English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Tunis, Misir…, indi də Azərbaycan

AZOH: ABŞ-ın yüksək vəzifəliləri bir-birinin ardınca Bakıya xəbərdarlıq bəyanatları verdi

Amerika Birləşmiş Ştatları Mərkəzi Asiya və Qafqaz dövlətlərini Yaxın Şərq olaylarından ibrət dərsi almağa və islahatları sürətləndirməyə çağırıb.

ABŞ Mərkəzi Asiya və Cənubi Qafqaz dövlətlərini Yaxın Şərq olaylarından ibrət dərsi almağa və islahatları sürətləndirməyə çağırıb. BBC-nin xəbərinə görə, ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi Robert Bleyk bu regionlarda demokratik dəyişikliyin sürətinin az olduğundan narahatlıq ifadə edib.

BBC redaktoru Firdevs Robinsonun şərhində deyilir: “Tunis, Misir, Yəmən... İndi də Səudiyyə Ərəbistanı və Azərbaycan. Avtoritar rejimlərə malik ölkələrdə xalq çıxışları dalğası artmaqdadır. Siyasətçilər və şərhçilər ümumi təhlükələrə diqqət çəkirlər. Geniş yayılmış korrupsiya, şəffaflığın olmaması, söz azadlığına və əsas hüquqlara qarşı təpkilər, yüksək işsizlik səviyyəsi üstəlik informasiya texnologiyalarının cəmiyyətə artan təsiri vəhdət şəklində etirazların vüsət almasına şərait yaradır”.

Bildirilir ki, sözügedən regiondakı avtoritar rejimlərin rəhbərlərinə ən son xəbərdarlığı Birləşmiş Ştatların dövlət katibinin Cənubi və Mərkəzi Asiya üzrə yardımçısı Robert Bleyk edib. O, Konqres dinləmələri zamanı deyib ki, ABŞ ərəb ölkələrindəki üsyanlardan istifadə edərək Mərkəzi Asiya dövlətlərini demokratik islahatlara başlamağın vacibliyinə inandırmağa çalışır. Diplomat ABŞ-ın bu ölkələrin iqtidarlarını gənclərin arzu və istəklərinə qulaq verməyə, korrupsiya kimi məsələlərlə ciddi məşğul olmağa səslədiyini deyib.

Şərhçilər də Amerika diplomatiyasının keçmiş sovet məkanında fəallaşmasını qeyd edirlər. Mərkəzi Asiya və Qafqazda bir sıra dövlətlərin xalq narazılığının ifadəsi qarşısında qeyri-sabitlik girdabına düşə biləcəkləri real hesab edilir. Bu ölkələrdə korrupsiya geniş bərqərar olub, onlar bir ailə tərəfindən uzun müddətdir ki, idarə olunurlar və gənclər arasında işsizlik kəskin problemdir. Burada iqtidara qarşı narazılıq olsa da sərt təhlükəsizlik sistemi, güclü polis aparatı və internet istifadəçilərinin nisbətən az olmasına görə region ölkələrində Misirsayağı inqilabın mümkünlüyü aşağı sayılır. Lakin hətta aşağı səviyyədə qeyri-sabitlik ehtimalı görünür və bu da nəinki bu ölkələrin liderlərini, hətta onların əsas müttəfiqi ABŞ-ı da narahat edir.

Xəbər verildiyi kimi, Bakıda martın 11-də bir qrup gənc fəal “Böyük xalq günü” aksiyası keçirib və sosial şəbəkələr üzərindən təşkil edilən bu aksiya hakimiyyətdə fövqəladə narahatlığa səbəb olub. (Ardınca da Müsavat Partiyasının mitinqi oldu - red.) Dünya mediası da Bakıda gənclərin aksiyasından və polisin keçirdiyi həbslərdən geniş süjetlər yayıb. Bu aksiya ərəb inqilablarının dalğasının Bakıya qədər gəlib çatdığı barədə şərhlərə səbəb olub. Misir və Tunis inqilablarını canlı yayımlayıb dünyanın diqqətini bu ölkələrdə baş verənlərə yönəldən “əl-Cəzirə” kanalı da Bakıya reportyor qrupunu göndərib, telekanal martın 11-də və dünən Bakıdan geniş süjetlər verib. Xəbərlərə görə, ərəb inqilabları ilə bağlı Birləşmiş Ştatlar Yaxın Şərqdəki və Mərkəzi Asiyadakı avtoritar rejimlərlə idarə olunan müttəfiq ölkələrini islahatlara sövq etmək üçün hərəkətə keçib.

ABŞ müdafiə naziri Robert Geytsin Misir və etirazların davam etdiyi Bəhreynə səfər edəcəyi bildirilir. Dövlət katibi Hillari Klintonun isə martın 15-dən 17-dək Misir və Tunisdə səfərdə olacağı açıqlanıb. O, həmin ölkələrin müvəqqəti hakimiyyətlərini demokratiyaya keçidi sürətləndirməyə çağıracaq.

Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Qordon isə Konqresin Nümayəndələr Palatasının müvafiq alt komitəsində çıxışı zamanı Cənubi Qafqaz ölkələrinin Avropa kontekstində gələcəyi ilə bağlı danışarkən deyib ki, ABŞ bu ölkələrdə demokratik islahatların sürətlənməsinə səy göstərir.

“Biz Avropa sülh, çiçəklənmə və demokratiya zonasını genişləndirərkən bir sıra mühüm nəticələr əldə etmişik, lakin bundan heç də az mühüm olmayan problemlər qalır. Avropanın "başa çatdırılması" işi hələ yarımçıqdır. Biz bu məqsədə çatmaq üçün Avropadakı tərəfdaşlarımızla işləyirik. ABŞ Azərbaycan, Moldova, Ukrayna, Gürcüstan və Ermənistanın Avropa Şərq Tərəfdaşlığı təşəbbüsünə daxil edilməsini dəstəkləyir, bu ölkələrdə demokratik islahatlar, təhlükəsizlik və stabillik üzərində işləyir" - deyə diplomat bildirib

Yeni Müsavat

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter