English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Qardaş sinəmizdən bir yumruq vurdu, dedi ki, cəhənnəm ol get”

Dr_ Chehrgani_1Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqanlı avqustun 16-da “Media forum” saytının suallarını cavablandırıb.

O, avqustun 15-də oğlu ilə birgə Bakıya gəlib, lakin hava limanından keçə bilməyib və Bakı-Frankfurt reysi ilə geri qaytarılıb.

- Hazırda (Bakı vaxtı ilə saat 16 radələri – red.) Almaniyanın Frankfurt şəhərindəyəm. Burada altı saat da gözləyəcəyik, sonra Amerikaya yola düşəcəyik. Başımıza gələnləri hamı gördü. Bunlar xoş hadisələr deyil. Otuz beş milyonluq Güney Azərbaycan milli azadlıq hərəkatının liderlərindən biri Bakıya gəlir və geri qaytarılır…

Mən hara getməliyəm, haram var? Anlaya bilmirəm. Mənəvi gücə, dəstəyə ehtiyacı olanda Rusiyaya, Moskvaya getməliyəm? Bəlkə Gürcüstana, yaxud Ərəbistana getməliyəm?  Bizim üçün yalnız bir qapı var. Bu da doğma vətənimiz Azərbaycanın qapısıdır. Mən Amerikadan Azərbaycana on səkkiz saat yol gəlmişdim ki, beş-on gün orada qalam, bir qədər dincələm, vətənimin havasını udam, torpağını görəm. Bunun üçün hər şey etməyə hazır idim.

Hətta Sabir Rüstəmxanlıya demişdim ki, əgər hakimiyyət orqanları mənim Azərbaycana gəlməyimdən çox narahat olurlarsa, mətbuat konfransı keçirmərəm, müsahibə vermərəm, siyasi görüşlər keçirmərəm. Amma namərdcəsinə davrandılar. Bakı aeroportuna düşüb keçid məntəqəsinə yaxınlaşdıq, orada oturanlar soruşdular ki, vizanız var? Cavab verdim ki, xeyr, yoxumuzdur. Onda söylədilər ki, Azərbaycana daxil olmağımız üçün dəvətnamə olmalıdır. Mən də bununla razılaşdım. Dərhal Sabir Rüstəmxanlıya zəng vurdum və vəziyyəti bildirdim. Dedi ki, gözləyin, az sonra hava limanında olacam.

On dəqiqədən sonra Sabir bəy gəldi və orada oturanlara dedi ki, nə qədər istəsəniz dəvətnamə verə bilərəm. Amma nə baş verdisə, həmin on dəqiqədə oldu, hər şey dəyişdi. Harasa zəng vurdular, kimlərləsə məsləhətləşdilər və hava limanına gələnlər oldu. Çamadanlarımızı götürdülər və mənə dedilər ki, səni deportasiya edirik, Azərbaycanda qala bilməzsiniz. Bunu namərdcəsinə etdilər. Qardaş qardaşa belə edərmi? Farsın zülmündən qardaşım Azərbaycana, Türkiyəyə pənah gətirdim. Guya bu iki ölkə qardaşdırlar. Ancaq bu, zahirdə belədir. Qorxuram ki, bir gün Azərbaycan və Türkiyənin əlindən fars rejiminə sığınmaq məcburiyyətində qalam, onlara pənah aparam. Qorxuram bundan.

Bir sözlə, başımıza oyun açıblar, biletlərimizi korlayıblar, hava limanında pasportlarımızı Almaniya hava yollarının nümayəndəsinə veriblər. Onlara tapşırdılar ki, Frankfurt hava limanına enənə qədər pasportları bizə verməsinlər. Bizə edilən zülmlər bununla bitməyib. Dərhal şübhələndim ki, burada nəsə var. Frankfurta enəndə məlum oldu ki, çamadanlarımızı Amerikaya göndəriblər, indi özümüz Almaniyadayıq, əşyalarımız isə Vaşinqtona göndərilib. Onları necə tapacağımızı bilmirik. İkincisi, Vaşinqtona qayıtmaq üçü bizə bilet almayıblar. Əslində özümüz avqustun 26-na ora bilet almışdıq, amma bizi geri qaytardıqlarına görə biletimizi dəyişməli idilər. Ancaq dəyişmədilər, bizi aldatdılar. Dedilər ki, biletləri verin dəyişək və verdik. Frankfurta enəndə gördük ki, dəyişməyiblər. Frankfurtda min dollar ödəmişik və çətinliklə biletimizi dəyişdirmişik. On saatdan artıq burada hava limanında qalmışıq. Bütün bunlar xoş deyil.    

- Hava limanında Azərbaycana buraxılmamağınızın səbəbini nə ilə izah etdilər?

- Mənim Azərbaycana buraxılmamağım hava limanı işçiləri arasında böyük mübahisəyə səbəb olmuşdu. Saatlarla mübahisə etdilər, qərara gələ bilmirdilər. Özüm də yaxınlaşıb Azərbaycana buraxılmamağımın səbəbini soruşdum. İçlərində insaflıları da vardı. Rəsmilərdən biri mənə dedi ki, sənin adın İranla Azərbaycan arasında olan anlaşmada var, həmin anlaşma təhlükəsizlik məsələləri ilə bağlıdır. Anlaşmaya əsasən, bəzi azərbaycanlıların İrana, İran vətəndaşı olan bəzi güney azərbaycanlıların da Azərbaycana buraxılmaması, hər hansı fəaliyyətinə imkan verilməməsi qərara alınıb. Onun dediyinə görə, mənim adım həmin anlaşmada var, Azərbaycanda hər hansı bir fəaliyyətimə və ölkəyə daxil olmağıma qəti qadağa qoyulub. Əslində bu mənim üçün yenilik deyildi. Yeddi ildir ki, vəziyyət belədir.

- Mahmudəli bəy, aeroportda neçə saat qaldınız?

- Bakı vaxtı ilə axşam doqquza qalmış endik, səhər saat beşdə deportasiya etdilər. Bu müddətdə böyük əziyyətlər çəkdik, gecələməyimiz üçün bizə heç bir şərait yaratmadılar, heç nə vermədilər. Soyuq oturacaqların üstündə yatmışıq, məni möhkəm soyuq tutub, heç bizə Allahın bir qurtum suyunu da vermədilər. Sanki ora Bakı deyil, İrəvan idi. Bakı aeroportunda üzləşdiklərimiz deportasiya qanunlarına, beynəlxalq öhdəliklərə tam ziddir. Əgər kimisə deportasiya edirlərsə, onu nəzarətə götürürlər, haradasa yerləşdirirlər, yemək-içməyini verirlər, istirahət etmək üçün müəyyən şərait yaradırlar. Dünyanın hər yerində belədir, amma bizimlə elə qəddar davrandılar ki, heç bir beynəlxalq öhdəlikdə yadlarına düşmədi, mümkün olan bütün pisliyi etdilər.

- Xarici İşlər Nazirliyinin rəsmisi deyib ki, Çöhrəqanlıya viza verilməməsi sənədlərinin qaydasında olmaması ilə əlaqədar ola bilər. Azərbaycanın Amerikadakı səfirliyi sizə viza verilməməsini nə ilə izah etmişdi?

- Mənə Azərbaycana buraxılmağımla bağlı söz verilmişdi. Səfirlikdən dedilər ki, sən Azərbaycana daxil olması qadağan edilmiş şəxslərin siyahısında deyilsən. Oradan bildirdilər ki, bir “qara siyahı” var və orada sənin adın yoxdur. Dedilər ki, yalnız “qara siyahı”da olanlar Azərbaycana daxil ola bilməzlər. Mənə söylədilər ki, Azərbaycana daxil olmağa heç bir qadağa qoyulmayıb. Bu dediklərim səfirliklə olan yazışmalarımızda öz əksini tapıb.

Viza verilməməsinin səbəblərinə gəlincə, mənə söylədilər ki, viza verilməsi üçün ən azı on iş günü vaxt lazımdır. Bu müddət bəzən on beş günədək uzanır. Mənim müraciətimdən isə səkkiz iş günü keçmişdi. Lakin söylədilər ki, heç bir problem yoxdur, pasportu qaytarırıq, hava limanına enən kimi viza ala bilərsiniz. Əslində səfirlik əməkdaşları bizə yalan söyləməmişdilər. Azərbaycana gedənlərin əksəriyyəti vizanı aeroportdan alır. Mənim tanıdığım əksər şəxslər belə edir. Mahmudəli Çöhrəqanlı az-çox tanınmış şəxsdir. Necə olur ki, dünyanın bəlkə də ən pis insanlarına viza verilir, amma Mahmudəli Çöhrəqanlını aeroportda saxlayıb, on saatdan sonra geri qaytarırsan?

Mənə təəccüblü gələn işlərdən biri də rəsmi şəxslərin aeroporta gələnlərlə davranışı idi. Məni tanıyanlar görüşmək üçün hava limanına gəlmişdilər. Rəsmilər onlarla namərdcəsinə davranır, qorxuzurdular. Mənimlə şəkil çəkdirənlərin hamısının telefonunu, fotoaparatını alıb, şəkillərini silib qaytarırdılar. Sonrada özlərini təhqir edib hava limanından uzaqlaşdırdılar. Belə rəftarın səbəbini anlaya bilmirəm. Axı bura vətəndir. Bunlar nə namərd insanlardır! Ora təkcə doqquz milyon deyil, əlli milyonluq azərbaycanlının hamısının vətənidir.

- Vaşinqtondan Bakıya gələnədək, yaxud aeroportda gözlədiyiniz on dəqiqədə nə dəyişdi ki, sizi deportasiya etdilər?

- Elə əsas məsələdə bundadır, bununla bağlı geniş yazılmalıdır. Biz pərdənin önünü görürük, amma pərdənin arxası da var, əsas məsələlər pərdənin arxasında qalır. Bir neçə gün öncə televiziyada Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun çıxışını dinlədim. O, açıq formada dedi ki, Türkiyə kürdlərlə birlikdə bölgənin gələcəyini quracaq, təhlükəsizliyini təmin edəcək… Güney Azərbaycan bu planların içində yoxdur. Güney Azərbaycan təhlükədir, məhv olmalıdır, görünməməlidir, millət oyanmamalıdır. Əgər millət oyanarsa, ayağa qalxarsa, inqilab edərsə, müstəqil olarsa, Ermənistan tamamilə məhv olar. Çünki Ermənistan tam olaraq Azərbaycanın mühasirəsinə düşər. 50 milyonluq Azərbaycan türkünün mühasirəsində 3 milyon erməni nə edəcək? Ona görə də imkan vermirlər. ABŞ-da erməni lobbisi, bölgədə Ermənistan, İran, Rusiya imkan vermir. 2006-cı ildə mən Azərbaycanda olanda Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey İvanov İlham Əliyevə zəng etmişdi və demişdi ki, Mahmudəli Çöhrəqanlı təhlükədir, təcili Bakıdan deportasiya edin. Məni dərhal deportasiya etdilər. Biz məzlumuq, Güney Azərbaycan yetimdir, sahibsizdir, heç kəsi yoxdur.

- Bakı aeroportuna enəndə, Azərbaycan torpağına ayaq basanda, havasını udanda nə hisslər keçirdiniz?

- Ümidlə gəlmişdik. Başqa hara gedək, hara var? Dünyada gedə biləcəyimiz bir yer var, ora da Azərbaycandır. Ora Təbrizin qoxusunu almağa gəlmişdim. Bakı Təbrizin qardaşıdır. Təbrizi görə bilmirik, amma onun ətrini Bakıda ala bilərik. Bunun üçün gəlmişdik. Amma imkan vermədilər. İntizarla, həsrətlə, inamla Bakının qapılarını döymüşdük. Lakin qardaş qapıya çıxdı və vurdu, yığdı bizi atdı eşiyə. Qardaşın qapısını döyüb dedik ki, yorulmuşuq, mənəvi gücə, dəstəyə ehtiyacımız var. Qardaş da qapını açıb sinəmizdən bir yumruq vurdu, dedi ki, cəhənnəm ol get.

- Azərbaycana gəlməyə yenidən cəhd edəcəksiniz?

- Mütləq. Mən ölənədək bu sevdadan vaz keçməyəcəm.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter