İsveçdə İran əleyhinə aksiya keçirilib

AZOH: Azərbaycan türkləri iyulun 28-də İranın İsveçdəki səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər

Güney Azərbaycan Demokrat Partiyası (GADP) və Azərbaycan Öyrənci Hərəkatının (AZOH) təşkilatçılığı ilə baş tutan piket 17 gündür aclıq aksiyası keçirən və hazırda Kərəcin Rəcayişəhr həbsxanasında saxlanılan Yeni GAMOH təşkilatının üzvlərinə - doktor Lətif Həsəni, Yürüş (Ayət) Mehrəlibəyli, Mahmud Fəzli, Savalan (Səccad) Radmehr, Behbud Quluzadəyə dəstək məqsədi daşıyıb. Üç saat davam edən aksiyada İran əleyhinə müxtəlif siyasi şüarlar səsləndirilib, azərbaycanlı siyasi məhbusların azadlığa buraxılması, azərbaycanlı fəallara qarşı təqiblərə, təzyiqlərə, qeyri-qanuni həbslərə və məhkəmə hökmlərinə son verilməsi, Urmiya gölündəki ekoloji fəlakətin aradan qaldırılması üçün ciddi tədbirlər görülməsi tələb edilib. Piket dinc şəraitdə keçirilib və İsveç polisi aksiyaya heç bir müdaxilə etməyib. Piket qətnamənin oxunması ilə başa çatıb.
Qeyd edək ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları mühəndis Mahmud Fəzlini 2012-ci il dekabrın 31-də Təbriz şəhərində, Ayət Mehrəlibəylini 2013-cü il yanvarın 9-da Təbrizdə, doktor Lətif Həsənini fevralın 6-da Kərəc şəhərində, mühəndis Şəhram Radmehri fevralın 6-da Meşkinşəhr (Xiyav) şəhərində və Behbud Quluzadəni fevralın 16-da Qoşaçay (Miyandab) şəhərində həbs edib. L. Həsəni Yeni GAMOH təşkilatının sədri, digərləri isə həmin qurumun Mərkəzi Komitəsinin üzvləridirlər. Təbriz İnqilab Məhkəməsi azərbaycanlı fəalları hakimiyyət əleyhinə təbliğat aparmaq və qanunsuz təşkilat yaratmaqda günahlandıraraq onların ümumilikdə 45 il müddətinə azadlıqdan məhrum edilmələri barədə qərar qəbul edib.

Share/Save/Bookmark