Siyasi məhbuslar azərbaycanlı bəstəkarın səhhətinin ağır olduğunu bildirir

Tehranın Evin zindanında saxlanan 50-yə yaxın siyasi məhbus birgə açıq məktub yazaraq azərbaycanlı bəstəkar və həkim İsmayıl Bərzigərin səhhətinin ağır olduğunu bildirib.

İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları İsmayıl Bərzigəri 2011-ci ilin mayında tutub. Tehran məhkəməsi İsmayıl Bərzigəri sistemə qarşı təbliğat aparmaqda, qanunsuz toplantılara qatılmada və Azərbaycan Respublikası hökuməti ilə əlaqə saxlamaqda günahlandıraraq 7 illik həbsə məhkum edib.

“Media forum” saytının məlumatına görə, məktubda deyilir: “Tehranın 350-ci korpusunda saxlanan, barəsində çıxarılan 7 illik həbs qərarına, zindanın ağır şəraitinə, ailəsinə göstərilən təzyiqlərə və tibbi müayinə almaq üçün şəhər xəstəxanasına buraxılmamasına etiraz olaraq bir aydan çoxdur aclıq edən məhbus İsmayıl Bərzigərin səhhəti ciddi təhlükə ilə üz-üzə qalıb. Məhbus mövcud durumuna etiraz olaraq bundan əvvəl də bir neçə dəfə aclıq etsə də, təəssüflər olsun ki, zindan rəhbərliyi onun heç bir tələbinə əhəmiyyət verməyib. Biz uzun müddətdir aclıqda olan azərbaycanlı bəstəkar İsmayıl Bərzigərin səhhətinin ciddi təhlükədə olduğunu bildirir, zindan rəhbərliyindən, eləcə də İran Məhkəmə Sistemi rəsmilərindən onun təcili müalicə alması üçün şərait yaradılmasını tələb edirik”.

Share/Save/Bookmark