English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

QARABAĞ DANIŞIQLARINDA ŞÜBHƏLİ GƏLİŞMƏLƏR

AZOH: Ermənistan iki azərbaycanlı hərbi əsiri qaytarır; həmsədrlər Bakıda, Ərdoğan Moskvada nəyi müzakirə edir?

Prezident İlham Əliyev: “9 yaşlı uşağı qətlə yetirənlərə biz necə etimad göstərə bilərik?”

Azərbaycanla Ermənistan arasında prezidentlərin Soçidə əldə etdikləri razılaşmalara uyğun olaraq əsirlərin dəyişdirilməsi prosesi başlayıb. Əvvəlcə Ermənistan Müdafiə Nazirliyi bildirib ki, heç bir ilkin şərt irəli sürmədən iki azərbaycanlı hərbi əsiri qaytarmağa hazırdır. “Mediamaks” agentliyi nazirliyə istinadən xəbər verib ki, Ermənistan tərəfi onların Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə qaytarılmasına qərar verib: “Əsirlərin qaytarılması o zaman baş tutmaya bilər ki, onlardan kimsə Azərbaycan tərəfinə təhvil verilməyi istəməsin”. Bildirilir ki, Ermənistan Müdafiə Nazirliyi əsirlərin qaytarılması ilə bağlı BQXK-nın İrəvan ofisini məlumatlandırıb.

Martın 5-də Soçidə prezidentlər İlham Əliyev, Dmitri Medvedyev və Serj Sərkisyan arasında keçirilmiş görüşdən sonra qəbul edilmiş birgə bəyanata əsasən tərəflər atəşkəsin möhkəmləndirilməsi, hərbi sahədə qarşılıqlı etimad tədbirlərinin həyata keçirilməsi və əsirlərin dəyişdirilməsi prosesinin başa çatdırılması barədə razılığa gəlirlər. Bu razılaşmanın hərbi sahədə etimaddan və atəşkəsin möhkəmləndirilməsindən bəhs edən hissəsi az sonra pozulma riski ilə üzləşib-Ermənistan qüvvələri cəbhə xəttində növbəti təxribata əl ataraq Ağdamın Orta Qərvənd kəndinin 9 yaşlı sakinini snayper atəşi ilə qətlə yetirib.

Azərbaycan da bir Erməni mülki şəxsi qaytarır

BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbəri İlahə Hüseynova da APA-ya açıqlamasında əsirlərin dəyişdirilməsi prosesinin başlandığını təsdiqləyib. O deyib ki, təşkilatın İrəvan ofisi ilə Ermənistan rəsmilərinin görüşü olub. Görüşdə BQXK təmsilçilərinə əsirlərin qaytarılması ilə bağlı vasitəçilik təklif olunub. İ.Hüseynovanın sözlərinə görə , Azərbaycan tərəfi də BQXK-ya əsirlərin geri qaytarılmasında vasitəçilik etməyi təklif edib və hazırda bununla bağlı danışıqlar gedir: “Lakin prosesin nə zaman başlayacağı hər iki ölkənin müvafiq qurumlarından asılıdır”. Xatırladaq ki, hazırda Ermənistanda iki Azərbaycan hərbçisi əsirlikdə saxlanılır. Azərbaycan Ordusunun kiçik çavuşları Roman Hüseynov ötən il avqustun 27-də, Anar Hacıyev isə 2009-cu il mayın 10-da Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülüb. Azərbaycanda isə 9 Ermənistan vətəndaşı əsir və girovluqdadır. Onlardan 3-ü hərbçi, 6-sı mülki şəxsdir. İ.Hüseynovanın məlumatına görə, Azərbaycan tərəfi əsirlərin qaytarılmasının əvəzində erməni tərəfinə bir mülki şəxsi qaytarmağa hazırdır. Qeyd edək ki, Azərbaycana keçmiş erməni mülki şəxslər, o cümlədən əsgərlər Ermənistanda həyatlarına təhlükə gördüklərini əsas gətirərək bu ölkəyə geri qayıtmaq istəmir və üçüncü ölkəyə təhvil verilmələrini istəyir. Bu da Azərbaycan tərəfi üçün əsirlərin qaytarılması barədə öhdəlikləri tam olaraq yerinə yetirməyi çətinləşdirir. Çünki beynəlxalq normalara görə, həyatı üçün təhlükə hiss edən, qaçqın statusunda olan şəxslərin öz ölkələrinə təhvil verilməsinə yol verilmir. Soçi razılaşmasına əsasən, əsirlər və girovlar “hamının hamıya” prinsipi ilə dəyişdirilməlidir. Lakin erməni mülki şəxslərdən bir qismi geri qayıtmaqdan imtina etsə, o zaman Ermənistan tərəfinin əlinə Azərbaycanın guya Soçi razılaşmasına əməl etmədiyini demək üçün bəhanə keçə bilər.

Qarabağ müharibəsində itkin düşənlər problemi yenə həll olunmamış qalacaq

Digər tərəfdən, belə görünür ki, bu dəfə də əsirlərin dəyişdirilməsi razılaşması ancaq son illərdə əsir düşənləri əhatə edəcək. Soçi anlaşması Qarabağda hərbi əməliyyatların getdiyi illərdə itkin düşən, araşdırmalardan sonra hazırda işğal altındakı ərazilərdə əsirlikdə olduğu müəyyən edilən azərbaycanlıların taleyinə təsirsiz qalacaq. Azərbaycanın Əsir və İtkin Düşmüş şəxslərin işi üzrə Dövlət Komissiyasının açıqladığı son hesabata əsasən, 4 mindən çox azərbaycanlı itkin düşmüş sayılır, onlardan azı 10 nəfərinin hazırda işğal edilmiş ərazilərdə əsir kimi saxlanıldığı məlum olub, saxlanıldıqları yer müəyyən edilib. Lakin erməni tərəfinə edilən müraciətlərə baxmayaraq, düşmən ölkə, o cümlədən Dağlıq Qarabağdakı separatçı rejim faktı inkar edir. Ermənistan tərəfinin müvafiq Dövlət Komissiyası isə bu günlərdə 400-dən çox erməninin itkin sayıldığını, onlardan bir qisminin Azərbaycanda əsir kimi saxlanıldığını iddia etmişdi. Belə görünür ki, hər iki tərəfdən əsir və itkin düşmüş şəxslərlə bağlı məsələnin həlli ancaq Ermənistanla Azərbaycan arasında yekun sülh razılaşmasının əldə edilməsindən sonra mümkün ola bilər. Çünki humanitar xarakter daşıyan bu problemin həlli üçün tərəflər arasında intensiv görüşlərin keçirilməsi, beynəlxalq ekspertləri də cəlb etməklə araşdırmaların aparılması lazımdır. İndiki halda əsirlərin dəyişdirilməsi razılaşması hər iki tərəfdən bir neçə nəfəri əhatə edəcək və burada məqsəd sonrakı danışıqlar üçün atmosferi yumşaltmaq səyləridir.

Prezident İlham Əliyev Sərkisyanın imzasına hörmət etmədiyini bəyan etdi

Lakin Ermənistan ordusunun snayperinin 9 yaşlı azərbaycanlını qətlə yetirməsi Soçi görüşündə bir qədər yumşaldığı deyilən atmosferi yenidən gərginləşdirir. Azərbaycan prezidenti İlham Əliyev martın 14-də Bakıda İsveçrə prezidenti Mişelin Kalmi-Reylə görüşdən sonra ilk dəfə Ermənistanla aparılmış son danışıqlar barədə bəyanatla çıxış edib.

Prezident Əliyev Minsk Qrupunun vasitəçiliyi altında 19 ildir davam edən nəticəsiz danışıqları xatırladıb, deyib ki, münaqişə ətrafında status-kvonun dəyişdirilməsi, qaçqın və məcburi köçkünlərin həmin işğal edilmiş ərazilərə qayıdışına başlamaq üçün vaxt yetişib: “Əfsus ki, danışıqlar zamanı əldə edilən razılaşmalar və qəbul edilən bəyannamələr Ermənistan tərəfindən pozulur. Ən son misal Prezident Medvedyevin Soçidə təşkil etdiyi görüş oldu. Bu görüşün nəticəsi olaraq etimadın yaradılması tədbirləri və hər bir məsələni sülh yolu ilə həll etmək cəhdinə dair niyyətlə bağlı birgə bəyannamə imzalandı. Təəssüf ki, bundan üç gün sonra ermənilər doqquz yaşlı oğlanı qətlə yetirdilər. Doqquz yaşlı oğlan əsgər deyil, o, uşaqdır. Bəs onda belə zorakılıq aktına əl atan tərəfə biz necə etimad göstərə bilərik?!”

Danışıqlarda müzakirə olunan formul

Dövlət başçısı əlavə edib ki, Ermənistan tərəfi mülki şəxsləri, hətta uşaqları hədəfə almaqla öz imzasına və bəyannaməsinə hörmət etmir. Bu da qarşılıqlı etimad səviyyəsini ciddi şəkildə azaldır və gözlənilməz nəticələrə səbəb olacaq vəziyyət yarada bilər: “Biz ermənilərdən mülki şəxslərimizə qarşı xüsusi qəddarlıqla edilən hücumlara son qoymağı tələb edirik. Çünki bu, nə birinci haldır, nə də ki, ola bilsin sonuncu. Biz tərəfdən heç vaxt mülki şəxslərə, o cümlədən uşaqlara qarşı belə hərəkətlər edilməyib”. Prezidentin bildirdiyinə görə, münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapa, hazırda müzakirə olunan məsələlər sülh yolu ilə nizamlanmaya, ərazi bütövlüyünün bərpasına, eləcə də bütün qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışına apara bilər: “Biz, eyni zamanda, Dağlıq Qarabağa özünüidarəetmə statusunu güclü siyasi və təhlükəsizlik zəmanətləri ilə verə bilərik. Bu düstur müzakirə olunmaqdadır. Danışıqlarda konstruktiv mövqe tutan Azərbaycan, danışıqları bu formatda davam etdirməyə hazırdır”. Azərbaycan prezidenti 2010-cu ilin münaqişənin nizamlanması baxımından itirilmiş imkanlar ili olduğunu da deyib.

Düşmən tərəfin həyasızlığının ölçüləri yoxdur

Qeyd edək ki, erməni tərəfi həyasızcasına 9 yaşlı azərbaycanlının öldürülməsindən yaxasını kənara çəkməyə çalışır. Xankəndindəki erməni separatçı rejimi belə iddia ilə çıxış edir ki, insidentin baş verdiyi ərazidə erməni mövqeləri Orta Qərvənd kəndindən 1600 metr aralıdadır, bu baxımdan həmin məsafədən snayper tüfəngi ilə hədəfi nişan almaq mümkün deyil. Lakin 9 yaşlı Farizin yaşadığı ev kəndin kənarında, erməni mövqelərinin bir neçə yüz metrliyində yerləşir, kənd sakinləri evlərinin erməni mövqelərindən bu hadisədən əvvəl də müntəzəm atəşə tutulduğunu təsdiq edirlər. Azərbaycan tərəfi erməni tərəfinin bu vəhşi hərəkəti ilə bağlı geniş beynəlxalq kampaniya başladıb. ATƏT isə insidentdən çıxış edərək bir daha tərəfləri snayperləri təmas xəttindən geri çəkməyə çağırır. Ancaq snayperlərin çıxarılması problemi həll etmir. Azərbaycan tərəfi bildirir ki, bu halda erməni mövqelərindən digər iri çaplı silahlarla, məsələn, pulemyotlarla atəşin açılmayacağına da zəmanət verən olmalıdır.

Qarabağ müzakirələri davam edir: həmsədrlər Bakıda, Ərdoğan Moskvada..

Minsk Qrupu həmsədrləri isə münaqişə tərəfləri ilə növbəti təmaslara başlayıb. Dünən onlar tam tərkibdə Bakıya gəliblər və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər. Vasitəçilərin prezident İlham Əliyevlə görüşü də gözlənilirdi. Bu gün isə onlar İrəvana gedəcəklər. Fransalı həmsədr Bernar Fasye Bakıda jurnalistlərə bildirib ki, ATƏT-in işğal edilmiş ərazilərdəki vəziyyəti öyrənən qiymətləndirmə missiyasının hesabatı Azərbaycan tərəfinə təqdim edilib. Hesabatın bu gün Ermənistan tərəfinə təqdim ediləcəyi bildirilir. Həmsədrlərin səfərlərinin başa çatmasından sonra yenə də Rusiyanın vasitəçiliyi altında, bu dəfə XİN başçıları səviyyəsində danışıqların vaxtının bəlli olacağı gözlənilir. Bu arada Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın Moskvaya dünən başlayan səfəri də Qarabağ məsələsi kontekstində Bakıda və İrəvanda diqqətlə izlənilir. Səfərdən əvvəl Azərbaycan xarici işlər nazirinin müavini, prezidentin Qarabağ məsələsi üzrə səlahiyyətli nümayəndəsi Araz Əzimov Ankarada siyasi məsləhətləşmələr aparıb. O, məlumat verib ki, Ankara və Bakının Qarabağa dair birgə planı var, plan bir neçə mərhələdən ibarətdir, birinci mərhələdə işğal edilmiş ərazilərin bir hissəsinin boşaldılması və Türkiyə-Ermənistan sərhədlərinin açılması nəzərdə tutulur. Lakin İrəvanda buna qəzəbli reaksiya verərək deyiblər ki, Türkiyə Qarabağ məsələsinə qarışa bilməz. Bununla belə, Türkiyədə hökumətə yaxın kütləvi informasiya vasitələri bildirirlər ki, Ərdoğanın prezident Dmitri Medvedyev və baş nazir Vladimir Putinlə görüşlərində Dağlıq Qarabağ məsələsi və ümumiyyətlə regiondakı vəziyyətə də toxunulacaq. Ermənistan parlamentinin spikeri Ovik Abramyan isə Londonda səfərdədir. Onun məqsədi Britaniyada Qarabağa dair təbliğat işini gücləndirməkdir. Erməni diasporu ilə görüşdə Abramyan etiraf edib ki, Azərbaycan neft və qaz hesabına Britaniya ilə daha güclü əlaqələr qura bilib, nəticədə London Qarabağ məsələsində daha çox Azərbaycanı dəstəkləyir. Erməni spiker britaniyalı parlamentarlarla görüşərək onların Qarabağ barədə mövqelərini dəyişməyə çalışacağını deyib.

F.MƏMMƏDOV

MUSAVAT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter