Qərbi Azərbaycanda savadsız əhalinin üçdə ikisi qadındır

Qərbi Azərbaycan vilayəti təhsil idarəsinin sədr müavini vilayətdə yaşı 6-dan çox olan əhalinin 20 faizini təşkil edən 563 min nəfərin savadsız olduğunu və onların 67 faizinin (375 min nəfər) qadınlardan ibarət olduğunu açıqlayıb.

Qərbi Azərbaycan vilayəti İranda savadsızlıq səviyyəsinin ən yüksək olduğu vilayətlərdən biridir. İran dövlətinin statistika mərkəzinin ölkədə savadsız əhalinin sayı ilə bağlı açıqladığı son məlumata görə, ölkə əhalisinin təqribən 15 faizi savadsızdır.

Ekspertlər savadsız əhalinin sayının dövlətin açıqladığı rəqəmlərdən daha artıq olduğunu söyləyir. Bəzi ekpertlərin fikrincə, İran İslam Respublikasında savadsızlıq səviyyəsi ilə bağlı məlumatlar düzgün deyil.

İran vilayətlərinin savadlılıq səviyyəsi ilə bağlı yayılmış statistik məlumatlara istinadən, ümumiyyətlə qeyri-fars əhalinin yaşadığı vilayətlərdə savadsızlıq daha yüksək səviyyədədir.

Azərbaycan vilayətlərində yaşayan savadsız qadınlar sadəcə fars dilində yazıb oxumaq deyil, adətən bu dildə danışmağı da bacarmırlar.

Hüquq müdafiəçilərinin yaydığı hesabatlara görə, İranda farsca bilməyən qadınlar məhkəmə prosesində ciddi problemlər yaşayır və bəzən daha ağır hökmlərlə üzləşə bilirlər.

Amnesty International təşkilatının bəyanatlarına istinadən, fars dilini anlamayan müttəhimlərin bəzisi onlara qarşı irəli sürülən ittihamları başa düşmür. Beynəlxaq insan haqları qurumu, o cümlədən, ötən illərdə daşqalaq cəzasına məhkum edilmiş Səkinə Məhəmmədi Aştiyani və Şamama Qurbaninin sadəcə türkcə bildiklərini və sorğu-sual prosesində imzalamaq məcburiyyətində qaldıqları farsca sənədlərin nədən ibarət olduğunu anlamadıqlarını qeyd edib.

Share/Save/Bookmark