Marağa Universitetinin türkcə-farsca dərgisinin nəşrinə qadağa qoyulub
Dörd ildir Şərqi Azərbaycan vilayəti Marağa Universitetində nəşr edilən Elin adlı “türkcə-farsca öyrənci dərgisi”nin nəşrinə bir illik qadağa qoyulub.
Universitet Nəşrlərinə Nəzarət Komitəsi Elin dərgisinin nəşrinə qadağa qoymaqla bərabər dərginin direktoru Milad Balsininin universitetin İntizam Komitəsinə göndərilməsinə də qərar verib.
Nəzarət Komitəsinin Milad Balsini adına unvanladığı məktuba istinadən, dərginin məzmunu ilə bağlı komitə tərəfindən bəzi qeydlərin dərgi məsullarına bildirilməsinə baxmayaraq, dərgi öz istiqamətində fəaliyyət göstərməyə israrla davam etdiyi üçün nəşrin dayandırılmasına, direktorun isə intizam komitəsinə göndərilməsinə dair qərar çıxarılıb.
Yayılan məlumatda Marağa millət vəkili Mehdi Davatgərinin Elin dərgisindən şikayət etdiyi qeyd edilib. Mehdi Davatgəri İran Parlamentində Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvüdür.
Dörd il öncə fəaliyyətə başlayan Elin - “Marağa Bilimyurdunun Türkcə-Farsca Öyrənci Dərgisi”ində dərc edilən yazılar ümumiyyətlə tarix, kimlik, ədəbiyyat, ana dili və azlıq hüquqları mövzularında olub.