1811 universitet tələbəsi İran prezidentindən Azərbaycan türkcəsinin rəsmiləşdirilməsini tələb edib
İran Azərbaycanı şəhərlərinin universitetlərində təhsil alan 1811 tələbə İran prezidenti Həsən Ruhaniyə müraciət edərək “türkcənin İranda rəsmiləşdirilməsi” və türk dilində təhsilin yolunun açılmasını tələb edib.
Urmiyə, Təbriz, Zəncan, Marağa, Xiyav və Kəleybər şəhərlərinin universitetlərində imzalanan müraciətin mətni və imzaların təsvirini nəşr edən Oyan News veb səhifəsi imzaların toplanmasında əməkdaşlıq edən bəzi tələbələrin təhlükəsizlik qüvvələrinin basqısı ilə üzləşdiyini bildirib.
İran prezidentinə ünvanlanan məktubu 1811 tələbə imzalayıbİran prezidentinə ünvanlanan məktubu 1811 tələbə imzalayıb
Həsən Ruhaniyə iki il öncə seçki kampaniyası zamanı Türk Dili Qurumunun təsisinə dair verdiyi sözlərini xatırladan məktubda “türkcənin rəsmiləşdirilməsi”, “məktəblər və universitetlərdə oxudulması”, “Türk Dil Qurumunun bu dilin uzmanları və sevənlərinin yardımı ilə tez zamanda qurulması”, eləcə də mövcud ayrı-seçkilikləri ortadan götürmək üçün konstitusiyanın icra olunmamış maddələrinin həyata keçirilməsi tələb edilir.
Yayılan məlumata istinadən Urmiyə, Sulduz (Nəğədə) və Parsabad şəhərlərinin Payame Noor universitetlərində toplanan imza vərəqələri universitetlərin təhlükəsizlik bölməsi tərəfindən müsadirə olunub.
Oyan News Ərdəbil vilayətinin Muğan bölgəsində prezidentə məktub kampaniyasının əməkdaşı Atabək Sepehrinin təhlükəsizlik məmurları tərəfindən nəzarət altına alındığına dair məlumat aldığını yazıb.