English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Əhmədinejada qarşı impiçment reallaşa bilər

AZOH: İran hakimiyyəti daxilində çəkişmə nisbətən səngiyib. Ötən həftə mətbuat dini lider Seyidəli Xamneyinin prezident Əhmədinejadı bağışlamasına dair xəbər yaydı. Məlumatda bildirilirdi ki, dini lider adamları prezidentə ağanın mesajını çatdırıblar və bildiriblər ki, müddətinin sonuna qədər işləyəcək. Dini liderin bu cür addım atacağı gözlənilən idi. Çünki dini lider beynəlxalq təzyiqlərin gücləndiyi, müxalifətin fürsət gözlədiyi bir vaxtda ölkədə qarşıdurmanı dərinləşdirmək istəməz, prezidenti istefaya göndərməzdi. Dini liderin əvfindən sonra prezident iş başına qayıtdı. Amma Əhmədinejad iddialı qayıtmışdı. Mayın 8-də Nazirlər Kabinetinin Əhmədinejadın başçılığı ilə keçirilən iclasında bir neçə nazirliyin birləşdirilməsi, nazirliklərin sayının 21-dən 17-yə qədər azaldılması barədə qərar qəbul edilib. Əhmədinejadın təsiri ilə qəbul edilmiş qərara görə, Sənaye Nazirliyi Ticarət, Neft Nazirliyi Energetika, Rifah və Sosial Təminat Nazirliyi Əmək, Məskən və Şəhərsalma Nazirliyi Nəqliyyat nazirlikləri ilə birləşdirilirdi. Prezident mayın 14-də rifah naziri Sadıq Məhsuli, sənaye naziri Əli Əkbər Mehrabiyan və neft naziri Məsud Mirkazımini tutduqları vəzifədən azad edib. Mayın 15-də Əhmədinejad dövlət televiziyasına açıqlamasında Neft Nazirliyinə rəhbərliyi müvəqqəti olaraq öz üzərinə götürdüyünü bildirib. İran parlamentinin prezident Mahmud Əhmədinejadın qərarına münasibəti sərt olub. İyunun 1-də toplanan parlament prezidentin ilə qərarlarına Məhkəmə Sistemində baxılmasına səs verib. Məlumata görə, səsvermə 11 deputatın şikayəti əsasında keçirilib. Onlar Əhmədinejadın Neft Nazirliyi ilə bağlı qərarlarının qanuna və Konstitusiyaya zidd olduğunu irəli sürüblər. Məsələyə İran Məhkəmə Sistemində baxılmasına 165 deputat səs verib. 1 deputat bunun əleyhinə olub, 13 nəfər isə bitərəf qalıb.

Göründüyü kimi dini lider prezidentin əsas səlahiyyətləri ələ keçirmək taktikasını həzm etmir. Üləmalar Məclisinin üzvü, İranın dini lideri ayətullah Seyidəli Xamneyinin Kaşandakı nümayəndəsi, şəhərin cümə namazının rəhbəri ayətullah Əbdülnəbi Namazi mayın 31-də verdiyi açıqlamalarda prezidentin ətrafını kəskin tənqid edib. Əbdülnəbi Namazi deyib ki, Əhmədinejadın ən yaxın adamı, Prezident Aparatının rəhbəri İsfəndiyar Rəhim Məşayi hakimiyyət daxilindəki əksər güc mərkəzlərini öz əlinə keçirib: “Bizə gəlib çatan məlumatlara görə, Məşayi öz yaxın adamlarına növbəti seçkilərdə prezident olmaq niyyətindən danışıb. Ona deyiblər ki, siz prezident olmaq istəsəniz, səlahiyyətinizi ilk növbədə Konstitusiyaya Nəzarət Şurası təsdiq etməlidir. Qurumun rəhbəri ayətullah Cənnəti sizin səlahiyyətinizi mütləq rədd edəcək. Məşayi isə cavabda belə deyib ki, iki ildən sonra ayətullah Cənnəti və ayətullah Xamneyi artıq olmayacaqlar. İndi bilmirik o, cinlərlə əlaqə saxladığına görə belə deyir, ya başqa şeyə görə”. Dini liderin adamları bu tipli açıqlamalarla prezidentin ətrafına nəzarət etmək iqtidarında olmadığını göstərmək istəyir. Siyasi təhlilçilərin fikrincə, dini liderlə prezident Əhmədinejad arasında ixtilaf getdikcə böyüyür və ciddi xarakter alır. Görünür, prezident dini liderin arzuladığı oyuncaq prezident olmaq istəmir. Hər halda Əhmədinejadın son addımları, neft naziri vəzifəsini öz üzərinə götürmək cəhdi bunu deməyə əsas verir. Bir sıra siyasi ekspertlər hesab edir ki, Əhmədinejad bu cür qıcıq doğuracaq addımlarla problemi daha böyütmək, konflikti dərinləşdirmək, cəmiyyətin dəstəyini almaq istəyir. Prezident yaxşı bilir ki, dini lider bundan sonra ona etibar etməyəcək və onu marionet prezident kimi saxlamağa çalışacaq. Böyük ehtimalla, dini lider prezidenti küncə sıxmaqda davam edəcək. Hətta özbaşına addımları davam edərsə, prezidentə qarşı impiçment məsələsi reallaşa bilər.

OLAYLAR

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter