İRANIN İNTERNET POLISI BIR URMIYƏLI BLOGGERI HƏBS ETDI

AZOH: İran İnternet Polisinin (FATA) Qərbi Azərbaycan vilayətinin bölməsi ötən günlərdə vilayətin mərkəzi Urmiyə şəhərində internetdə 35 veb səhifə və bloq açaraq fəaliyyət göstərən bir bloggerin həbs edildiyini bildirilib.

İRNA xəbər agentliyinə müsahibə verən Qərbi Azərbaycan vilayətinin İctimai Təhlükəsizlik Polisinin komandiri polkovnik Rəhim Cahanbəxşin sözlərinə görə, urmiyəli blogger çoxu qeyri-əxlaqi və ədəbsiz məzmunlar daşıyan 35 sayt və bloqu dizayn etdiyini və yazılı materiallar nəşr etdiyini etiraf edib.

“Polis Urmiyə şəhərində veb səhifələr nəşr edən şəxsi tapmaq üçün tədqiqat və axtarış aparırdı və sonunda məhkəmə orqanlarının əməkdaşlığı ilə onu həbs edə bilib. Blogger fəaliyyətləri ilə bağlı etiraf etdikdən sonra məhkəməyə təslim edilib,”-deyə polkovnik əlavə edib.

Xəbər agentlikləri urmiyəli bloggerin adı və kimliyi ilə bağlı məlumat verməyib.

Beynəlxalq insan haqları qruplarına istinadən İran İslam Respublikası internetə ciddi və ağır nəzarət edir və ölkədə internet fəaliyyətləri üzündən təzyiq, həbs və işgəncəyə məruz qalanların sayı kəskin artmaqdadır.

Ötən ilin noyambr ayında İranın İnternet Polisi tərəfindən həbs edilən İranlı blogger Səttar Beheşti həbsxanada sorğu-suala çəkildiyi günlər həyatını itirdi. İnsan haqları qrupları onun ağır işgəncələr üzündən öldüyünü yazıb.

AZERTIMES.COM

Share/Save/Bookmark