MƏN – MƏNA – MƏNƏVI- YOLRUH ATALI
(İçsəs)
Mən – insandır, Məna – insanidir.
***
“Məna” “mən” sözündəndir – insan hər şeydə öz mənini axtarır.
***
Hər şeyin öz mənası – hər şeyin öz mənidir.
***
Məna – varlığın məni, mənliyidir.
***
Dünyanın, həyatın, insanın mənası – dünyanın, həyatın, insanın məni, mənliyidir.
***
Dünyada, həyatda məna görmək, aramaq – insanın öz mənini görməsi, aramasıdır.
***
Mən – özdür, özlükdür, mahiyyətdir, insanlıqdır, ruhdur.
***
Olayların mənasını dərk etmək – onların mənini, mənliyini dərk etməkdir.
***
“Mənəvi” – mənə, mənaya uyğun olandır.
***
“Mənəviyyat” – mənlər, mənalar toplusudur.
***
Mənəviyyatlı olmaq – dünyadakı bütün mənalara yiyələnməkdir, mənayla dolub-daşmaqdır.
***
Mənəviyyatsızlaşmaq – dünyada heç bir məna aramamaq, anlamamaq, görməmək, duymamaqdır, özünü, özümlüyünü itirməkdir.
***
Mənəviyyatlı duyğular, işlər – mənliyi yaradan, böyüdən, təsdiq edən duyğu və işlərdir.
***
Mənəviyyatsız duyğular, işlər – mənliyi öldürən, itirən duyğu və işlərdir.
***
Məna birdir – İnsanidir!
***
Atamız var olsun!
11 Közərti 35-ci il.
(11.6.2013).