English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

YAPONİYADA ATOM ELEKTRİK STANSİYASI PARTLADI

AZOH: Misli görünməmiş zəlzələ və sunami ölkəni cəhənnəmə döndərib; güclü radiasiya sızması başlayıb; Yer kürəsi öz oxundan kənara çıxıb

Yaponiyada martın 11-də baş vermiş şiddətli zəlzələ və onun nəticəsində meydana gələn sunami ölkəni daha bir fəlakətlə üz-üzə qoya bilər. Dünən zəlzələdən və sunami dalğalarından zərər görən "Fukusima-1" atom elektrik stansiyasında (AES) partlayış baş verdiyi məlum olub. Xəbərlərə görə, stansiyanın reaktorlarından birinin divarı dağılıb, ətrafa güclü radiasiya sızması başlayıb.

Yaponiya hökuməti partlayış faktını təsdiqləsə də reaktorun salamat qaldığını açıqlayıb. Buna baxmayaraq stansiyanın soyutma sistemi sıradan çıxıb, AES-də idarəolunmayan nüvə reaksiyası başlayıb. Son məlumatlara görə, soyutma sistemində istifadə olunan hidrogen qazı partlayıb, ağ tüstü ilə müşayiət olunan partlayış nəticəsində AES-in bir neçə əməkdaşı yaralanıb. Radiasiyanın səviyyəsi artmağa başlayıb.

AES-dən onlarla kilometr məsafədə yaşayan əhali evakuasiya olunur, stansiyanın yerləşdiyi rayonda insanlara evlərdən çıxmamaq və pəncərələri bağlı saxlamaq tapşırılıb. Əvvəlcə təhlükə olub ki, reaktorda təzyiqin artması nüvə partlayışına səbəb ola bilər. Lakin mütəxəssislər bir neçə saata təzyiqi aşağı sala biliblər, reaktorun partlaması təhlükəsinin aradan qalxdığı açıqlanıb. Bununla belə ətrafa güclü radiasiya sızmaqda davam edirdi. Stansiyanın içərisində radiasiya fonu adi normadan minlərlə dəfə çox olub. Atmosferə radiasiya buludu yaranıb və Rusiyanın Uzaq Şərq sahillərinə doğru istiqamət alıb. Rusiyanın rəsmi məqamları Yaponiyadan yaranan radioaktiv buludun Kamçatka yarımadasına tərəf hərəkət etdiyini təsdiqləyiblər.

Partlayış baş vermiş AES-in yaxınlığında yerləşən "Fukusima-2" AES-də də vəziyyət ciddi idi. Stansiyanın soyutma sistemində problem yaranıb, suyun temperaturu qalxıb, ətraf qəsəbələrdə yaşayanlara evlərini tərk etmək tapşırılıb.

Xəbər verildiyi kimi, Tokiodan 373 kilometr məsafədə yerləşən Miyaqa əyalətində baş vermiş zəlzələnin gücü Rixter şkalası ilə 8,9 bala çatıb. Bu, son 150 ilin ən güclü zəlzələsidir. Zəlzələ nəticəsində Yaponiya arxipelaqı 2,4 metr yer dəyişib, Yer kürəsi isə öz orbitindən 10 santimetr kənara çıxıb. Zəlzələnin dağıdıcı gücü 600 atom bombasının dağıdıcı gücünə bərabər olub. Yeraltı təkanlar nəticəsində Sakit okeanda sunami yaranıb və dalğaların hündürlüyü 10 metrə çatıb. Nəhəng dalğalar qarşısına keçən hər şeyi silib-süpürüb. Nə qədər adamın öldüyünü müəyyənləşdirmək çətindir. Yaponiya hökuməti hələlik təbii fəlakətin miqyasını müəyyən etməyə çalışır. Bununla belə artıq minlərlə adamın öldüyü yəqinləşib. Minlərlə insan isə itkin düşmüş sayılır. Yaponiya hökuməti rəsmi olaraq 1000-ə yaxın insanın öldüyünü təsdiqləyir. Zəlzələ o dərəcədə güclü olub ki, paytaxt Tokioda binalar təkanlar dayanandan sonra da daha bir neçə dəqiqə titrəyib. Hökumətin bildirdiyinə görə, zəlzələ baş vermiş şimal-qərb əyalətlərində 4 minə yaxın bina dağılıb, yüzlərlə iri yanğın baş verib.

Dünya ölkələri fəlakətlə bağlı Yaponiyaya kömək barədə müzakirələr aparır. Zəlzələ nəticəsində Azərbaycan vətəndaşlarının zərər çəkdiyinə dair məlumat yoxdur. Azərbaycanın Yaponiyadakı səfirliyindən verilən məlumata görə, bu ölkədə 50-yə yaxın azərbaycanlı yaşayır, onların əksəriyyəti Tokiodadır və salamatdır. 15 nəfər isə başqa əyalətlərdə yaşayır, mobil rabitədə problemlər yarandığı üçün onların vəziyyəti barədə məlumat almaq mümkün olmur.

MUSAVAT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter