İranda ən çox körpə ölümü Qərbi Azərbaycan vilayətində baş verir
Qərbi Azərbaycan Sosial Rifah Təşkilatının sədr müavini Pərvin Məhəmmədpuri İranda ən çox körpə ölümünün bu vilayətdə baş verdiyini açıqlayıb.
Bu haqda İLNA (Iranian Labour News Agency) agentliyi məlumat yayıb.
Mətbuata məlumat verən xanım Məhəmmədpurinin söylədiklərinə istinadən, vilayətdə körpə ölümlərinin təqribən 50 faizi genetik pozulmaları nəticəsində ortaya çıxır.
O, körpə ölümünü azaltmaq istiqamətində evlilik və hamiləlik öncəsi və hamiləlik zamanında maarifləndirmə və tibbi-genetik məsləhət verməyin zəruri olduğunu vurğulayıb və qohum evliliyinin təhlükələrindən danışıb.
Güneyli qadın haqları fəalları Azərbaycan vilayətləri və türklərin yaşadığı digər bölgələrdə savadsızlıq səviyyəsinin, xüsusilə qadınlar arasında yüksək olduğunu önə çəkərək bu bögələrdə qadınların qarşılaşdığı müxtəlif sosial problemlərə dair ailələrin türk dilində maarifləndirilməsinin gərəkli olduğunu vurğulayırlar.
2014-ci ildə Qərbi Azərbaycan vilayəti təhsil idarəsinin sədr müavini vilayətdə yaşı 6-dan çox olan əhalinin 20 faizini təşkil edən 563 min nəfərin savadsız olduğunu və onların 67 faizinin (375 min nəfər) qadınlardan ibarət olduğunu açıqlamışdı.
Mərkəzi Urmiyə olan Qərbi Azərbaycan vilayəti İranda savadsızlıq səviyyəsinin ən yüksək olduğu vilayətlərdən biridir.