Həsən Dəmirçi haqqında həbs hökmü çıxarılıb

AZOH: İran Azərbaycanında tanınmış musiqi müəllimi altı ay müddətinə azadlıqdan məhrum edilə bilər

Tanınmış azərbaycanlı musiqiçi və musiqi müəllimi Həsən Dəmirçi İranda Azərbaycan türklərinin milli-mədəni haqları uğrunda fəaliyyəti üzündən Təbriz İnqilab məhkəməsi tərəfindən altı ay həbs cəzasına məhkum olub.

İnqilab Məhkəməsinin hakimi Bağırpurun çıxardığı və İran Azərbaycanlı vəkil Nağı Mahmudi tərəfindən internet səhifələrində nəşr edilən hökmün nüsxəsinə görə, Həsən Hərgülü və Həsən Azərbaycan adları ilə də tanınan musiqiçi “İrana müxalif olan etnik qrupların xeyrinə müqəddəs İran İslam Respublikası nizamına qarşı təbliğat” aparmaqda ittiham olunub.

Məhkəmə sənədində deyilir ki, cənab Dəmirçi “icazə almadan musiqi sinifləri təşkil etmək və gizlicə musiqi tədrisi”, “Türkiyə və ölkə daxilində BMT-dən İran Azərbaycanı üçün referendum tələbi ilə bağlı təşkil olan toplantılara qatılma”, “səlahiyyətli orqanlardan icazə almadan əhalidən ianə toplama” və “həbsdən azad olmuş separatçı fəallarla toplu şəkildə görüşmə” kimi fəaliyyətlər səbəbilə altı ay həbsə məhkum edilib.

Sənəddə qeyd edilən “əhalidən ianə toplamaq” məsələsi cənab Dəmirçinin ötən il Şərqi Azərbaycan vilayətinin Qaradağ bölgəsində baş verən zəlzələ zamanında apardığı fəaliyyətlərlə bağlıdır.

Milli-mədəni fəaliyyətləri səbəbilə dəfələrlə həbs, təqib və təhdidlərlə üzləşib, musiqi mərkəzinin qapadılması kimi basqılara məruz qalan Həsən Dəmirçi İran Azərbaycanından başqa Türkiyə və Avropada keçirilən müxtəlif mərasimlərdə öz musiqi qrupu ilə birlikdə Azərbaycan mahnılarını ifa edib. “Muğam; öyrəncilər üçün” kitabının yazarı həmçinin Türkiyə Radio Televiziya Qurumunun (TRT) təşkil edib, yayımladığı musiqi proqramlarında iştirak edib.

VOA

Share/Save/Bookmark