İranda "nifrət günü" elan olundu

AZOH: Hər həftənin çərşənbə axşamı nümayişlər keçiriləcək

İran paytaxtı Tehranın əsas küçə və meydanları ölkənin İnqilab Keşikçiləri Korpusunun ("Sepah"), bu qurumun nəzdində fəaliyyət göstərən "Bəsic" təşkilatının silahlı üzvlərinin və təhlükəsizlik qüvvələri əməkdaşlarının birgə nəzarətinə götürülüb.

Müxalifətin aksiya keçirmək üçün çağırış etmədiyi, dövlət qurumlarının hər hansı təhlükə barədə açıqlama yaymadığı bir vaxtda qəfildən paytaxtın küçə və meydanlarının nəzarətə götürülməsi, bəzi vətəndaşların şəhərdə şübhəli kimi saxlanaraq tutulması ictimaiyyətin təəccübünə səbəb olub.

Silahlı qüvvələrin təmsilçilərinin ən çox toplaşdığı yerlər Vəliəsr dördyolu, Vəliəsr küçəsi, İnqilab meydanı, Parkvey məntəqəsi, Abbasabad küçəsi, Həfte Tir meydanı və Sadiqiyyə meydanıdır.

Fevralın 24-də silahlıların toplaşdığı yerlərdə mağaza sahiblərini mağazalarını vaxtından əvvəl bağlayıb evlərinə getməyə məcbur ediblər.

Tehranda gücləndirilmiş təhlükəsizlik tədbirlərinin davam etdirildiyi bildirilir.

İran müxalifətinin liderlərindən olan Mirhüseyn Musəvinin qızları "Kalameh" saytında yerləşdirdikləri yazıda iki həftədir ev dustaqlığında saxlanan valideynlərinin durumundan, onların sağ olub-olmamasından xəbər tuta bilmədiklərini bildiriblər.

"Kalameh" Musəviyə yaxın saytdır. Musəvinin qızlarının yazısı bu saytda fevralın 24-də yerləşdirilib.

"Media forum" saytının məlumatına görə, Musəvinin qızları öz yazılarında bildiriblər ki, neçə dəfə evlərinə getsələr də, qapıda keşik çəkən maskalı və silahlı şəxslər onları təhdid edərək geri qaytarıblar: "Hökumət qüvvələri evimizə gedən döngədə darvaza qoyublar və gəlib-gedənləri yoxlayırlar. Biz axırıncı dəfə valideynlərimizlə fevralın 14-də telefonla danışa bilmişik. O gündən onlardan xəbərimiz yoxdur.

Atamızın şəxsi cangüdənlərini də qovublar. İndi valideynlərimizə tam olaraq təhlükəsizlik qüvvələri nəzarət edir. Onların hətta yeməyini də bu qüvvələrin əməkdaşları aparıb verir. Biz valideynlərimizin taleyindən, onların səhhətindən, onlara verilən qidanın tərkibindən ciddi narahatlıq keçiririk.

Neçə dəfə dözməyib axşam saatlarında, bir-iki dəfə də gecəyarısı onlardan xəbər tutmaq üçün evimizə getmişik. Amma darvazanın ağzında keşik çəkən maskalılar bizi təhqir və təhdid edərək geri qaytarıblar. Evimizin gecələr qaranlıqda qalması, evdə işığın yanmaması da bizi ciddi narahat edir. Beynimizə min bir fikir gəlir. Valideynlərimizi nəzarətdə saxlayan məmurlar bizimlə kobud davranıb söyüş söyüblər. Onlar bizə deyiblər ki, bir də bura gəlsəniz, zəng edərik, sizi də tutub apararlar. Hər dəfə məyus-məyus geri qayıdanda dalımıza düşüb bizi təqib edirlər".

İranda müxalifət tərəfdarları hər həftənin çərşənbə axşamı nümayişlər keçiriləcəyini bəyan edib.

Rusiya KİV-in yaydığı məlumata görə, təşkilatçıları Facebook sosial şəbəkəsində nümayişlərin koordinasiya edilməsi üçün yaratdığı səhifəyə artıq 67 mindən artıq insan üzv olub. Onlar gələn həftənin çərşənbə günü keçiriləcək nümayişə dəstək verməyə hazır olduqlarını bildirir. Təşkilatçılar oturaq tətillər və digər formalarda etiraz aksiyaları keçirəcəklərini bildirir.

Müxalifət lideri Mehdi Kərrubinin məsləhətçisi Moctaba Vahedi martın 15-də ölkənin bütün şəhərlərində nümayiş keçiriləcəyini bəyan edib.

şərq

Share/Save/Bookmark