English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

MTN BAKIDA ŞOK ƏMƏLİYYAT KEÇİRDİ

AZOH: Özünü iki deputatın adamı kimi təqdim edən Elxan Yaqubova məxsus “Planeta” apteklər şəbəkəsindən külli miqdarda narkotik maddə və saxta dərman aşkarlanıb

Dünən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları “Planeta” apteklər şəbəkəsində operativ əməliyyat keçirib. İlk öncə əməliyyat Nəsimi rayonu, Cavadxan küçəsi 30 ünvanında yerləşən “Planeta” aptekində başlayıb. Sonra isə şəbəkəyə məxsus digər apteklərdə də analoji tədbirlər başladılıb. İlkin xəbərlərdə bildirilirdi ki, əməliyyat zamanı aptekdən 20 kiloqram narkotik maddə aşkar edilərək götürülüb. Dünən redaksiyamıza bu haqda məlumat daxil olan kimi göstərilən ünvana yollandıq. Biz ora çatanda aptekin qapısı açıq idi. Aptekə daxil olub nə baş verməsi ilə maraqlanmaq istəyəndə, qapının girişində dayanan şəxslər oranın bağlı olduğunu bildirdilər.

Araşdırmalar zamanı maraqlı məlumatlar əldə etdik. Ətraf binalarda yaşayan sakinlər bildirdilər ki, “Planeta” apteklər şəbəkəsi Göyçay sakini Elxan Yaqubova məxsusdur. Onun Bakıda eyni adda 11 aptekinin fəaliyyət göstərdiyini dedilər. Sakinlərin sözlərinə görə, yaşadıqları binanın yaxınlığında Elxan Yaqubova məxsus “Bioloji Təbabət” klinikası da var. Sakinlər Elxan Yaqubovun almanlarla müştərək işlədiyini söylədilər.

***

Əməliyyatçılar tez-tez sakinlərlə ünsiyyətdə olurdular. Öyrəndik ki, əməliyyatın keçirilməsinə aptekin yaxınlığında yaşayanlar səbəb olublar. Sakinlər dedilər ki, iyunun 16-da saat 10 radələrində MTN-in əməkdaşları aptekə gəliblər. Bunu görən aptek işçiləri əllərində dərman arxa qapıdan qaçmağa cəhd göstəriblər. Sakinlərin müdaxiləsi nəticəsində həmin şəxslər saxlanılıblar və aptekə qaytarılıblar. Sakinlər qeyd etdilər ki, aptekdə saxta və lisenziyasız dərman preparatları satılması haqda MTN əməkdaşlarına məlumat daxil olub və onlar da əməliyyat keçiriblər. Söhbət etdiyimiz şəxslər aptekdə narkotik maddələrin satılması haqda ehtimallar olduğunu bildirdilər. Paralel olaraq paytaxtdakı “Planeta” apteklərində (Əsasən Heydər Əliyev adına sarayın yaxınlığındakı və “Şamaxinka” deyilən ərazidəki apteklərdə) də əməliyyat keçirildiyini deyən sakinlər E.Yaqubovun 2 il öncə narkotikə görə tutulduğunu bildirdilər.

Camaatın sözlərindən məlum oldu ki, onlarla Elxan Yaqubovun arasında dəfələrlə mübahisə olub. Buna səbəb isə E.Yaqubovun ərazidəki 5 mərtəbəli yaşayış binalarının arasındakı boş ərazidə yeni klinika tikmək istəyi olub. Amma bu, sakinlərin etirazı ilə qarşılanıb. Bu səbəbdən də onların arasında insident yaşanıb. Hətta məsələyə bir neçə dəfə polislər də müdaxilə edib. Sakinlər bir ildən çoxdur ki bu mübahisənin davam etdiyini söylədilər.

Qeyd edək ki, E.Yaqubovun klinika tikmək istədiyi ərazidə xeyli sayda ağac var. Camaat dedi ki, E.Yaqubovun adamları bir neçə dəfə həmin ağacları kəsmək istəsə də qarşısı alınıb. Ərazidə tikinti materialları vardı. Məlum oldu ki, materialları aptek sahibi yeni tikintiyə başlamaq məqsədi ilə gətizdirib. Sakinlər E.Yaqubovun həmin ərazidə tikinti aparması haqda aldığı sənədin də saxta olduğunu dedilər: “Biz bu məsələ ilə bağlı prezidentə, Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, Milli Məclisə, Torpaq və Xəritəçəkmə Komitəsinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etdik. Sonuncu iki komitədən cavab verdilər ki, verilən səndə saxtadır. Elxan Yaqubov həmin ərazinin həyat yoldaşı Səbirə xanımın adına sənədləşdirib”.

Sakinlər əlavə etdilər ki, E.Yaqubov onlarla mübahisə edəndə “Azərittifaq”ın İdarə Heyətinin sədri, Milli Məclisin üzvü Eldar Quliyevin və deputat Ülvi Quliyevin adamı olduğunu, həmin şəxslərin onun arxasında durduğunu deyirmiş.

Sakinlər hazırda Elxan Yaqubovla məhkəmədə çəkişdiklərini, işə Nəsimi Rayon Məhkəməsində baxıldığını söylədilər: “Əvvəl o bizi məhkəməyə vermişdi. Biz də onun qanunsuz hərəkətləri haqda məhkəməyə qarşılıqlı iddia ilə müraciət etdik”.

Sakinlər Elxan Yaqubovla bağlı MTN-ə müraciət etmədiklərini, amma bu gün (dünən-red.) əməliyyatçılara onun qanunsuz əməlləri haqda məlumat verdiklərini bildirdilər.

Məlumat üçün bildirək ki, dünən saat 17 radələrində aptekdə hələ də axtarış aparılırdı. Günün sonunda adıçəkilən apteklə əlaqə saxladıq. Oradan əməliyyat keçirilməsi haqda heç nə deməsələr də, bildirdilər ki, hazırda obyekt fəaliyyətini davam etdirir. Əlavə etdilər ki, aptekə Rumiyyə adlı xanım rəhbərlik edir.

Dünən MTN-in mətbuat xidməti ilə əlaqə saxlamaq istəsək də cəhdlərimiz alınmadı.

Bütün mövqeləri çap etməyə hazırıq.

MUSAVAT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter