Ruhani: İranda fars, türk və ya ərəb hökuməti yoxdur. İran hökuməti var!

İran prezidenti Həsən Ruhani avqustun 19-da keçmiş nazirlərin vidalaşma, yeni nazirlərin təqdimat mərasimində çıxış edib.ruhani

“Media forum” saytının məlumatına görə, Həsən Ruhani deyib:

“Bizim ali təhsilli qadınlarımız var. Onlar boyunlarına ciddi məsuliyyət almağa hazırdır. Qadınların nazir postuna təyin edilməməsi ölkəyə hakim özəl şəraitə görədir. Biz xanımlara minnət qoymuruq. Bu onların qanuni və təbii hüququdur. Elə buna görə də mən nazirlərə tövsiyə edirəm ki, müxtəlif vəzifələrdə qadınlar və gənclərdən də istifadə etməyə çalışsınlar”.

Ölkədəki etnik qrupların hüququna toxunan Həsən Ruhani deyib ki, bütün əhali bərabərhüquqlu vətəndaşlardır: “Mənim hökumətimdə heç bir rəsmi, o sıradan da Daxili İşlər Nazirliyinin rəsmiləri ölkənin müxtəlif xalqları, dinləri və məzhəbləri arasında fərq qoymamalıdır, onların vətəndaşlıq hüququna riayət etməlidir.

Çünki hamının hüququ bərabərdir, türk, lor, bəluc və ərəb arasında heç bir fərq yoxdur.

İranda fars, türk və ya ərəb hökuməti yoxdur. İran hökuməti var. İran vahid bir çətirdir və hamımız bu vahid çətirin altındayıq. Vahid bir sistemimiz var və hamımız da bu vahid sistemin altındayıq.

“Vəliyyi-fəqih”imiz (dini lider) var, hamımız da onun çətirinin altındayıq və bir konstitusiyamız var, yenə də hamımız onun çətiri və himayəsinin altındayıq. Güman edirəm ki, lor, türk, ərəb və fars hamısı eyni güllərdir. Sadəcə ayrı-ayrı rənglərinə görə seçilirlər. Ölkədəki xalqlar və etnik qruplar İran gülüstanının dürlü-dürlü gülləridir”.

Həsən Ruhani Urmiya gölünün qurumasından narahat olduğunu bəyan edib:

“Urmiya gölü ilə bağlı problemin həlli üçün Energetika Nazirliyinin nəzarəti altında fəaliyyət göstərəcək bir işçi qrupun yaranması nəzərdə tutulub. Həmin işçi qrup 2-3 ay ərzində Urmiya gölünün indiki vəziyyəti ilə bağlı hesabat hazırlayıb təqdim etməli, problemin həlli istiqamətində ilkin addımlar atılmalıdır. Urmiya gölünün indiki vəziyyəti davam etsə, gölün quruması ölkə üçün bir faciəyə çevriləcək və ən azı 14 milyon nəfər ziyan görəcək”.

Share/Save/Bookmark