Nadir Qazipur: Deyirlər nə üçün türkdillilərin fraksiyasını yaradırsınız? / Urmu Gölünü Canlandırma Mərkəzi gölə bir damla da su əlavə etməyib

Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili sentyabrın 6-da Qərbi Azərbaycan müxbirləri ilə keçirilən konfransda Urmu Gölünü Canlandırma Mərkəzinin fəaliyyətini tənqid edib.

“Son məlumata görə, sentyabrın 6-da Urmu gölünün su səviyyəsi tarazlığı 1270.61 metr olub. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə -hansıki 1270.14 metrdən ibarət olub- 47 santimetr artım göstərir. Lakin bu artım yağıntılar nəticəsində əmələ gəlib və Urmu Gölünü Canlandırma Mərkəzi gölə bir damla belə su əlavə etməyib”- deyə Nadir Qazipur bildirib.

Millət vəkili əhalini Urmu Gölünü canlandırma kampaniyasına dəstək verməyə də çağırıb. Onun sözlərinə görə, “Əgər kampaniyaya qoşulanların sayı 1 milyona çatarsa, beynəlxalq qurumlar Urmu gölünə yardım etməyə başlayacaq.”

N.Qazipur söhbətinin bir hissəsində isə siyasi bir məsələyə toxunub. O bildirib ki, “heç bir millət vəkili parlamentdə gur səslə “Yaşasın Azərbaycan” sözünü deyə bilmirdi. Həqiqət budur ki, bu çıxış tərzini mən yaratmışam.”

“Mənə deyirlər ki, nə üçün türkdillilərin fraksiyasını yaradırsız? Nəyə görə yaratmamalıyıq? Bəs nə üçün kürdlərin, kürddillilər fraksiyası var, ama azərbaycanlılar üçün olmaz? Görəsən biz təhlükəliyik?”- deyə millət vəkili son günlərdə “İran” qəzetinin müxbiri ilə yaşadığı gərginliyə toxunaraq deyib.

N.Qazipur əlavə edib ki, öz haqqımızı müdafiə etdiyimizə görə bizə bölücü damğası vurulmamalıdır. ““İran” qəzetinin müxbirinin rəftarları heç yaxşı deyildi, mənim yerimə hər kəs olsaydı daha sərt reaksiya verərdi. Ona görə ki, kimsə müxbir olduğuna görə etnikləri təhqir edə bilməz”- deyə millət vəkili vurğulayıb.

Share/Save/Bookmark