Ruhaninin müavini Azərbaycanla çovqan davasından danışdı

“Bu, Azərbaycan Respublikası üçün məğlubiyyət idi”mehemmedeli-necefi

İran prezidenti Həsən Ruhaninin müavini, Turizm, Əl İşləri Sənayesi və Mədəni Miras Təşkilatının rəisi Məhəmmədəli Nəcəfi dekabrın 6-da jurnalistlərə açıqlamasında çovqanın (çövkən) YUNESKO-da qeyri-maddi mədəniyyət abidəsi kimi Azərbaycanın adına qeydiyyatdan keçirilməsindən danışıb.

 Məhəmmədəli Nəcəfi deyib ki, Azərbaycan Respublikası istəyinə tam çata bilməyib: “Mən məsələnin bəzi media orqanlarında tərsinə işıqlandırılmasından təəccüblənirəm. Əslində isə bu, Azərbaycan Respublikası üçün məğlubiyyət idi. Onlar (azərbaycanlılar) çox çalışırdılar ki, çovqan tamamilə Azərbaycan Respublikasının adına qeydiyyata alınsın. Lakin istədiklərinə nail ola bilmədilər. YUNESKO-da qeydiyyatdan keçən çovqan haqqında belə deyilir: “Çovqan Qarabağ bölgəsində məxsusi atlarla oynanılan bir növ yerli oyundur”.

YUNESKO-nun hazırladığı əsas sənədinin mətnində isə bildirilir ki, çovqanın əsl forması İrandadır və hətta sənəddə Təbrizin də adı çəkilir. Elə buna görə də hesab edirəm ki, çovqanı mükəmməl bir idman növü kimi İran İslam Respublikasının adına qeydiyyatdan keçirmək üçün yol hələ də üzümüzə açıqdır. Məsələni düzgün araşdırsaq görərik ki, bu həm də YUNESKO-nun iclasına qatılan həmkarlarımız üçün bir nailiyyətdir. Onlar iclasa qatılıb İranın mövqeyini müdafiə edərək YUNESKO-nun səhv bir qərar çıxarmasına imkan vermədilər.

Bizim qeyri-maddi əsər və abidələrin qeydiyyata alınması üçün YUNESKO-ya mükəmməl bir təklifimiz var. YUNESKO təklifimizi qəbul etsə, qeyri-maddi abidələrin qeydiyyata alınması işində böyük bir dəyişiklik baş verəcək. Biz həmin təklifimizi vaxtı gələndə elan edəcəyik”.

Share/Save/Bookmark