Avropa Şurası Azərbaycanda insan haqları və əsas azadlıqların vəziyyətindən narahatdır
AZOH: Avropa Şurası Bakıda 11 və 12 martda nümayişlər öncəsi həyata keçirilən həbsləri pisləyib. Toplaşma azadlığının şərhinə məhdudlaşdırıcı yanaşmanı dəyişməyə çağırıb. Avropa Şurasının baş katibi Eynulla Fətullayevin həbsdən azad edilməsi üçün imkanlara baxılmasını istəyib.
Avropa Şurasının baş katibi Turbern Yaqland Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı məktubda ölkədə siyasi debat plüralizmi, ifadə azadlığı, təşkilat azadlığı standartlarına əməl edilməsi ilə bağlı narahatlığını bildirib. Bakıda 11 və 12 martda nümayişlər öncəsi həyata keçirilən həbslərlə bağlı o, toplaşma azadlığının şərhinə məhdudlaşdırıcı yanaşmanı dəyişməyə çağırıb. Bu barədə Avropa Şurasının mətbuat xidməti məlumat yayıb.
Cənab Yaqland həmçinin Azərbaycan hakimiyyətinin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını həyata keçirə bilməməsindən narahatlığını ifadə edib və “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayevin həbsdən azad edilməsi üçün imkanlara baxılmasını istəyib.
Baş katib Azərbaycan hakimiyyətindən insan haqları və əsas azadlıqlar sahəsində qanunvericiliyi, inzibati və məhkəmə qərarlarını Avropa Şurasına üzv dövlətlərdən gözlənin səviyyəyə çatdırmaq üçün yardım təklif edib.
Cənab Yaqland həmçinin Bakıya səfər edib bu məsələləri prezident Əliyev və onun administrasiyası ilə müzakirə etməyə hazır olduğunu bildirib.
VOA