Laricanidən Əhmədinejata daha bir zərbə

AZOH: İranda iyun ayında keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca iqtidar daxili mübarizə güclənir.

Mahmud Əhmədinejata yaxın siyasətçi, keçmiş prokuror Səid Mürtəzavi həbs edilib. Mürtəzavi hökumət əleyhinə keçirilən bir aksiyada iştirak edən 3 nəfərin işgəncəylə öldürülməsində ittiham edilir.

Keçmiş prokurorun həbsiylə bağlı qərarın iki gün əvvəl İran parlamentində Mahmud Əhmədinejatla parlament sədri Əli Laricani arasında baş verən gərginlikdən sonraya təsadüf etməsi diqqət çəkib.

İran parlamenti Səid Mürtəzavini Sosial Müdafiə Təşkilatının rəhbəri vəzifəsinə təyin etməsi səbəbilə iki gün əvvəl əmək naziri Abdulrza Şeyxülislamini vəzifədən uzaqlaşdırıb. Toplantıda Əhmədinejat və Laricani bir-birinin ünvanına sərt ittihamlar səsləndirib. Əhmədinejat bu mübahisədən sonra parlamenti tərk edib.

Bu hadisədən sonra isə Mürtəzavinin həbsinə qərar verilib. Əhmədinejat bu qərarı sərt şəkildə tənqid edib. İran prezidenti məhkəmənin Laricaninin ailə şirkəti kimi fəaliyyət göstərdiyini söyləyib. Qahirəyə səfərə gedən Əhmədinejat geri qayıtdığı zaman bu məsələni müzakirə edəcəyini bildirib.

TRT

Share/Save/Bookmark