English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İRAN KAZAN GÖRÜŞÜNDƏN NARAHATDIR

AZOH: Əhmədinejad Serj Sərkisyan və İlham Əliyevlə telefon danışıqları apardı, kreml prezidentlərin iyunun 24-də görüşəcəyini açıqlayıb

Ermənistanda Qarabağa dair Madrid prinsipləri dərc olundu, sənəddə ilginc məqamlar yer alır

Dünən Kremlin mətbuat xidməti Azərbaycan, Rusiya və Ermənistan prezidentləri arasında Kazanda keçiriləcək danışıqların vaxtını açıqlayıb. Məlumatda bildirilir ki, prezidentlər İlham Əliyev, Dmitri Medvedyev və Serj Sərkisyan iyunun 24-də görüşəcəklər. Onlar Kazana Rusiya prezidentinin prizi uğrunda təşkil olunacaq at yarışına baxmaq üçün gedirlər. “Həmin gün baş tutacaq növbəti üçtərəfli görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərinin müzakirəsi planlaşdırılır” deyə, Kreml bildirir.

Rusiya KİV-ləri xatırladır ki, bundan əvvəl rəsmi Moskva Kazan görüşündə əvvəlcədən əldə edilmiş razılaşmaya əsasən Qarabağ münaqişəsinin nizamlanmasının baza prinsiplərini nəzərdən keçirmək planlaşdırılır. Bu sənəd üç ölkə xarici işlər nazirlərinin Moskva görüşündə razılaşdırılıb, tərəflərin bir sıra mühüm məsələlər üzrə mövqelərində yaxınlaşma baş verib. “Prezidentlər isə həmin yaxınlaşmaları nəzərdən keçirəcək və müvafiq qərarlar qəbul edəcəklər” deyə məlumatda bildirilir. Qarabağ danışıqlarının gedişi ilə yaxından tanış olan ekspert isə İTAR-TASS agentliyinə bildirib ki, Kazan görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə əsas prinsiplər təsdiq edilə bilər. “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə əsas prinsiplər” adı altında sənədin imzalanması və ya onun mətninə dair razılaşdırma prosesində əhəmiyyətli irəliləyiş ola bilər" deyə o qeyd edib.

***

Xatırladaq ki, Kazan görüşünün vaxtı ilkin olaraq iyunun 25-i göstərilirdi. Lakin prezidentlər at yarışından əvvəl daha ciddi məsələni-Qarabağ münaqişəsini müzakirə etməyi qərara alıblar. Minsk Qrupuna həmsədrlik edən ölkələrin prezidentlərinin Fransanın Dovill şəhərində verdikləri bəyanatda deyilirdi ki, tərəflər baza prinsiplərini Kazan görüşündə razılaşdırmalıdır və münaqişənin hərbi yolla həllinə cəhd yolverilməzdir. Bu baxımdan Kazan görüşü olduqca kritik əhəmiyyət kəsb edir, təkcə Ermənistan və Azərbaycanda deyil, Qarabağ münaqişəsində bu və ya digər formada maraqları olan ölkələrdə, beynəlxalq qurumlarda və xarici mətbuatda böyük diqqətlə izlənilir. Bir çox yerli və xarici ekspertlərə görə, Kazan görüşü ya müharibə, ya sülh dilemması olacaq. Əgər prezidentlər baza prinsiplərini razılaşdıra bilməsələr danışıqlar prosesində imkanlar tükənəcək və hərbi əməliyyatların başlaması ön plana çıxacaq. Digər məlumatlara görə, Azərbaycan tərəfi də Kazan görüşünü danışıqlar üçün son şans kimi dəyərləndirir və Ermənistanın bu dəfə də qeyri-konstruktiv mövqe tutması halında Qarabağda blits-hərbi əməliyyata əl ata bilər.

Kazan görüşünü digər maraqlı tərəflər kimi İran da diqqətlə izləyir. Dünən yayılan xəbərlərə görə, İran prezidenti Mahmud Əhmədinejad Ermənistan prezidenti Serj Sərkisyan və Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışıqları aparıb. Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı xəbərə görə, Sərkisyan və Əhmədinejad ikitərəfli münasibətlərin inkişafı, qarşılıqlı maraq kəsb edən bir sıra sahələrdə əməkdaşlığın fəallaşdırılması ilə və regional proseslərlə bağlı məsələləri müzakirə ediblər. Telefon danışığının İran tərəfinin təşəbbüsü ilə baş tutduğu bildirilir. Tərəflərin müzakirə etdiyi məsələlər arasında Qarabağ münaqişəsinin adı çəkilmir.

***

Xatırladaq ki, İran prezidenti Mahmud Əhmədinejadın bu ayın əvvəlində Ermənistana gözlənilən səfəri son anda təxirə salınmışdı. Ermənistan prezidentinin mətbuat xidmətinin rəsmi məlumatına görə, tərəflərin razılığına əsasən, təxirə salınmış görüş “daha münasib vaxtda baş tutacaq”. Eyni zamanda məsələni İRNA agentliyinə şərh edən İran prezidenti administrasiyasının əlaqələr və informasiya şöbəsi rəhbərinin müavini Məhəmməd Həsən Salehi Maram Mahmud Əhmədinejadın səfərinin təxirə salındığını qəbul edən tərəfin səfər zamanı təqdim ediləcək sənədlərin vaxtında hazırlaya bilmədiyi ilə izah edib. Lakin Ermənistan mətbuatında belə ehtimallar dolaşırdı ki, Əhmədinejad Kazanda imzalanması gözlənilən Qarabağ razılaşmasına görə səfərini təxirə salıb. Belə ki, münaqişə bölgəsində, o cümlədən Azərbaycanın İranla sərhəd işğal edilmiş rayonlarında beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsini də nəzərdə tutan həmin sənəd Tehranla razılaşdırılmayıb və bundan xəbər tutan Əhmədinejad son anda İrəvana səfərini təxirə salıb.

***

Azərbaycan prezidentinin mətbuat xidməti isə bildirir ki, Əhmədinejad bazar günü İlham Əliyevlə də telefon danışığı aparıb. Rəsmi məlumatda telefon söhbəti zamanı ikitərəfli əlaqələr, regional təhlükəsizlik və terrorizmlə mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparıldığı bildirilir, Qarabağ münaqişəsi barədə söz açılmır. Lakin təxmin etmək çətin deyil ki, Əhmədinejadın eyni gündə Sərkisyan və Əliyevlə apardığı telefon danışıqlarının əsl səbəbi məhz Qarabağ, konkret olaraq Kazan görüşü və orada imzalanması ehtimal edilən Madrid prinsiplərinin son variantı kimi tanınan sənəddir. Belə görünür ki, İran bu görüş və orada əldə edilə biləcək razılaşma ilə bağlı narahatdır. İran bir neçə dəfə müxtəlif səviyyələrdə bəyan edib ki, öz sərhədləri yaxınlığında sülhməramlılar mandatı altında xarici qüvvələrin yerləşdirilməsinə imkan verməyəcək. Eyni zamanda İran münaqişənin nizamlanmasında rol almaq üçün dəfələrlə təşəbbüs qaldırıb. Şübhəsiz ki, Qarabağ münaqişəsinin nizamlanması sülhməramlıların yerləşdirilməsi məsələsi ilə yanaşı digər istiqamətlərdən də İranı yaxından maraqlandırır. Tehran bu münaqişənin nizamlanmasından sonra regionda vəziyyətin necə dəyişə biləcəyini hesablayır. İstəyir ki, münaqişənin nizamlanmasında onun da maraqları nəzərə alınsın. Lakin sülhməramlılar məsələsində İranın mövqeyi aydındır və tərəflərə mesajdır. Görünür, İranın narahatlığını bilərək Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun sülhməramlılar məsələsinin razılaşdırıldığı barədə açıqlamasını İrəvanda tez-tələsik təkzib etməyə çalışdılar, bildirildi ki, bu məsələ son üç ildə danışıqlarda müzakirə edilməyib. Əgər Kazanda ehtimal olunan razılaşma İranı narazı salarsa, Tehran prosesi pozmaq üçün öz nəzarətindəki rıçaqlara əl ata bilər. İranın həm Dağlıq Qarabağdakı separatçı erməni qüvvələri, həm İrəvanda əlaqələri var. Qeyd edək ki, İran Azərbaycanın öz ərazilərini işğaldan azad etmək üçün hərbi əməliyyatlar keçirməsini də öz maraqlarına təhlükə sayır. İran ordusunun rəhbərlərindən biri bu ilin əvvəllərində demişdi ki, Qarabağda hərbi əməliyyatların başlamasından istifadə edərək İrana müdaxilə hazırlığında olan xarici qüvvələr var.

***

AŞ PA sədri Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 24-də Kazanda keçiriləcək növbəti görüşündə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müqavilə imzalanacağına ümid edir. “Trend” in məlumatına görə, bunu AŞ PA sədri Mövlud Çavuşoğlu dünən qurumun yay plenar sessiyasının ilk iş günündə keçirdiyi mətbuat konfransında deyib. “Rusiya prezidenti Dmitri Medvedyev bu görüşə sədrlik edəcək. Heç kim prezidentlərin bu görüşündə münaqişənin həllinə dair müqavilənin imzalanmamasına sevinə bilməz. Biz bu kontekstdəki irəliləyişlərdən məmnunluq hissi keçiririk”, - Çavuşoğlu deyib. Rusiyadakı Siyasi Konyunktura Mərkəzinin eksperti Maksim Minayev isə day.az portalına nizamlama prosesi ilə bağlı vəziyyəti şərh edərkən deyib ki, Qarabağ məsələsinin həllində yaxın vaxtlarda heç bir prinsipial irəliləyiş gözlənilmir. Onun sözlərinə görə, münaqişənin nizamlanmasının baza prinsipləri hələ sülh sazişi deyil, real sülhə nail olmaq üçün detallar üzrə ağır danışıqlar aparmaq lazımdır: “Əgər tərəflər Kazanda bu prinsipləri razılaşdıra bilsələr, o zaman nizamlama prosesi yeni güc qazanacaq, bu zaman danışıqlar İrəvan-Moskva-Bakı formatında aparılacaq, Minsk Qrupu isə formal rol oynayacaq”. M.Minayevə görə, münaqişənin həlli üçün iplər Moskvanın əlindədir və Minsk Qrupunun rolu məhduddur.

***

Bu arada Ermənistanda Kazan görüşündə müzakirəyə çıxarılacaq sənədi-Madrid prinsiplərini dərc ediblər. Müxalifyönlü “Aykakan jamanax” qəzetində dərc olunmuş sənəd 2007-ci ilə olan variantdır, bildirilir ki, o vaxtdan bu yana sənəddə bəzi redaktələr və düzəlişlər edilib. Sənəd 6 bənddən ibarətdir. 1-ci bəndə görə, Dağlıq Qarabağın yekun statusu Dağlıq Qarabağ əhalisi (Dağlıq Qarabağ Muxtar Vilayətində yaşamış bütün xalqların nümayəndələri nəzərdə tutulur - 1988-ci il proporsiyası üzrə) arasında keçiriləcək plebisitdə müəyyən olunacaq. 2-ci bənd keçid dövrü üçün Dağlıq Qarabağın statusunu nəzərdə tutur. Dağlıq Qarabağ özünə aid məsələlərin müzakirəsi zamanı ATƏT-in sessiyalarında müşahidəçi kimi iştirak edə, dövlət kimi tanınmaq şərti qoyulmayan beynəlxalq təşkilatlara qoşulmaq, xarici ölkə və beynəlxalq təsisatlardan yardım almaq hüququ qazanır. 3-cü bəndə görə, erməni qüvvələri Dağlıq Qarabağ ətrafındakı ərazilərdən çıxarılır. Bu zaman Kəlbəcər müvəqqəti olaraq beynəlxalq komissiyanın nəzarətinə verilir. Bu komissiya müntəzəm olaraq Kəlbəcər ərazisində monitorinq aparacaq, orada məskunlaşan ermənilər köçməyə həvəsləndiriləcək, azərbaycanlı qaçqınlar isə sülh razılaşmasının imzalanmasından sonra Kəlbəcərə qayıda biləcək. Həmçinin məhdud erməni kontingenti yekun sülh müqaviləsi imzalanana qədər Kəlbəcərdə, beynəlxalq komissiyanın müəyyən etdiyi ərazidə qalacaq. 4-cü bənd Ermənistanla Dağlıq Qarabağın dəhlizlə birləşməsini nəzərdə tutur. Bu dəhlizin statusu Dağlıq Qarabağ üçün müəyyən edilmiş aralıq statusla eyni olacaq, bölgənin yekun statusu müəyyən ediləndə isə ona uyğunlaşacaq. 5-ci bənd məcburi köçkünlər və qaçqınların əvvəlki yaşayış yerlərinə qayıtmasını, 6-cı bənd bölgəyə sülhməramlı qüvvələrin gətirilməsini ehtiva edir. Sənədə əsasən, Dağlıq Qarabağa veriləcək aralıq statusa əsasən bölgədə yerli hakimiyyət orqanları, məhkəmələr formalaşacaq. Bölgəyə birbaşa xarici yardımlar göstəriləcək. Sənəddən məlum olur ki, baza prinsipləri dörd ayrı komissiyanın yaradılmasını nəzərdə tutur. Bu komissiyalardan biri Dağlıq Qarabağda referendumun keçirilməsinin detallarını işləyib hazırlamalıdır. İkincisi, Laçın dəhlizinin gələcək statusunu işləməlidir. Üçüncü komissiya Kəlbəcər rayonunun bütünlüklə Azərbaycana qaytarılmasını işləyib hazırlamalıdır. Dördüncü komissiya isə baza prinsiplərindən irəli gələn digər məsələləri müzakirə etməlidir.

MUSAVAT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter