İlham Əliyev İrana gedəcəkmi?

AZOH: Tehran bütün ölkələrin rəhbərlərini yeni prezidentin andiçmə mərasiminə dəvət edibilham-ruhani

Ekspert tədbirdə Azərbaycanın prezident səviyyəsində təmsil olunacağını düşünmür

Bütün ölkələrin başçıları İranın yeni seçilmiş prezidenti Həsən Ruhaninin inauqurasiyasına dəvət ediliblər. Bu barədə İran XİN-in mətbuat katibi Abbas Əraqçi bildirib. Onun sözlərinə görə, tədbirə Avropa ölkələrinin başçıları və ABŞ prezidenti də dəvət edilib. Əraqçı əlavə edib ki, bəzi ölkələrin başçıları artıq dəvəti qəbul edib və inauqurasiya mərasimində iştirak edəcəklərini bildiriblər.

Məlumatı “İSNA” agentliyinə istinadla “Trend” yayıb.

Bundan əvvəl parlamentin rəyasət heyətinin mətbuat xidmətinin başçısı Qolam-Reza Mesri də bildirib ki, İsraildən başqa bütün ölkələr mərasimdə iştirak edə bilər.

Həsən Ruhaninin inauqurasiya mərasimi avqustun 4-də olacaq.

Şübhəsiz ki, Tehrana dəvət alanlardan biri də Azərbaycan prezidenti İlham Əliyevdir. Bəs, İlham Əliyev mərasimdə iştirak edəcəkmi?

XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirdi ki, bu barədə dəqiq məlumatı yoxdur, sualımıza bazar ertsə cavab verə bilər. O, daha dəqiq məlumatı prezidentin mətbuat xidmətindən ala biləcəyimizi də əlavə etdi. Prezidentin mətbuat xidməti ilə isə əlaqə saxlamaq mümkün olmadı.

Mövzu ilə bağlı ekspert dəyərləndirməsi üçün müraciət etdiyimiz politoloq Mübariz Əhəmdoğlu hesab edir ki, İranla Azərbaycan arasında kifayət qədər həll olunmamış məsələlər var. Bu baxımdan prezidentin mərasimdə iştirak edəcəyi inandırıcı görünmür: “ Bu mərasimin keçirilməsinə kifayət qədər vaxt var. İndidən Azərbaycan prezidentinin iştirak edib- etməyəcəyini söyləmək çətindir. Ancaq dəvət varsa, XİN-in məsul işçilərindən və yaxud PA-nın şöbə müdirlərindən kimsə iştirak edə bilər. İran prezidentini ilk təbrik edən Azərbaycan prezidenti oldu.Biz İranla münasibətlərin gərginləşməsinin tərəfdarı deyilik. Ancaq İranın Qarabağ məsələsində, Xocalı  faciəsinə münasibətdə  tutduğu mövqe yanlışdı. Bu mənada düşünmürəm ki, prezident səviyyəsində həmin tədbirdə iştirak olsun”.

AZERTIMES.COM

Share/Save/Bookmark