İRANIN YENI PREZIDENTI TERRORÇULUQDA ITTIHAM OLUNUR

AZOH: Argentinada törədilmiş terror aktına dair qərarın qəbulunda Həsən Ruhaninin də iştirak etdiyi bildirilirruhani

İranın yeni prezidenti Həsən Ruhani 1994-cü ildə Argentinanın paytaxtı Buenos-Ayresin yəhudi mərkəzində baş vermiş terror aktına dair qərar qəbul etmiş xüsusi komitənin üzvlərindən olub. Bu iddia Iran kəşfiyyatının keçmiş agenti, sonradan Qərbə qaçmış Əbülqasım Məsbaninin ifadəsində yer alıb.

Dindirmə zamanı o bildirib ki, terror aktı barədə qərar 1993-cü ilin avqustunda Milli Təhlükəsizlik Şurasına bağlı xüsusi əməliyyat komitəsi tərəfindən qəbul olunub. “Həmin vaxt Ruhani Milli Təhlükəsizlik Şurasının katibi olmaqla, komitənin iclaslarında iştirak edib”, – deyə 2005-ci ildə Argentinanın baş prokuroru tərəfindən hazırlanmış ittihamnamədə bildirilir.

Ifadədə yazılanlara görə, keçmiş prezident Əli Əkbər Rəfsəncani, xarici işlər naziri Əli Əkbər Vilayəti, kəşfiyyat naziri Əli Fələhican da komitəyə daxil olub. Komitəyə şəxsən ayətullah Əli Xamneyi rəhbərlik edib.

Ekspertlərin fikrincə, Ruhani komitədə söz sahibi olmayıb, sadəcə, Rəfsəncaninin tabeçiliyində olan adam kimi, texniki funksiyaları yerinə yetirib.

Xatırladaq ki, sözügedən terakt 1994-cü il iyulun 18-də baş verib. Argentina Yəhudilərinin Qarşılıqlı Yardım Assosiasiyasının yerləşdiyi binanın qarşısında avtomobilə yerləşdirilmiş qurğu vasitəsilə partlayış törədilib. Nəticədə 85 nəfər həlak olub, 300 nəfər yaralanıb.

Bu iş üzrə istintaq aparılarkən beş nəfər Interpol vasitəsilə axtarışa verilib ki, onların da hamısı iranlı olub. Axtarışa verilənlər arasında Iranın keçmiş informasiya və təhlükəsizlik naziri Əli Fələyan, Islam inqilabı Keşikçiləri Korpusunun keçmiş komandanı Mohsən Rzayi və Argentinada çalışan üç nəfər iranlı diplomat olub.

Bu ilin mayında prokuror Nisman yeni ittiham aktı hazırlayıb ki, burada da Iran terrorizmdə günahlandırılır. Sənəddə yazılanlara görə, Latın Amerikasında casus şəbəkəsi yaradılıb və bu şəbəkə eyni zamanda, terrorçuluqla məşğuldur.

AZERTIMES.COM

Share/Save/Bookmark