Əli Yunesi: İranda qeyri-farslar da fars dili ilə fəxr edir, bu hamımızın dilidir

Əlirza Quluncu

 “Fars dili hamımızındır, bütün etniklər (qeyri-farslar) da fars dili ilə fəxr edir... bəluç, kürd, türk və fars kimi etniklərdən olsaq da irqimiz İranidir... Bütün bu etniklər fars dilini milli dil kimi seçiblər,” deyə İranın qeyri-fars etnik qruplar və dini azlıqlarla bağlı məsələləri üzrə prezident Həsən Ruhaninin xüsusi yardımçısı Höccətül-İslam Əli Yunesi vurğulayıb.

İntixab Kültür və Mətbuat Müəssisəsinin veb səhifəsinə müsahibə verən sabiq təhlükəsizlik nazirinin dediklərinə görə, “Qeyri-Fars etnik cəmiyyətləri İran üçün təhlükə deyil və dövlət onların tələblərini yerinə yetirmək üçün çalışmaqdadır.”

“Qeyri-fars cəmiyyətlərinin hamısı fars dili ilə fəxr edir, ancaq öz dillərini də qorumaq istəyir,” deyə prezident yardımçısı qeyri-fars etniklərin tələbləri ilə bağlı hər hansı konkret planın mövcüd olub-olmadığına toxunmayıb. Dövlətlərin heç birində İranın qeyri-fars etnik qruplar və dini azlıqlarla bağlı məsələləri üzrə prezidentin yardımçısı təyin edilməmişdi. Höccətül-İslam Əli Yunesi bu vəzifəyə seçilən ilk siyasətçidir.

İran mediasının məlumatına görə, ötən sentyabr ayından vəzifəyə başlayan Yunesi İranın qeyri-fars və dini azlıq cəmiyyətlərinin təmsilçiləri ilə görüşlər keçirir. Onun İran Azərbaycanı və ölkənin digər bölgələrindən olan bəzi türk nümayəndələrlə görüşdüyü bildirilsə də, bu təmsilçilərin kimliyi ilə bağlı məlumat verilməyib.

İSNA xəbər agentliyi prezident yardımçısının ötən günlərdə katolik ermənilərin arxiyepiskopu Karakehyan ilə görüşdüyünü bildirib.

Share/Save/Bookmark