Obama yenə barmaq silkələdi: Qəzzafi məsuliyyətə cəlb olunmalıdır

AZOH: Liviya lideri Müəmmar Qəzzafi dinc sakinlərə qarşı amansız davranışına görə məsuliyyətə cəlb olunmalıdır. Bunu ABŞ prezidenti Barak Obama ənənəvi radio müraciətində bəyan edib (AP).

Obama Liviya rəhbərliyini dinc sakinlərə qarşı hücumları dayandırmağa çağırıb. Beynəlxalq koalisiyanın əməliyyatını yüksək qiymətləndirən Ağ Ev rəhbəri mühüm uğurun əldə olunduğunu deyib. O, Liviyadakı əməliyyatın ABŞ-ın milli maraqlarına cavab verdiyini də qeyd edib. Onun sözlərinə görə, qanlı mübarizəyə söz verən Qəzzafi bunu bacarsaydı, bütün regionda qeyri-sabit vəziyyət yaranardı. Barak Obama Liviyaya çevik hərbi müdaxilənin saysız qurbanların və humanitar fəlakətin qarşısını aldığını bəyan edib.

ABŞ prezidenti onu da bildirib ki, Qəzzafi qüvvələri mühasirəyə aldıqları şəhərlərin ətrafından tam kənarlaşdırılmalı və sakinlərə humanitar yardımın çatdırılmasına imkan verilməlidir.

ABŞ-ın Liviyadakı beynəlxalq əməliyyatda yalnız məhdud iştirakını vurğulayan Barak Obama Vaşinqtonun bu ölkəyə quru qüvvələr göndərmək niyyətində olmadığını da bəyan edib. O, bildirib ki, amerika hərbçiləri yalnız Liviya səmasında uçuşsuz zonanın qorunmasını və ölkəyə silah gətirilməsinə yol verməmək məqsədilə dəniz blokadasını təmin edir.

«Qəzzafi xalqının etimadını və hakimiyyətdə legitimliyini artıq itirib. Liviya xalqının ümidləri reallaşmalıdır. Hər bir amerikalı Liviyada xilas etdiyimiz insanların həyatı və orada göstərilən xidmətə görə fəxr edə bilər. Liviya xalqı və bütün dünya görür ki, ABŞ öz taleyini müəyyən edə biləcəyi gələcəyə ümid bəsləyənlərin tərəfindədir. Bizim Liviyada hərbi missiyamız aydındır. Biz müttəfiqlərimizlə birlikdə BMT Təhlükəsizlik Şurasının mandatını gücləndiririk. Biz Liviya xalqını Qəzzafi qüvvələrindən qoruyuruq. Biz Liviyanın havadan müdafiəsini təmin edirik. Qəzzafi qüvvələri artıq Liviyada irəliləyə bilmir»-deyə Barak Obama bildirib.

Eğ Evdən verilən məlumata görə Barak Obama martın 28-də ABŞ-ın Milli Müdafiə Universitetində Liviyada vəziyyətlə bağlı çıxış edəcək.

AZADLIQ

Share/Save/Bookmark