Xoyda qaz balonu partlaması nəticəsində 13 vətəndaş həlak olub
Keçən həftə Qərbi Azərbaycan vilayətində yerləşən Xoy şəhəri civarında qaz balonunun partlaması üzündən ortaya çıxan yanğın nəticəsində ölənlərin sayı artmaqdadır. Hadisələrin gedişatı ölənlərin yaxınları, əhali, media və ictimai fəalların yerli dövlət qurumlarına qarşı etiraz səsləri ucaltmasına yol açıb.
Ey camaat bilin, bunların qatilləri ələnən (açıq şəkildə) məsullardır, bəxşdardır (rayonun icra başçısı), xəstəxana sədridir, fərmandardır (Xoyun qubernatoru).
İRNA xəbər agentliyi bildirir ki, Xoyun Şorik kəndində baş verən yanğında xəsarət alan 24 kəndlidən azı 13 nəfər Urmiyə, Təbriz, İsfahan və Tehran xəstəxanalarında həyatlarını itirib.
Dəfn mərasimindən yayılan bir videoda ölənlərin yaxınları bəzi məsulları, o cümlədən səhiyyə qurumunun başqanı, icra başçısı və Xoy qubernatorunu istefa etməyə çağırırlar. “Ey camaat bilin, bunların qatilləri ələnən (açıq şəkildə) məsullardır, bəxşdardır (rayonun icra başçısı), xəstəxana sədridir, fərmandardır (Xoyun qubernatoru)..,” deyə bir kəndlinin sözləri yaydığı videoda eşidilir.
Qaz balonlarından istifadə bəzi hallarda qəzalara yol açır.
Fars xəbər agentliyinin yayımladığı ətraflı reportajda kəndin şəhərə uzaqlığı, kənd yolunun düzgün olmaması, Qərbi Azərbaycan vilayəti və ona yaxın vilayətlərdə yanğından ağır xəsarət alanların dərman edilməsi üçün uyğun xəstəxana və yetərli təchizatın mövcud olmaması, xəsarət alanların dərman üçün digər vilayətlərə göndərilməsinin gecikdirilməsi kimi səbəblər üzündən ölənlərin sayının yüksək olduğu qeyd edilib.
“13 vətəndaşın ölümündən kim məsuldur?” deyə sualın yer aldığı reportajda vilayətin mərkəzi Urmiyədə yanğından xəsarət alanlara uyğun xəstəxananın mövcud olmaması və kəndlərdə böhran idarəçilyinin yararsızlığına diqqət cəlb edib.
Türk fəallar, eləcə də, Azərbaycan vilayətlərində fəaliyyət göstərən yerli jurnalistlər və ictimai xadimlər Azərbaycan vilayətlərinin ilkin sosial və məişət imkanlarından məhrum olduğunu bu hadisənin əsas səbəbi kimi önə çəkirlər.
voa