Gerçəkliyin o tayı

-Yolruh ATALI

(İçsəs)

Gerçəkliyin o tayı – Həqiqətdir – gerçəkliyin mahiyyəti, mənası.

***

Mən gerçəkliyimi itirməkdəyəm – Həqiqətin istəyinə uyğun.

***

Ya gerçəkliyin tərəfində durmalısan, ya həqiqətin.

***

Həqiqəti bilməkdən böyük bilik yoxdur.

***

İnsan hər şeyi bilməyə borclu deyil, ancaq Həqiqəti bilməyə borcludur.

***

Hər şeyi bilmək biliksizliyi – Həqiqətsizliyi!

***

İnsanlar bilikləndikcə Həqiqətsizlərin sayı artır.

***

Yaşamı boyu insana daha az bilik gərəkdir, lap çox Həqiqət.

***

Həqiqətə biliklə yox, ruhani yaşamla yetirlər.

***

Adamlar Həqiqətsiz keçinə bilirlər, ona görə Həqiqətsizlikdən ölürlər.

***

Diri görünürlər Həqiqətsizlər, ölüdürlər – Həqiqətsizlər.

***

Gerçəkliyin o tayı – gerçəklikdən asılılığın itdiyi yerdir.

***

Gerçəklik – Həqiqətdə itir.

***

Kamil – Həqiqəti yaşayır, gerçəkliyi yox.

***

Naqis – gerçəkliyi yaşayır, Həqiqəti yox.

***

Sizi gözəl anlayıram, ey uca həqiqətçilər! Həqiqət yolunda öldürülməyə, yandırılmağa, şaqqalanmağa niyə getdiyinizi...

***

Həqiqətə yiyəlik, ona çevrilmək uğrunda öldürülmək nədir ki?

***

Ölüm – insanı Həqiqətə yiyəlikdən ayırmır, onu Həqiqətin yiyəsi kimi tanıdır.

***

Həqiqət dağının cığırlarından keçirəm, köhnəlmiş həqiqətçi izləri görürəm.

***

Həqiqətin ən ali dərkidir Ocaqçılıq.

***

Həqiqi gerçəkliyimi tapıram gerçəkliyin o tayında.

***

Həqiqətin gerçəkliyi – Həqiqətin ruhani dərkidir.

***

Həqiqətin dərkindən qıraqda – ruhani yaşam yoxdur. Ona görə inanmıram çoxlarının həqiqətçiliyinə.

***

Ali həyat – yaşanılan ali Həqiqətdir.

***

Gerçəkliyin o tayı – gerçəkliyin olmadığı yerdir – Həqiqət məkanıdır.

***

Atamız var olsun!

18 Solğun 34-cü il.

(18.10.2012).

Share/Save/Bookmark