz gücüylə var ola bilmir.

İnam Türkçülüyündə ulus əzəli, əbədi doğal olaydır! O, labaratoriyalarda yaradılmır! Asif Ata ulus haqqında deyir: “Ulusu Ulus eləyən üç cəhətdir: Etnik Birlik, Mənəvi Birlik, Ərazi Birliyi.

Etnik Birlik - Ulusun yaranması, Həyata gəlməsi, İrqi özəlliklərilə ilgilidir.

Mənəvi Birlik – Dini, Fəlsəfi, Bədii Sərvətlərlə soydan-soya keçən, dayanıqlı Görənək-Gələnəklərlə ilgilidir.

Ərazi Birliyi – Yurd anlayışının coğrafi Anlamıyla, Ulusun yaşadığı bütün məkanı ifadə edir.

Bu üç yönün hər biri əsasdır.”

Biz uca, kutsal Atamızın dediyindən qıraqda ulus tanımırıq.

Bugün türkün ərəblə, farsla, kürdlə və müsəlmanlığı qəbul etmiş bir çox uluslarla etnos birliyi yoxdur. Üstəlik, türkün onlarla dil və ərazi birliyi də yoxdur. Türküm, özünü necə “islam ümməti” saya bilərsən? İslam ümməti olan Türk milləti ola bilməz! Biz buna inanmırıq, qəbul etmirik.

Dinin getdiyi yol – sosializm, kürəsəlləşmə yoludur. Hər üç yol ulusları yoxluğa aparır. Mən sənin yoxluğunu istəmirəm, Türk Ulusum!

Atamız var olsun!

Yolruh ATALI

www.asifata.com

این نشانی پست الکترونیک دربرابر spambot ها و هرزنامه ها محافظت می شود. برای مشاهده آن شما نیازمند فعال بودن جاواسکریپت هستید

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter