Türkiyə Qarabağ nizamlanmasında beynəlxalq səyləri dəstəkləyir
İyulun 18-də Türkiyə Xarici İşlər Nazirliyində ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüş olacaq. Bu barədə Azərbaycanda səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu iyulun 15-də Bakıda keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, Ankara münaqişənin nizamlanması üzrə beynəlxalq səyləri dəstəkləyir.
Öz növbəsində, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Qarabağ münaqişəsinin nizamlanmasına dair danışlqlar prosesi barədə öz həmkarını məlumatlandırıb.
“ATƏT-in Minsk Qrupunun üzvü və böyük regional oyunçu kimi Türkiyəyə nizamlanmaya dair danışıqların gedişi barədə məlumat verilməlidir”, o qeyd edib.
E.Məmmədyarov ümidvar olduğunu bildirib ki, danışıqların intensivləşdirilməsi konkret nəticələrin əldə olunmasına, əsasən problemin mərhələli həllinə, Azərbaycanın işğalda olan ərazilərinin azad edilməsinə imkan verəcək.
Bu gün erməni snayperin açdığı atəş nəticəsində azərbaycanlı zabitin həlak olması barədə məlumatı şərh edən Məmmədyarov deyib ki, Ermənistandakı müəyyən qüvvələr münaqisənin nizamlanmasına dair danışıqların intensivləşdirilməsini istəmir.
Öz növbəsində Çavuşoğlu qeyd edib ki, “erməni tərəfinin bu cür təxribatı sülh prosesinin sürətləndirilməsinə xidmət etmir, əksinə Ermənistanın özünə də ziyandır”.
Ankara münaqişənin BMT TŞ-nin qətnamələrinə uyğun olaraq Azərbaycanın beynəlxalq aləmdə qəbul edilmiş sərhədləri çərçivəsində nizamlanmasına tərəfdardır.
İkitərəfli münasibətlərə toxunan nazirlər bildiriblər ki, regional əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Məmmədyarov bildirib ki, avqustda Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin görüşü olacaq. Məqsəd “Şimal-Cənub” nəqliyyat dəhlizinin reallaşmasının müzakirəsidir.
Digər tərəfdən, Bakı-Tbilisi-Qars dəmir yolunun tezliklə açılışı Azərbaycan və Türkiyənin tranzit imkanlarını genişləndirəcək.
Çavuşoğlu qeyd edib ki, “İpək Yolu” layihəsi Azərbaycanı mühüm nəqliyyat qovşağına və beynəlxalq ticarət mərkəzinə çevirir.
Onun fikrincə, Rusiya yüklərin Cənubi Avropaya daşınması üçün Bakı-Qars yolundan istifadə edə bilər.
voa