“Çalışırıq ki, diaspor fəaliyyətləri ilə yanaşı lobbiçiliyi də irəli aparaq”

Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilginin “OLAYLAR”-a müsahibəsi

-Mahmud bəy, Azərbaycana bu dəfəki səfərinizin məqsədi nədir və Bakıda olduğunuz müddətdə hansı dairələrlə görüşlər keçirməyi nəzərdə tutursunuz?

-Biz son bir il yarım ərzində xarici ölkələrdə, o cümlədən Birləşmiş Ştatlarda bir sıra görüşlər keçirdik. Bu sıraya Amerika Konqresi, Senatı, eləcə də Avropa Parlamentinin müxtəlif komissiyalarında baş tutan görüşləri aid edə bilərəm. Keçirdiyimiz həmin görüşlərin əksəriyyəti bizim üçün sərfəli və qazanclı oldu. Sırada isə Azərbaycandır və səfər ərəfəsində Bakıda bir sıra görüşlər keçirməyi nəzərdə tuturuq. Məlumat üçün qeyd edim ki, Güney Azərbaycan Demokrat Partiyası və Azərbaycan Öyrənci Hərəkatı olaraq lobbiçiliklə əlaqədar yeni bir hərəkat yaratmışıq. Çalışırıq ki, diaspor fəaliyyətləri ilə yanaşı lobbiçiliyi də irəli aparaq. Bakıda keçirdiyimiz görüşlər və apardığımız müzakirələr zamanı lobbiçiliyin əhəmiyyəti haqqında fikir mübadiləsi aparacağıq.

-Lobbiçiliyin gücləndirilməsini zəruri hesab edirsiniz. Sizcə, bu gün Azərbaycanın diaspor təşkilatları lobbiçilik fəaliyyətinə tam hazırdırmı və bu fəaliyyət nə dərəcədə effektli ola bilər?

-Təəssüflər olsun ki, Azərbaycan Respublikasının diaspora və lobbiçilik fəaliyyəti yalnız Şimali Azərbaycanı təmsil edir. Bu təmsilçilik Bütöv Azərbaycanı əhatə etmir. Ancaq etiraf etmək lazımdır ki, Azərbaycan Respublikası bu istiqamətdə güclü addımlar atıb. Təbii ki, bütün bunlar bizi sevindirir. Çünki bu bizim dövlətimizdir. Dövlət nə qədər genişlənsə, xarici ölkələrdə Azərbaycanın maraqları çərçivəsində fəaliyyət göstərilsə bu bizi məmnun edər.

-Zaman-zaman belə bir iddia ortaya atılır ki, Güneydən olan soydaşlarımız diaspora, lobbiçilik fəaliyyəti, bu istiqamətdə birgə addımların atılmasında o qədər aktivlik göstərmir, bu prosesdə yaxından iştirak etmirlər. Siz bu barədə səslənən iddiaları qəbul edirsinizmi?

-Düzdür. Çünki bunun da bir tarixçəsi var. Belə ki, 2002-ci ildən 2007-ci ilə qədər istər Avropa Şurası, istərsə də Avropa Parlamentində bir sıra görüşlər keçirildi. Lakin 2007-ci ildən 2012-ci ilə qədər olan müddətdə isə passivlik hökm sürdü və heç bir uğurlu addımlar atılmadı, görüşlər keçirilmədi. Nəticə etibarilə təşkilatlar öz içərilərində boğuşma, dartışmalarla məşğul oldular. 2012-ci ildən bu günə qədər olan müddət ərzində isə bir qədər aktivlik müşahidə edilir. Belə ki, biz Güney Azərbaycan Alyansı təsis etmişik ki, burada da əsas hədəf lobbiçilikdir. Qısa müddət ərzində bizim 100-dən artıq görüşümüz olub.  Təkcə Birləşmiş Ştatlarda 17 konqresmen və senatorla görüşümüz keçirildi. Həmçinin Helsinki Komitəsinin rəhbəri, SOROS Fondunun Qafqaz üzrə nümayəndəsi, YUNESKO-nun region üzrə rəhbəri ilə görüşdük. Bundan başqa Avropa Parlamentinin insan haqları komitəsinin təmsilçiləri, Avropa Parlamentinin digər struktur nümayəndələri ilə görüşlərimiz oldu. Artıq bu istiqamətdə mühüm görüşlərimiz davam edir. Hətta qarşıdakı altı ay ərzində harada, kimlərlə görüşlər keçirəcəyimiz artıq bəllidir. Təbii ki, müəyyən çətinliklərimiz də var. Lakin həmin çətinlikləri də həll etməyə çalışırıq.

-Bəs Türkiyədə necə, bu ölkədə də görüşləriniz baş tuturmu?

-Türkiyə və Azərbaycan bizim üçün xüsusi önəm daşıyan ölkələrdəndir. Biz çalışırıq ki, lobbiçilik məsələləri yolu ilə həm Azərbaycan, həm də Türkiyədən dəstək alaq.

-Sizin Dünya Azərbaycanlıları Konqresi ilə əməkdaşlığınız, əlaqələriniz hansı səviyyədədir?

-Biz bütün siyasi və ictimai təşkilatlarla isti münasibətlər qurmağa çalışırıq. Dünya Azərbaycanlıları Konqresi də bir ictimai təşkilatdır. DAK bir ictimai təşkilat olduğu üçün həmin təşkilatla da sıx əməkdaşlığın qurulmasını istərdik.

-Bəs bu gün Dünya Azərbaycanlıları Konqresinin fəaliyyəti sizi qane edirmi?

-Çox təəssüflər olsun ki, bu gün Dünya Azərbaycanlıları Konqresi bir neçə yerə parçalanıb. Biz hazırda Sabir Rüstəmxanlının həmsədrlik etdiyi Dünya Azərbaycanlıları Konqresi ilə yaxın münasibətlərdəyik və əməkdaşlıq edirik. Ancaq çox arzu edərdik ki, DAK kimi ictimai təşkilatlar parçalanmasın. Siyasi təşkilat və birliklərin parçalanması bir növ başadüşüləndir. Çünki siyasi təşkilatlar daxilində müxtəlif fərqli siyasi düşüncələr ola bilər. Ancaq ictimai təşkilatların parçalanması qəbuledilməzdir.

-Sizcə Dünya Azərbaycanlıları Konqresinin əsas problemləri nədir?

-Burada əsas problemlərdən biri ondan ibarətdir ki, müəyyən qrup halında kənara çəkilən insanlar özlərini hamıdan üstün mövqedə, hamının təmsilçisi kimi görmək istəyir. Ancaq hamı da onun içərisinə yerləşmir. Hesab edirəm ki, əsas problemlərdən biri budur. Düşünürəm ki, bu müəyyən çətinliklərdir və toplumuzun geri qalmasının göstəricisidir. Bir sözlə hələ də ictimai və siyasi məsələlər öz yerini, həllini almayıb. Hesab edirəm ki,  getdikcə bu proses öz həllini tapacaq. Biz siyasi təşkilat olaraq əsasən xarici ölkələrdə lobbiçilik fəaliyyətlərinə üstünlük veririk. Buna paralel olaraq həmçinin ictimai və mədəni fəaliyyətlə də məşğul oluruq.

-Kənardan müşahidə etdikdə DAK yarandığı vaxtdan bu günə qədər olan müddətdə özünü təsdiq edə bilibmi və ötən müddət ərzində müsbət istiqamətə doğru nələr dəyişib? Dünya Azərbaycanlıları Konqresi təsis olunan zaman uğurlu fəaliyyət göstərirdi, yoxsa bu gün?

-Təbii ki, bu gün Dünya Azərbaycanlıları Konqresinin fəaliyyətini qaneedici hesab edə bilmərik. DAK-ın birinci məsələsi dünya azərbaycanlılarını birləşdirmək, diaspora və lobbiçilik fəaliyyəti göstərməkdir. Ancaq biz müşahidə edirik ki, diaspora fəaliyyəti ilə bağlı Dünya Azərbaycanlıları Konqresində o qədər də ciddi işlər yoxdur. Yalnız müəyyən toplantılar keçirilir ki, bu da qaneedici deyil. Düşünürəm ki, yuxarıda qeyd etdiyim məsələlər Dünya Azərbaycanlıları Konqresinin gündəlik fəaliyətinə çevrilməlidir. Biz bundan sonra da qarşımıza qoyduğumuz məqsədlərə nail olmaq üçün ictimai təşkilatlarla əməkdaşlıq edəcəyik.

-Siz uzun illərdir ki, İsveçdə yaşayırsınız. Müşahidələriniz nədən ibarətdir, İsveçdə fəaliyyət göstərən diaspor təşkilatları, cəmiyyət və birlikləri arasında həmrəylik, vahid mövqe varmı?

-Başqa ölkələr, İngiltərə, Fransa, Almaniya və digərləri ilə müqayisədə İsveçdə bu proses çox güclüdür. Bu səbəbdən İsveçdə birgə əməkdaşlıq, həmrəylik özünü daha çox göstərir. Məlumat üçün qeyd edim ki, İsveçdə 10 cəmiyyət və təşkilatın təmsil olunduğu Azərbaycan Evi fəaliyyət göstərir. Əsas mədəni istiqamətlərdə fəaliyyət göstərən Azərbaycan Evi ilə biz də yaxından əməkdaşlıq edirik.  Arzu edərdim ki, bu kimi milli, ictimai fəaliyyətlər İngiltərə, Fransa, Amerika və digər ölkələrdə də həyata keçirilsin. Təəssüflər olsun ki, bizlər digər millətlərlə müqayisədə bu məsələdə geri qalmışıq. Biz lobbiçiliyi əsas istiqamət kimi müəyyənləşdirdikdən sonta iki böyük nailiyyət əldə etdik. Biri müxtəlif ölkələrdə keçirdiyimiz görüşlərdisə, digəri isə planlı şəkildə fəaliyyət göstərməkdir. İkinci istiqamətdə əsas diqqət yaşadığımız ölkələrin siyasi dairələri ilə yaxından əməkdaşlığa yönəlib. Belə ki, həmin partiyalara üzv olmaqla seçkili orqanlarda iştirak etmək əsas hədəflərdən biridir. Deyərdim ki, biz bunu bacardıq. Belə ki, İsveçdə ilk dəfə olaraq 22 yaşlı azərbaycanlı xanım əyalət parlamentinə, digər bir xanım fəalımız bələdiyyəyə seçildi. Həmçinin onlarla azərbaycanlı müxtəlif siyasi partiyalara üzv oldu. Halbuki 2 il bundan əvvəl belə bir prosesi müşahidə etmək qeyri-mümkün idi ki, hər hansı bir azərbaycanlı hansısa partiyaya üzv olsun. Bu gün təkcə İsveçin mərkəz partiyasında 30-dan artıq azərbaycanlı təmsil olunur. İsveçin Sosial Demokrat Partiyasından 22 yaşlı qızım Aylin xanım əyalət parlamentinə seçilib. Paralel olaraq Moderant Partiyası ilə əlaqələr yaratdıq. Bizim üçün həmin partiyaların daxili siyasəti maraqlı deyil. Əsas istəyimiz ondan ibarətdir ki, azərbaycanlıları həmin partiyaların içərilərinə yönəldək. İstəyimiz ondan ibarətdir ki, xaricdəki siyasi təşkilatlara, yaşadığımız ölkələrin təşkilatlarına, ictimai-siyasi həyatına inteqrasiya edək.  Özü də bu inteqrasiya kimliyimiz, milli varlığımızı saxlamaqla baş versin. Biz bu yolla millətimiz, dövlətimiz üçün daha xeyirli işlər görə bilərik. Mən deyərdim ki, biz bu işi bacardıq. Düzdür, hələlik bu işin başlanğıcıdır. Onu da etiraf edim ki, biz kürdlər, ermənilərlə müqayisədə hələ çox geridəyik.

-Hazırda İsveçdə nə qədər azərbaycanlı yaşayır?

-Son illər Azərbaycandan İsveçə gedənlərin sayında artım müşahidə edilir. Əgər on il bundan əvvəl İsveçdə əsas çoxluğu güneylilər təşkil edirdisə, bu gün mənzərə dəyişir. Düzdür, hazırda da İsveçdə güneylilər çoxdur. Ancaq təəssüflər olsun ki, güneylilər öz milli varlıqlarını tanımırlar. Onlardan yalnız 10 faizi ictimai fəaliyyətlərə qatılır.

-Mahmud bəy, qarşıdan 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü gəlir. Bu günün mahiyyətini necə dəyərləndirərdiniz?

-31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü çox gözəl bir hadisədir. Bu bütöv Azərbaycanın varlığının göstəricisi, Azərbsaycanın bütövlüyünün singəsidir. Bu günü hər bir azərbaycanlı qeyd etməli, fikir baxımından daha da genişləndirməlidir.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

http://olaylar.az/news/diaspora/107296

Share/Save/Bookmark