English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Dağlıq Qarabağa müstəqilliyin verilməsi mümkünsüzdür

AZOH: Azərbaycan prezidenti: "Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli, heç bir şərt irəli sürülməməlidir"

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində mövqeyimiz birmənalıdır. Bu məsələdə beynəlxalq hüquq normaları tam şəkildə təmin edilməlidir".

"AzərTac" agentliyinin verdiyi məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında deyib.

Prezident bildirib ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi qeyd-şərtsiz icra edilməlidir: "Necə ki, Liviya ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə saatdan sonra icra edilməyə başlanıb. Mən bu barədə artıq fikrimi bildirmişəm. Bir daha demək istəyirəm ki, bu, ədalətsizlikdir, ikili standartdır və bu, ayrı-seçkiliyi heç bir səbəblə izah etmək mümkün deyil. Çünki ermənilər tərəfindən azərbaycanlılara qarşı soyqırımı - genosid törədilib. Xocalı soyqırımı törədilib. Ermənilər tərəfindən günahsız insanlar vəhşicəsinə qətlə yetiriliblər. Nədənsə o zaman dünya birliyi bizim dərdimizə biganə qaldı. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri uzun illərdir ki, işğal altındadır. Təhlükəsizlik Şurasının 4 qətnaməsi qəbul edilib, ATƏT-in qərarları, Avropa Parlamenti, Avropa Şurası, İslam Konfransı Təşkilatı, NATO-nun qərarları - bütün bunlar işğal edilmiş torpaqlardan erməni qoşunlarının çıxarılmasını tələb edir. Ancaq məsələ həllini tapmır. Belə olan halda haqlı olaraq Azərbaycan vətəndaşları sual verirlər ki, nə üçün bizə qarşı münasibət fərqlidir? Bunun səbəbi nədir? Mən də bu sualı beynəlxalq ictimaiyyətə, beynəlxalq aləmdə nüfuza malik olan ölkələrə ünvanlayıram".

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, işğala son qoyulmalı və bu məsələ tezliklə həllini tapmalıdır: "Çünki Azərbaycan xalqının səbri tükənməz deyil".

Prezident danışıqlar prosesində Azərbaycanın mövqeyinin birmənalı olduğunu vurğulayıb: "Bu mövqe bizim arzularımıza deyil, beynəlxalq hüquqa əsaslanır və beynəlxalq hüquq hələ ki, dünyada başlıca meyardır. Biz indi görürük ki, beynəlxalq hüquq normaları müxtəlif yerlərdə kobudcasına pozulur. Ona görə də Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli, heç bir şərt irəli sürülməməlidir".

İlham Əliyev vurğulayıb ki, hazırda danışıqlar masasında olan təkliflər Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edəcək. Eyni zamanda, məsələ öz həllini Dağlıq Qarabağda yaşayan insanların və oraya mütləq qayıdacaq Azərbaycan vətəndaşlarının muxtariyyət, özünüidarəetmə statusunda yaşamasını təmin edə biləcək prinsiplər əsasında tapa bilər: "Bir daha demək istəyirəm ki, Dağlıq Qarabağa müstəqilliyin verilməsi, yaxud nə vaxtsa bunun edilməsi mümkünsüzdür. Bu, danışıqlar mövzusu deyil və olmayacaq".

Dövlət başçısı qeyd edib ki, birinci rübdə bu məsələ ilə bağlı ATƏT-in qiymətləndirmə missiyası işğal edilmiş torpaqlara səfər edib: "Bu missiya bizim təklifimiz əsasında baş tutub. Ermənistan tərəfi buna etiraz etməyə cəhd göstərib. Bildiyiniz kimi, 2005-ci ildə oxşar missiya işğal edilmiş torpaqlara səfər edib. O, faktaraşdırıcı missiya idi. Yəni, belə adlandırılırdı. Missiyanın əsas məqsədi işğal edilmiş torpaqlarda vəziyyəti araşdırmaq və məruzə hazırlamaq idi. Mən bilirəm ki, Azərbaycan cəmiyyətində missiyanın yekun məruzəsi ilə bağlı müxtəlif fikirlər var. Haqlı olaraq cəmiyyətimiz narahatlığını bildirir ki, o məruzədə ifadələr o qədər də kəskin deyil. Ancaq qeyd etmək istəyirəm ki, missiyanın məqsədi və mandatı ondan ibarət idi ki, mövcud vəziyyəti öyrənsin və gördüklərini məruzədə ifadə etsin. Bu baxımdan hesab edirəm ki, məruzədə göstərilən məsələlər reallığı əks etdirir".

Prezident məruzədə əksini tapmış bir neçə vacib məsələni deyib: "Birincisi, orada açıq-aydın göstərilir ki, işğal edilmiş ərazilərdə ermənilər tərəfindən bütün infrastruktur dağıdılıb. Biz bunu onsuz da bilirdik, 2005-ci ildə bu, göstərilmişdi və bu il də bu göstərilir. Yəni, erməni vandalizminin nəticələrini missiya öz gözü ilə görüb. Məscidlərimiz, qəbirlər, bütün infrastruktur dağıdılıb, ya da ki, talan edilib. İkinci vacib məsələ ondan ibarətdir ki, məruzədə göstərilir ki, işğal edilmiş rayonların inzibati hüdudlarını süni şəkildə dəyişdirmək olmaz. Bu, birbaşa Ermənistana ünvanlanan tələbdir. Biz yaxşı bilirik ki, orada qondarma yerli hakimiyyət Ermənistanın göstərişi ilə bizim rayonların hüdudlarını süni şəkildə dəyişdirmək istəyir. Bununla bərabər, rayonların tarixi və əzəli adlarının dəyişdirilməsi də yolverilməz hal kimi məruzədə göstərilib. Bu da birbaşa Ermənistana ünvanlanan iraddır. Çünki şəhərlərimizin adlarını onlar dəyişdirmək istəyir və onlardan başqa o yeni adları heç kim tanımır və tanımayacaq".

Prezidentin sözlərinə görə, məruzədə buna oxşar kifayət qədər məsələ əksini tapıb: "Bütün bu məsələlər əvvəlki məruzədə də bu və ya digər formada əksini tapmışdı, sadəcə olaraq bir daha təsdiq olunur. Ən vacib məsələlərdən biri də hesabatda işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşma siyasəti aparılmasının göstərilməsidir. Hazırda Laçın və Kəlbəcər rayonlarında, - daha çox bu iki rayonda -14 min qanunsuz məskunlaşma halı var, yəni həmin yerlərdə 14 min insan yaşayır ki, onlar orada yaşamamalıdırlar. Onlar sonradan bu torpaqlara köçürülüblər və bu da hesabatda yolverilməz hal kimi göstərilir".

Dövlət başçısı məruzədə göstərilən daha bir vacib məsələyə də toxunub: "Məruzədə deyilir ki, "status-kvo", yəni indiki vəziyyət davam edə bilməz. Məruzədə bu, ən vacib məsələlərdən biridir. Çünki uzun illərdir ki, Azərbaycan dövləti bütün tribunalarda, bütün beynəlxalq təşkilatlarda, eyni zamanda, həmsədr ölkələrin rəsmiləri ilə birbaşa görüşlərdə məsələ qaldırır ki, "status-kvo" dəyişdirilməlidir. Ermənistan tərəfi bütün imkanlardan istifadə edir, çalışır ki, danışıqları uzatsın. Müəyyən mərhələdə razılaşdırılmış məsələlər onlar tərəfindən yenidən danışıqlar masasına qoyulur və onlar əvvəlcədən razılaşdırılmış məsələlərdən geri çəkilirlər. Yəni, istəyirlər ki, bu proses sonsuz, daimi, əbədi olsun, daim bu danışıqlar getsin və guya ki, Ermənistan danışıqlarda özünü konstruktiv aparır. Halbuki biz dəfələrlə demişik ki, Ermənistan danışıqlarda qeyri-səmimidir. Onların məqsədi məsələnin həlli deyil. Onların məqsədi işğal edilmiş torpaqları nə qədər mümkündür öz nəzarəti altında saxlamaq və "de-fakto" vəziyyəti gələcəkdə "de-yure" vəziyyətinə çevirməkdir. Onların niyyəti ondan ibarətdir ki, nə qədər çox vaxt keçsə, o qədər yaxşıdır, yəni, dünya birliyi bu vəziyyətlə barışacaq və beləliklə, bu vəziyyət - danışıqlar prosesi sonsuz aparılacaq".

Prezident bəyanlayıb ki, Azərbaycan imitasiya, danışıqlar naminə danışıqlarda iştirak etməyəcək: "Bizim kəskin fikrimiz bundan ibarətdir, "status-kvo" dəyişdirilməlidir. "Status-kvo"nun dəyişməsi nə deməkdir, bunu hamı yaxşı başa düşür. O deməkdir ki, Azərbaycan torpaqlarından işğalçı qüvvələr çıxarılmalıdır. Məruzədə bu tezisin göstərilməsi hesab edirəm ki, çox vacib məsələdir. Azərbaycanın mövqeyi həmsədr ölkələr - ATƏT tərəfindən də dəstəklənir. "Status-kvo"nun qəbuledilməz olması birinci dəfə deyil ki, səslənir. Bunu həmsədr ölkələrin yüksək vəzifəli şəxsləri də öz bəyanatlarında bildiriblər. Əgər "status-kvo" dəyişdiriləcəksə - bu, mütləq dəyişdirilməlidir - əlbəttə ki, Azərbaycanın hazırda işğal altında olan torpaqlarından işğalçı qüvvələr çıxarılacaq. Bu, tezliklə baş verməlidir. Ermənistana imkan verilməməlidir ki, danışıqları süni şəkildə, müəyyən bəhanələrlə uzatsın. Ermənistan konkret təkliflərə konkret cavab verməlidir ki, torpaqlarımızın işğalçılardan azad edilməsi prosesi başlasın".

XALQ CEBHESI

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter