English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

AZƏRBAYCAN ERMƏNİSTANI SÜLH MÜQAVİLƏSİ ÜZƏRİNDƏ İŞLƏMƏYƏ ÇAĞIRDI

AZOH: Xarici işlər naziri Elmar Məmmədyarov danışıqlarda yeni taktika təklif etdi, prezident isə Madrid prinsiplərinin artıq gündəmdə olmadığını bildirir

İlham Əliyevdən Sərkisyana sərt cavab: “Xocalı qırğını törədən vəhşilər özləri müharibədən qorxa-qorxa, əsə-əsə bizi hədələyir”

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Rusiya prezidenti Dmitri Medvedyev tərəfindən təqdim olunan yeni təkliflərin İrəvan və Bakıda müzakirə olunduğu bir vaxtda Azərbaycan xarici işlər naziri danışıqlarda yeni taktika təklif edib. Rusiyanın “İnterfaks” agentliyinə müsahibəsində Elmar Məmmədyarov Ermənistanı baza prinsiplərinin tam razılaşdırılmasını gözləmədən yekun sülh müqaviləsi üzərində işə başlamağa çağırıb. Xatırladaq ki, indiyədək vasitəçilər tərəflərin əvvəlcə münaqişənin nizamlanmasının baza prinsiplərini razılaşdırmasına, daha sonra ikinci mərhələyə keçərək bu prinsiplərin əsasında yekun sülh müqaviləsi üzərində işə başlamasına nail olmağa çalışırdı.

Danışıqlarda yaranmış mövcud vəziyyətə əsasən, tərəflər baza prinsiplərini xeyli ölçüdə razılaşdıra biliblər, ancaq bəzi məqamlarla bağlı ziddiyyətlər qalmaqdadır. Bura Dağlıq Qarabağın yekun hüquqi statusunu müəyyən edəcək səsvermə və onun keçirilməsinin detalları da daxildir. Rusiya, Azərbaycan və Ermənistan prezidentləri iyunun 24-də Kazanda apardıqları danışıqlarda bu ziddiyyətləri aradan qaldıra bilməyiblər. Lakin Rusiya prezidenti həmin görüşdən az sonra münaqişəyə dair yeni təkliflər hazırlayıb və öz xarici işlər naziri vasitəsilə tərəflərə göndərib. Ermənistan və Azərbaycan prezidentləri təkliflərə tezliklə cavab verəcəklərini vəd ediblər.

“Xoş məram varsa...”

Lakin Azərbaycan xarici işlər naziri bildirir ki, danışıqlarda artıq müəyyən proqress əldə edilib və bunun əsasında rahat şəkildə yekun sülh razılaşması üzərində işə başlamaq olar. Rəsmi Bakının İrəvanla sülh müqaviləsinə dair danışıqlara nə vaxt başlamağa hazır olduğu barədə suala nazir “Elə bu gün” cavabını verib. Məmmədyarov deyib ki, bir çox KİV-lərin yazdıqlarının əksinə olaraq Kazanda irəliləyiş əldə edilib. “Ermənistanla Azərbaycan heç bir piar aparmadan, isterikasız, sakit şəkildə danışıqları davam etdirməlidir. Bundan əlavə, Azərbaycan 2010-cu ilin yanvarında Soçi görüşündə ifadə olunmuş mövqeyində qalır: biz bu vaxta qədər razılaşdırılmış məsələlərin əsasında yekun sülh müqaviləsi üzərində işə başlamağa hazırıq. Başa düşürük ki, hələ razılaşdırılmayan elementlər var. Lakin onlar istənilən halda yekun sülh müqaviləsində də öz əksini tapmalıdır. Ona görə də əgər xoş məram varsa, gəlin ləngimədən danışıqların növbəti mərhələsini gözləmədən sülh müqaviləsi üzərində işə başlayaq” deyə, E.Məmmədyarov bildirib.

Belə təxmin etmək olar ki, Məmmədyarov Dağlıq Qarabağda keçiriləcək səsvermənin detallarına dair mövcud olan ziddiyyətlərin də yekun sülh müqaviləsinə dair danışıqlarda müzakirə edilməsini təklif edir. Çünki həm vasitəçilər, həm tərəflər bildirir ki, hazırda danışıqlar masası üzərinə qoyulan baza prinsipləri kimi tanınan 6 səhifə yarımlıq sənəd sülh müqaviləsi deyil. Sülh müqaviləsini ancaq bu sənəd razılaşdırılıb başa çatdırılandan sonra onun əsasında işləyib hazırlamaq mümkün olacaq. Lakin baza prinsiplərinin razılaşdırılmasının uzanması danışıqların daha çox həlledici sayılan ikinci mərhələsinin də başlamasını uzadır. İşğal edilmiş ərazilərdən erməni qüvvələrinin çıxarılmasının qrafiki, sülhməramlıların tərkibi və hansı mövqelərdə yerləşməsi kimi mühüm detallar məhz bu mərhələdə razılaşdırılmalıdır.

Prezident danışıqlarda yeni məqamları açıqladı

Xəbər verildiyi kimi, iyulun 12-də prezident İlham Əliyev də Nazirlər Kabinetində keçirdiyi müşavirədə Qarabağ danışıqlarına dair geniş bəyanatla çıxış edib və bir sıra detalları ictimaiyyətə açıqlayıb. Prezidentin çıxışından və onun danışıqlarda yeni situasiya yarandığı barədə bəyanatından bəzi məqamları dərc etmişik. İ.Əliyev onu da bildirib ki, son vaxtlar Minsk Qrupuna həmsədrlik edən ölkələr olduqca böyük fəallıq göstərir. O, Kazan görüşü ərəfəsində Fransa və ABŞ prezidentlərinin telefon və məktub diplomatiyası barədə xatırladıb. Bildirib ki, Kazan görüşündən sonra ABŞ dövlət katibi Hillari Klinton ona məktub göndərib. Daha sonra Azərbaycan dövlət başçısı onunla telefon danışığı aparıb. Xarici işlər naziri isə fransalı həmkarı ilə müzakirələr aparıb (Qeyd edək ki, H.Klintonun məktubu və Azərbaycan prezidenti ilə telefon danışığı barədə rəsmi qaynaqlar bu vaxta qədər xəbər yaymamışdı).

Prezident 2004-cü ildə başlayan Praqa prosesi, onun nəticəsi olaraq ortaya çıxan, ümumi məzmunlu bir neçə abzasdan ibarət Madrid prinsipləri barədə xatırladıb. Bildirib ki, 2009-cu ilin sonlarında həmsədr ölkələr tərəflərə həmin prinsiplər əsasında yeni sənəd-yenilənmiş Madrid prinsiplərini təqdim edib. 2010-cu ilin yanvarında Soçidə Rusiya prezidentinin vasitəçiliyi ilə keçirilən görüşdə Azərbaycan birmənalı şəkildə bildirib ki, yenilənmiş Madrid prinsiplərini qəbul edir. “Bir daha demək istəyirəm ki, bu prinsipləri biz yazmamışdıq. Bu prinsipləri biz, necə deyərlər, icad etməmişdik. Bu, Amerika, Fransa və Rusiyanın birgə təqdim etdikləri və uzun illər üzərində çalışdıqları prinsiplər idi. Ermənistan tərəfi bu prinsipləri qəbul etmədi və ondan sonra demək olar ki, danışıqlarda müəyyən durğunluq yarandı. Çünki növbəti görüş altı aydan sonra, 2010-cu ilin iyun ayında Sankt-Peterburqda keçirildi” deyə, İ.Əliyev bildirib. Dövlət başçısı deyib ki, Ermənistan bu təklifləri qəbul etməyəndən sonra danışıqlarda yeni təkliflər verilməyə başlanıb: “Bəzi hallarda bu təkliflər danışıqların mahiyyətinə və son yeddi il ərzində apardığımız danışıqların əsas prinsiplərinə dəyişiklik edib. Ona görə biz indi yeni vəziyyətlə üzləşirik”.

İ.Əliyev bildirib ki, Dağlıq Qarabağın hüquqi statusunun müəyyən edilməsi 2009-cu il prinsiplərində əksini tapmışdı və deyilirdi ki, bu məsələ gələcəkdə Azərbaycanla razılaşdırılmış şəkildə həllini tapa bilər: "Məhz ona görə mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, Dağlıq Qarabağın Azərbaycandan ayrılması, Dağlıq Qarabağa müstəqilliyin verilməsi, yaxud da Ermənistana birləşməsi heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq. Nə Azərbaycan rəhbərliyi, nə Azərbaycan xalqı heç vaxt bunu qəbul etməyəcək". Prezident Ermənistan rəhbərliyinin, o cümlədən Serj Sərkisyanın son çıxışlarına da reaksiya verərək deyib ki, bu çıxışlar onların əsl niyyətini göstərir: “Bizə qarşı müharibə aparan, azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini aparan, Xocalı soyqırımını törədən vəhşilər indi yenə də Azərbaycanı müharibə ilə hədələyirlər. Özləri müharibədən qorxa-qorxa, əsə-əsə bizi müharibə ilə hədələyirlər”. Azərbaycan prezidentinin bu çıxışından sezmək çətin deyil ki, danışıqlarda yeni vəziyyəti Medvedyevin son Qarabağ təklifləri yaradır. Digər tərəfdən, bu təkliflər Azərbaycanın maraqlarına uyğun deyil və Bakı 2009-cu ildə həmsədrlərin təqdim etdikləri prinsipləri daha məqbul sayır. Ona görə də Azərbaycan tərəfinin Medvedyevin təkliflərinə cavabının müsbət olmayacağı ehtimal edilə bilər.

Həmsədrlər Bakıya gəlir

Danışıqlarda müşahidə edilən hərəkətlilik bu gün Minsk Qrupu həmsədrlərinin regiona növbəti səfəri ilə davam edəcək. Həmsədrlər səfərə Bakıdan başlayacaq. Dünən isə ATƏT-in fəaliyyətdə olan sədri, Litva xarici işlər naziri Audronyus Ajubalis Minsk Qrupunun həmsədrləri Bernar Fasye, Robert Bradtke və İqor Popov, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiklə görüşüb. Ajubalis Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda irəliləyişin əldə olunması üçün Minsk Qrupu həmsədrlərinin səylərinə dəstəyini ifadə edib və vətəndaş cəmiyyətinin etimadın möhkəmləndirilməsi tədbirlərinin həyata keçirilməsinə daha çox cəlb edilməsinə çağırıb. “Bu, münaqişənin həllinə öz töhfəsini verəcək və cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsinə yardım edəcək”, - deyə o bildirib. Minsk Qrupunun həmsədrləri Ajubalisi iyunun 24-də Kazanda keçirilən prezidentlərinin üçtərəfli görüşü barədə məlumatlandırıblar. Onlar habelə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərini və ilin sonunadək keçirilməsi planlaşdırılan danışıqlarla bağlı təşəbbüsləri müzakirə ediblər. Vaşinqtonda isə xarici işlər naziri Sergey Lavrov Medvedyevin yeni Qarabağ təkliflərini prezident Barak Obama və dövlət katibi Hillari Klintonla müzakirə edib. İyulun 17-də Azərbaycan xarici işlər naziri Moskvaya səfər edəcək və rəsmi Bakının həmin təkliflərə dair cavabını çatdıracaq.

Amerikalı ekspert: “Danışıqlar şəffaf aparılsın”

ABŞ-ın Corc Vaşinqton Universitetindən Avrasiya, Şərqi Avropa və Rusiya araşdırmaları İnstitutunun direktoru Kory Velt isə “Amerikanın səsi”nə açıqlamasında deyib ki, onun fikrincə, hazırda Rusiyada prezident administrasiyası Dağlıq Qarabağ konfliktini həll etməyə xeyli səmimi münasibət bəsləyir: “Düşünmürəm ki, prezident və onun xarici işlər naziri ciddi olmasaydılar, məsələyə bu qədər enerji, vaxt və resurs sərf edərdilər. Dmitri Medvedyev bu məsələyə artıq o qədər kapital sərf edib ki, əgər prosesdə irəliləyiş olmasa, bu, Medvedyevin imicinə zərbə vurar. O mənada ABŞ və Rusiya həll yolları axtarmaqda eyni mövqedən çıxış edirlər. Əlbəttə, sual ondan ibarətdir ki, Rusiya bu prosesdən hansı nəticələri gözləyir. Prosesin sonrakı mərhələlərində ABŞ və Rusiya arasında da fikir ayrılıqları meydana çıxa bilər. Hələlik isə bu, ikinci dərəcəli məsələdir. Belə ki, vasitəçilər prosesi irəliyə aparmağa can atırlar”.

K.Velt deyib ki, danışıqlarda əsas ixtilaf nöqtələrinin nədən ibarət olduğu barədə dəqiq danışmaq çətindir. Çünki proses uzun müddət əsassız şəkildə ictimaiyyətdən gizli saxlanılıb. Hər iki tərəf pərdədən istifadə edərək bir-birini günahlandırır. “Zənnimcə, başlıca ixtilaf nöqtəsi Dağlıq Qarabağın yekun statusdur. Bu regionun müqəddəratını kimlər necə müəyyən edəcək? Bu məsələ üzərində razılığa gəlinmədən paket formatlı müqavilə mümkün deyil. Yaxşı olardı ki, proses şəffaflaşdırılsın və bu, dalandan daha tez çıxışa imkan yaradardı” deyə, amerikalı ekspert bildirir.

MUSAVAT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter