English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Öyrənçi mi yoxsa Öyrənci mi?- Yasir rəncbəri(savalan

Azərbaycan Türkcəsində hansı daha doğru?

Ana dilimiz azərbaycan Türkcəsinin sözləri Türk kökənli sözlər və Alınma Sözlər deyə iki yerə bölünür.

Bunların yazılışında çox düzgün olmalıyıq. Hər dilin gözəlliyi və dəyəri onun özlüyündədir. Türkcəmizi qorumaq üçün, alınma sözləri -istər özgə dillərdən olsun, istərsə də Türk dilinin başqa qollarından- Azərbaycan Türkcəsinin süzgəcindən keçirdib yazmalıyıq.

Türkiyənin “Türk Dil Qurumu”nun Türk dilinin bütün qollarına olan olumlu etkisi danılmazdır. Bu olumlu etkinin Azərbaycan Türkcəsini də qapsaması sözsüzdür. Ancaq burada bir qonunu da önəmsəməliyik, o da getdikcə Türk dili qollarının dilbilgisi baxımından özəlləşməsidir. Azərbaycan Türkcəsi də Türk dilinin önəmli qollarından olaraq sürəc boyunca özəl bir dilbilgisi`nə yiyələnmişdir. Bu üzdən bütün alınma sözlər bu dilin qurallarına sığışdırılaraq qullanılmalıdır.

Aşağıdakı əklər azərbaycan türkcəsində(eləcədə başqa türkcələrdə) etkin olan əklərdən sayılır. Bu əklər, Türk dilinin başqa qollarından aldığımız sözləri Azərbaycan Türkcəsinin süzgəcindən keçirtməkdə işimizə yarayacaqdırlar.

Azərbaycan Türkcəsində öyrənçi mi yoxsa öyrənci mi?, öyrədim mi yoxsa öyrətim mi?,… . bunları aşağıda dartışacağıq.

İlk öncə Azərbaycan Türkcəsinin bu qonuyla ilgili olan incə- qalın, dodaqlanan- dodaqlanmayan və cingiltisiz(kar)- cingiltili adlı önəmli qurallarını öyrənməliyik.

Azərbaycan türkcəsinin 32 səsindən doqquzu(9) səsli və qalan iyirmi üçü(23) səssizdir. Səslilər(müsəvvit) təkliyində səslənə bilən və səssizlər(samit) isə təkliyində səslənə bilməyən səslərə deyilir. səslilərin deyişində boğazdan çıxan hava axını(cəryan) ağızda və boğazda heçbir nəyə ilişmədən ağızdan çıxır. ancaq səssizlərin deyişində boğazdan çıxan hava axını bir və ya neçə ilişməyə toxunaraq ağızdan çıxır.

Səssizlərin bölməsi:

A) “cingiltisiz(kar)” və “cingiltili” səssizlər:

1. cingiltisiz səssizlər: bu səssizlərin deyişində səs telləri titrəmir və səs eşidilmir.

Dilimizdəki kar səssizlər(9 dənə) bunlardır:

“ç, f, h, x, k, p, s, ş, t ”.

2.cingiltili səssizlər: bu səssizlərin deyişində isə səs telləri titrəyir və səs eşidilir.

Dilimizdəki cingiltili səssizlər(14 dənə) bunlardır:

“b, c, d, g, ğ, j, q, l, m, n, r, v, y, z ”.

Səslilərin bölməsi:

A) “qalın” və “incə” səslilər:

1. qalın səslilər: dilin geriyə çəkilmiş durumunda çıxan səslilərə qalın səslilər deyilir. Bu səslilərin deyişində dil arxa tayda yuxarı qalxır və səs qalın çıxır.

Türkcəmizdəki qalın səslilər bunlardır:

“a, ı, o, u”.

Örnək: a/ azərbaycan, ı/ dırnaq, o/ oğlan, u/ ulduz.

2. incə səslilər: dilin irəliyə sürülmüş durumunda çıxan səslilərə isə incə səslilər deyilir. Bu səslilərin deyişində dilin qabaq tayı ön damaqda qalır və səs incə çıxır.

Türkcəmizdəki incə səslilər bunlardır:

“e, ə, i, ö, ü”.

Örnək: e/ elçi, ə/ əlcək, i/ dəniz, ö/ ölkə, ü/ türk.

B) “dodaqlanan” və “dodaqlanmayan” səslilər:

1. dodaqlanan səslilər: dodaqların yuvarlaq və büzülmüş durumunda çıxan səslilərə yuvarlaq vəya dodaqlanan səslilər deyilir. Bu səslilərin deyişində dodaqlar büzüşüb və irəli uzanır. Demək bu səslilər dodaqların ortaqlığıyla deyilir.

dodaqlanan səslilər bunlardır:

“o, ö, u, ü”.

2. dodaqlanmayan səslilər: dodaqların düz və yayılmış durumunda çıxan səslilərə isə düz vəya dodaqlanmayan səslilər deyilir. Bu səslilərin deyişində dodaqlar öz doğal durumlarında qalırlar. Demək dodaqlar bu səslilərin söylənişinə qatılmırlar.

dodaqlanmayan səslilər bunlardır:

“a, e, ə, ı, i”.

İndisə sözügedən qonuyla ilgili olan əkləri incələyək.

ıcı4 əki: (ıcı,ici,ucu,ücü)

Türkcəmizdə “ıcı4” əki edən(fail, iş görən) düzəldici əkdir. bu ək sözün son səslisinin incə- qalın və dodaqlanan- dodaqlanmayan olmasından asılı olaraq 4 çeşitdə yazılar. Bu ək yalnız “eyləm kökü”nə qoşula bilər. “ıcı4” əki Azərbaycan Türkcəsi ilə Türkiyə Türkcəsində ortaqdır. demək, hər iki Türkcədə bir biçimdə qullanar. Bu əkin qoşulacağı sözcüyün sonu səsli ilə bitdikdə ək ilə sözcük arasında bitişdirici “Y” hərfi artırılar. Başqa sözlə, sözcüyün sonu səsli ilə bitdikdə “ıcı4” əki yerinə “yıcı4” əki yazılar. quruluşunda “ıcı4” əki olan sözcüyü tanımaq istəyərsək, “ıcı4” yerinə “an/ən” əkini artdıqda, sözcüyün anlamı dəyişilməməlidir.

aşağıdakı örnəklərdə “ıcı4” əki sözcük quruluşunda işlənmişdir:

eyləm Kökü + ıcı4:

A) sözün sonu səssizlə bitdikdə:

- Yazmaq=> yaz + ıcı = yazıcı = (yazan).

- Bilmək=> Bil + ici = bilici = (bilən).

- Yormaq=> yor + ucu = yorucu (yoran).

- Sürmək=> sür + ücü = sürücü (sürən).

- Bölmək=> böl + ücü = Bölücü (bölən).

- Öyrətmək=> öyrət + ici = öyrədici (öyrədən).

- Yönəltmək/yönətmək=> yönəlt/yönət + ici = yönəldici/yönədici (yönəldən/yönədən).

*Uyarı: “T” hərfi azərbaycan Türkcəsində birinci hicadan sonrakılarda iki səsli arasına düşsə, “D” hərfinə çevrilər(et və get eyləmlərindən başqa). eləcə “T” hərfi bir səsli və bir cingiltili səssiz -ən çox sunur “M,N,L,R,Y” səssizlər- arasına düşdükdə də “D” hərfinə çevrilər. ad düzəldici “ım4” əki də belədir. Bu qurala dayanaraq, “öyrətmək” sözünün kökü olan “öyrət” sözünə “ım4” əkini artırarsaq, düzələn sözcük “öyrədim” olmalıdır. Ama türkiyə Türkcəsində belə deyildir və “T” hərfi iki səsli vəya bir səsli ilə bir sunur səssiz arasına düşdükdə “D” hərfinə çevrilməyir. Bu üzdən Azərbaycan Türkcəsində olan “öyrədim, öyrədici, yönəldici/yönədici, düzəldici, …”, Türkiyə Türkcəsində “öğretim, öğretici, yöneltici/yönetici, düzeltici,…” biçimində deyilir.

*dəniz dərgisinin 10-cu sayısındakı “Azərbaycan Türkcəsinin Dilbigisi ,1.ci bölüm” adlı yazımda sözcüklərin son hərfi eləcədə “T” hərfinin “D” hərfinə dönüşməsi qapsamlı biçimdə açıqlanmışdır.

Beləliklə “Öyrənmək” eyləmliyinin(məsdər) kökü “öyrən” olduğundan dolayı, bu sözcüyə “ıcı4” əkini artırarsaq, düzələn sözcük “öyrənici” biçimində olmalıdır. Türkiyə Türkcəsində də qural belədir. “öğrenici” sözü, “öğrenmek” sözünün kökünə “ıcı4” qoşulmaqla düzəlmişdir.

B) sözün sonu səsli ilə bitdikdə:

- Daşımaq=> daşı + yıcı = daşıyıcı (daşıyan).

- Yerimək=> yeri + yici = yeriyici (yeriyən).

- Qorumaq=> qoru + yucu = qoruyucu (qoruyan).

- Sürümək=> sürü + yücü = sürüyücü (sürüyən).

- oxumaq=> oxu + yucu = oxuyucu(oxuyan)

* Uyarı: sürücü sözünün kökü “sür”, sürüyücü sözünün kökü isə “sürü” dür.

* Uyarı: bu bölümdə bitişdirici “Y” hərfi artırılmazsa, iki səslidən biri düşər və “ıcı4” əki, “yıcı4” yerinə “cı4” biçiminə dönüşmüş kimi görülər. Örnəyin “oxuyucu” kimi sözlər arada “oxucu” biçimində də yazılır. Demək, “oxu” sözü ilə “ucu” əkinin arasında bitişdirici “Y” hərfinin artırılmadığından, səslilərdən biri düşmüşdür. “sonu səsli kök” ilə “ıcı4” əki arasına bitişdirici “Y” hərfi artırılmadıqda, “sür” və “sürü” kimi köklərdən düzələn sözcük, köklərin ayrımlı olduğuna baxmayaraq yalnız “sürücü” biçimində olacaqdır. bu qarışıqlıqlar ortaya çıxmasın deyə sonu səsli ilə bitən sözlərə “ıcı4” əkini qoşduqda, üstdəki örnəklər kimi bitişdirici “Y” hərfi artırılmalıdır.

Çı4 əki: (çı,çi,çu,çü)

Azərbaycan Türkcəsində “Çı4” əki peşə, inanış, durum,… düzəldici bir əkdir. bu ək Azərbaycan Türkcəsində sözün son səslisinin incə- qalın və dodaqlanan- dodaqlanmayan olmasından asılı olaraq 4 çeşitdə yazılar. Bu ək “ıcı4” əkinə baxmayaraq, həm “ad” və həm “eyləm kökü”nə qoşularaq söz düzəldər. Azərbaycan Türkcəsində bu ək, qoşulacağı sözcüyün son səssizinə bağlı deyildir və yalnız son səslisindən asılı olaraq “çı4” biçimində işlənər. “çı4” əki Azərbaycan Türkcəsində olduğuna baxmayaraq, Türkiyə Türkcəsində “çı4” və “cı4” biçimində işlənər. Türkiyə Türkcəsində peşə düzəldici ək, sözcüyün sonu cingiltisiz(kar) səssizlə bitsə, “çı4” , səsli və cingiltili səssizlə bitərsə, “cı4” deyə ikiyə ayrılar. Türkiyə Türkcəsində bu əklərin düzəldicilik baxımından heçbir fərqləri yoxdur. Beləliklə Azərbaycan Türkcəsində “cı4” deyə bir əkimizin olmadığını görürük. Peşə düzəldici əki Azərbaycan Türkcəsində “çı4”, Türkiyə Türkcəsində isə “çı4/cı4” əkidir. Ayrıca bunu da artıraq, birsıra sözlərdə eyləm kökünə qoşulan “man/mən” əkləri də peşə düzəldici ək olaraq işlənirlər, örnək olaraq: öyrətmən, çevirmən, uzman, … ama qonuyla ilgili olmadığından ona girişmədik.

Aşağıdakı örnəklərdə Azərbaycan Türkcəsindəki “çı4” əki və Türkiyə Türkcəsindəki “çı4/cı4” əki sözcük quruluşunda gətirilmişdir.

AD + çı4:

Az Türkcəsi: Dil + çi = dilçi.

Tr Türkcəsi: Dil + ci = dilci(L hərfi cingiltilidir).

Az Türkcəsi: Yazı + çı = yazıçı.

Tr Türkcəsi: Yazı + cı = yazıcı(yazılışı ıcı4 əki qoşulan yaz+ıcı ilə qarışdırılır).

Az Türkcəsi: Odun + çu = odunçu.

Tr Türkcəsi: Odun + cu = oduncu(N hərfi cingiltilidir).

Az Türkcəsi: Bölük + çü = bölükçü.

Tr Türkcəsi: Bölük + çü = bölükçü(K hərfi cingiltisizdir).

Eyləm Kökü + çı4:

Az Türkcəsi: dilənmək=> dilən + çi = dilənçi.

Tr Türkcəsi: dilenmek=> dilen + ci = dilenci(N hərfi cingiltilidir).

Az Türkcəsi: güləşmək=> güləş + çi = güləşçi.

Tr Türkcəsi: güreşmek=> güreş + çi = güreşçi(Ş hərfi cingiltisizdir).

Az Türkcəsi: öyrənmək=> öyrən + çi = öyrənçi.

Tr Türkcəsi:öğrenmek=> öğren + ci = öğrenci(N hərfi cingiltilidir).

Az Türkcəsi: savaşmaq=> savaş + çı = savaşçı.

Tr Türkcəsi: savaşmak=> savaş + çı = savaşçı(Ş hərfi cingiltisizdir).

Görüldüyü kimi Azərbaycan Türkcəsində “öyrənmək” sözünün kökü olan “öyrən” sözünə “çi” artırmaqla “öyrənçi” sözü düzəlir. Türkiyə Türkcəsində olan “öğrenci” sözü isə, “öğren” sözünə peşə düzəldici “ci” əkini artırmaqla düzəlmişdir.

Son söz olaraq vurğulamalıyam, Türkiyə Türkcəsində səssizlərin Azərbaycan Türkcəsinə baxar səslilərlə yanaşı sözcük quruluşundakı etkisi daha çoxdur. Bu üzdən Türkiyə Türkcəsində bir çox əklər səslilərin incə- qalınlıq və dodaqlanan- dodaqlanmayanlığı ilə yanaşı səssizlərin cingiltili- cingiltisizliyindən də asılıdırlar.

örnək olaraq: Azərbaycan Türkcəsindəki iki çeşitli sürə bildirici və dil tanımlayıcı “ca/cə” əki qoşulacağı sözcüklərin yalnız son səslisinə bağlıdır. Bu əklərin Azərbaycan Türkcəsində iki çeşitli olduğuna baxmayaraq Türkiyə Türkcəsində sözcüklərin son hərfinin səsli və səssizliyindən asılı olaraq 4 çeşitlidir. Belə ki sözcüyün sonu səsli və cingiltili səssizlə bitərsə “ca/ce” biçimində, cingiltisiz səssizlə bitərsə “ça/çe” biçimində işlənməlidir. Azərbaycan Türkcəsində kiçiltmə və oxşama anlamlı ad düzəldici “ça/çə” deyə bir əkimiz də vardır. Bu ək də Azərbaycan Türkcəsinin açıqladığımız “ca/cə” əki kimi, Türkiyə Türkcəsində sözcüklərin son hərfinin səsli və cingiltili səssiz olduğunda “ca/cə” biçimində, cingiltisiz səssiz olduğunda isə “ça/çe” biçimində işlənər. görüldüyü kimi Azərbaycan Türkcəsində sürə bildirici və dil tanımlayıcı ək “ca/cə” əki, kiçiltmə və oxşama anlamlı söz düzəldici ək isə “ça/çə” əkidir. bu əklər düzəldicilik baxımından bir- birindən ayrımlı əklər sayılırlar. Ama Türkiyə Türkcəsində “ca/ce” ilə “ça/çe” əkləri həm sürə bildirici və dil tanımlayıcı, həmdə kiçiltmə və oxşama anlamlı söz düzəldici əkdirlər.

bütövlüklə belə deməliyik; Azərbaycan Türkcəsindəki “çı4, ca/cə, ça/çə, cıl4, cıq4, …” kimi “C,Ç” səssizləri ilə başlanan əklər, qoşulacağı sözcüklərin yalnız son səslisinə bağlıdırlar. Ama bu əklər Türkiyə Türkcəsində qoşulacağı sözcüklərin son hərfinə bağlı olduğundan dolayı, sözcüyün son hərfi səsli və cingiltili səssiz olduğunda əklər “C” ilə, cingiltisiz(kar) səssiz olduğunda isə əklər “Ç” ilə başlayar.

Yasir rəncbəri(savalan)

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter