گونئی آذربایجان قورتولوش پارتیاسینین م ب ت گنل سئکرئتئرینه یازیلان بیلدیریش ایله باغلی آچیقلاماسی!
2012.12.12 تاریخینده “گونئی آذربایجان سیاسی تشکیلاتلاری بمت-دن آزربایجانین ایستیقلالینا رئفئراندوم طلب ائتدی” اونوانیله 9 ایمضالی بیر بیلدیریش یاییلمیشدیر. بو بیلدیریشین یاییمی ارفهسینده گونئی آذربایجان قورتولوش پارتیاسینین آمئریکا نمایندهسی سایین رضا بی سلهشورا تئلئفون اولونور و گاقپ-نین دا آدینین بو بیلدیریشده اولماسی ایستنیلیر. رضا بی، بو رئفئراندوم ایستیینین هله تئز اولماسینی دئسه ده، آذربایجان میللی دیرچلیش تشکیلاتینین سؤزچوسو سایین داوود تورانین ان آزی بو حاقدا 2-ایل تبلیغاتا احتیاج وار سؤزو اونو راضی ائدیر. آنجاق، رضا بی، بو حاقدا گاقپ-نین رسمی گؤروشونون نه اولدوغونو قورومون باشقانی ایله دانیشاندان سونرا بللی ائدجیینی دئییر. سایین ائلدار قاراداغلینین همین گونده خسته اولدوغوندان دولایی سایین رضا بی اونونلا تاماسا گیره بیلمیر. بو اوزدن، آبد نمایندهمیز سایین رضا بی، سایین داوود بیه گاقپ-این راضی اولاجاغینی دئییر. آنجاق، بونو دا وورغولاییر کی، بیلدیریشده رئفئراندومون ان آزی 2-ایل سونرا گئچیریلمهسی نظره آلینمالیدیر. چونکی، حاضردا بو ایشین هئچ طرفی بللی و آیدین دئییلدیر. بو بیر حالدادیر کی، هارداسا 20 گون بوندان اؤنجه گونئی آذربایجان دئموکرات پارتیسینین سؤزچوسو سایین م. بیلگین ائلدار بیه تئلئفون آچیر و همین متینین ایلک قارالاماسینین گؤندرمهسینی دئییر. سایین بیلگین، گاقپ-نین دا اونا قاتیلماسینی ایستییر. لاکین، ائلدار بی طرفیندن گاقپ-نین بئله ناشی سیاسی اویونلارا گئتمیجیی دئییلیر. ائلدار بی، همان تئلئفون گؤروشونده بو حاقدا دیالوق و گؤروشلرین گئچیریلمهسینین طرفینده اولدوغونو بیلدیریر. حتی ائلدار بی، همین تئلئفون گؤروشونده بئله بیلدیریشین یاییلماسی قارشیسیندا گاقپ-نین عکس بیلدیریشی یاییلاجاغینین آلتینی چیزیر.
عزیز میللتیمیز!
سؤزسوز کی، هر سیاسی آددیمین مؤهکم دایاناجاغی اولمادان، آتیلماسی بؤیوک ختا و پئشمانچیلیق ایرهلی گتیرهجکدیر. 100-ایللیک چئشیدلی آجی تجروبهلره مالیک اولان بیر توپلومون آردیجیل بوش تجروبهلره دایانما گوجو قالمامیشدیر آرتیق. میللتلشمه سورجینده بیر میللتین لیبئرالیزمه سوروکلنمهسی گاقپ-نا گؤره، باغیشلانماز بیر گیریشیمدیر. گاقپ-نین بئله لیبئرال گیریشیملرین زامانینا هله چوخ وار دوشونجهسینه بعضیلری قارشی گلبیلر. بو اونلارین اؤز ایشیدیر، لاکین میللتیمیزین دوشونجسل آیاقلانماسی، سیاسی موتیولردن داها چوخ اؤز یاشام فلسفهسینه باغلانمالیدیر. و بو باغلانتی، گونئیین بوتون میللی قوروملرینین دییشمز ایستراتئژیسینی اولوشدورمالیدیر. بیز، بوگونکو رئفئراندوملارین میللتیمیزه وئرهجک کسین زیانلارینین اینجهلمهسینی یاخین گونلره بوراخیر، رئفئرادوملا باغلی ایلکین حاضرلیق سورجینه قیسساجا ایشاره ائدیریک:
-بو گوندک گونئیین هانسی سیاسی قورولوشو و یا بیرلیکده اولان قوروملاری مبت-نین گنل سئکرئتئری بان کی مون،لا گؤروشهرک کیم اولدوغوموزو، کیملرین سیاسال نمایندهلیگینی ائتدیگیمیزی اورتایا قویوبلار.
-هله، بانکیمون قالسین، هانسی قوروموموزون بوگوندک 10 قات گنل سئکرئتئرین آلتیندا اولان بمت رسمیلریله گؤروشو اولوب و گونئیین بیر آغیزدان چیخان ائتنیک، جوغرافی، سیاسی، ائکونومی وب. گرچکلرینی بلگهلر فورماسیندا رسمیلشدیره بیلیبدیر؟
اگر صمیمی اولارساق سونوج صیفیردیر! ائل سؤزو وار دئییر: “چلیکله قوشما یاریشینا چیخیلماز!”
عزیز سنگرداشلار!
آذربایجان داواسی، کسین رادیکال تورکچولوک داواسیدیر. یؤن داواسیدیر. اؤز اولما داواسیدیر. تورک دونیاسی داواسیدیر. آذربایجان مرکزلی تورکچو دوشونجه داواسیدیر. بو داوانین دوشونجه و فیزیک طرفی وار! 67-ایل بوندان اؤنجه دوشونجهسی یئترسیز اولان، اؤزونو دوزگون تانیتامایان بیر توپلومون بیر اودوم سو کیمی اودولماسی و اؤزگهلرین اویونونا گلمهسینین گرچکلرینی اونوتمامالیییق! بیز، هله ده همان میللتیک. ان آزیندان %70 کوتلهمیزین اؤزونو تانیملاما گوچو چاغداش ایستکلریمیزین آلتیندادیر. 30- 40-ایللیک سیاسی تجروبهسی اولان بیر چوخ تانینمیش یازار و سیاستچیلریمیزین یاواش-یاواش تورک دویغولارینین اوتانمادان اوزه چیخماسی سئویندیریجی اولسا دا، آلدادیجی اولمامالیدیر. ایللر بویو سووئت آزربایجانچیلیق ایدئولوژیسینین آنتیتورکچو کومپانیاسی میللتیمیزین دوشونجه اؤزللیگینی اولمازین اؤزگهلیکلییه سوروکلهییبدیر. هله ده، پانفارسیزلرین علینده اولان “پانتورکیزم” شوارلاری آلتیندان چیخماق اوچون اوتانج تری دؤکنلریمیز آز دئییللر! بو اوزو قارا سویداشلار، “بیز پانتورکیست دئییلیک، بیز، آزریگیک!” آلچاقلیغی ایله فارسلارا نؤکر اولماغی هر شئیدن اوستون توتورلار. بو سایاق، ایللر بویو فیکیر اسارتینده ساخلانان تورک میللتیمیزی راحتجاسینا فارس سیاست مئیدانینا ایتهلمک دوغرو یؤنتم دئییلدیر! اؤنجه، میللتین بؤیوک آلانی طرفیندن قبوللانمیش میللی قوروملارین اولوشماسی گرکمکدهدیر. الفته، پکک، ایریش (شینفیلد)، آزاد کاتالان، اؤزگور کئبئک و بو کیمی بیر چوخ تانینمیش میللی اؤرگوتلرین ایللر بؤیونجا بیر هدف اوستونده دایانمسی ایله بیزیم دوروموموزون فرقی یئردن-گؤیهدیر. هله، بیزیم ایچیمیزده بایراق، خریته، نوفوس کیمی ایلکین میللی سیمووللارین دارتیشماسی ساواش مئیدانینا چئوریلیر. ایچیمیزده، نه دوشونجه پایلاشماسی و نه ده ائشید-شرطسیز ایشبیرلیگی وار! بؤلگچیلیک، گیزلی سولچولوق، اؤگئی-دوغما و مئدیا اینهیسارچیلیغی وارکن میللتشمه یولوموز اوزوندور. بو دورومدا بؤلگهده باشوئرهجک هر هانسی اولایی دا شانسا بوراخماق اولماز البت! آنجاق، آذربایجان میللی تشکیلاتلارینین دا گئدری و چیخاری بللی اولمایان سیاسال موتیواسیونلارا گیرمهسی چیخیش یولو دئییلدیر! سیاسال بازارلیقلارینین آلت یاپیسیندا پولاد کیمی تمل دایاقلار گرکیر. بیزیم بو تمللره صاحب اولدوغوموزو اینانانلار وارسا بیزی ده ایناندیرسینلار. یوخسا، دویغولار آرخاسینجا دوشمغین گوئیین میللتچی، تورکچو حرکاتینا زیاندان باشقا وئرجیی اولمایاجاقدیر. گونئیین اؤزگهلر علیله زامانسیز رئفئراندوما دئییل، اؤز علیله سرعتله میللتلشمهیه، مرکزی تشکیلاتلانماغا، واهید دونیا گؤروشونه و ایرانچیلیقدان آرالانماقلا یاناشی تورکلویه یؤنلمهسی گرکیر. گونئیین ایستیقلالا گئدن یولو درینلشمکله اولاسیدیر. زامانی گلینجه بمت-نین باش کاتیبی هامیدان اؤنجه رئفئراندوم چاغیریشی اوچون گیریشیمه گیرهجکدیر.
گونئی آذربایجان قورتولوش پارتیاسی، بیلدیریشین سیاسی یؤنتمینین یالنیش اولدوغونا و یوخاریدا سادالانمیش آچیقلامالارا دایاناراق قارداش قوروملارا تشککور ائدیر، بیر آنلاشیلمازلیق اوزوندن ایمضالار سیراسینا کئچن آدینین چیخاریلماسینی و بو قونویا آچیقلیق گتیریلمهسینی وورغویلا ریجا ائدیر!
گونئی آذربایجان قورتولوش پارتیاسی
یؤنتیم قورولو
2012-12-14
Güney Azərbaycan Qurtuluş Partiyasının MBT Gənəl Sekreterinə yazılan bildiriş ilə bağlı açıqlaması!
2012.12.12 tarixində “Güney Azərbaycan siyasi təşkilatları BMT-dən Azərbaycanın İstiqlalına Referandum tələb etdi” ünvanilə 9 imzalı bir bildiriş yayılmışdır. Bu bildirişin yayımı ərəfəsində Güney Azərbaycan Qurtuluş Partiyasının Amerika Nümayəndəsi sayın Rza bəy Sələhşura telefon olunur və GAQP-nın da adının bu bildirişdə olması istənilir. Rza bəy, bu referandum istəyinin hələ tez olmasını desə də, Azərbaycan Milli Dirçəliş Təşkilatının sözçüsü sayın Davud Turanın ən azı bu haqda 2-il təbliğata ehtiyac var sözü onu razı edir. Ancaq, Rza bəy, bu haqda GAQP-nın rəsmi görüşünün nə olduğunu qurumun başqanı ilə danışandan sonra bəlli edəcəyini deyir. Sayın Eldar Qaradağlının həmin gündə xəstə olduğundan dolayı sayın Rza bəy onunla tamasa girə bilmir. Bu üzdən, ABD nümayəndəmiz sayın Rza bəy, sayın Davud bəyə GAQP-in razı olacağını deyir. Ancaq, bunu da vurğulayır ki, bildirişdə referandumun ən azı 2-il sonra geçirilməsi nəzərə alınmalıdır. Çünki, hazırda bu işin heç tərəfi bəlli və aydın deyildir. Bu bir haldadır ki, hardasa 20 gün bundan öncə Güney Azərbaycan Demokrat Partısının sözçüsü sayın M. Bilgin Eldar bəyə telefon açır və həmin mətinin ilk qaralamasının göndərməsini deyir. Sayın Bilgin, GAQP-nın da ona qatılmasını istəyir. Lakin, Eldar bəy tərəfindən GAQP-nın belə naşı siyasi oyunlara getmiyəcəyi deyilir. Eldar bəy, həman telefon görüşündə bu haqda diyaloq və görüşlərin geçirilməsinin tərəfində olduğunu bildirir. Hətta Eldar bəy, həmin telefon görüşündə belə bildirişin yayılması qarşısında GAQP-nın əks bildirişi yayılacağının altını çizir.
Əziz Millətimiz!
Sözsüz ki, hər siyası addımın möhkəm dayanacağı olmadan, atılması böyük xəta və peşmançılıq irəli gətirəcəkdir. 100-illik çeşidli acı təcrübələrə malik olan bir toplumun ardıcıl boş təcrübələrə dayanma gücü qalmamışdır artıq. Millətləşmə sürəcində bir millətin liberalizmə sürüklənməsi GAQP-na görə, bağışlanmaz bir girişimdir. GAQP-nın belə liberal girişimlərin zamanına hələ çox var düşüncəsinə bəziləri qarşı gələbilər. Bu onların öz işidir, lakin millətimizin düşüncəsəl ayaqlanması, siyasi motivlərdən daha çox öz yaşam fəlsəfəsinə bağlanmalıdır. Və bu bağlantı, Güneyin bütün milli qurumlrının dəyişməz stratejisini oluşdurmalıdır. Biz, bugünkü referandumların millətimizə verəcək kəsin ziyanlarının incələməsini yaxın günlərə buraxır, referadumla bağlı ilkin hazırlıq sürəcinə qıssaca işarə edirik:
-Bu günədək Güneyin hansı siyasi quruluşu və ya birlikdə olan qurumları MBT-nin gənəl sekreteri BAN Kİ MON,la görüşərək kim olduğumuzu, kimlərin siyasal nümayəndəliyini etdiyimizi ortaya qoyublar.
-Hələ, Bankimon qalsın, hansı qurumumuzun bugünədək 10 qat gənəl sekreterin altında olan BMT rəsmilərilə görüşü olub və Güneyin bir ağızdan çıxan etnik, coğrafi, siyasi, ekonomi vb. gərçəklərini bəlgələr formasında rəsmiləşdirə bilibdir?
Əgər səmimi olarsaq sonuc sifirdir! El sözü var deyir: “Çəliklə qoşma yarışına çıxılmaz!”
Əziz səngərdaşlar!
Azərbaycan davası, kəsin radikal türkçülük davasıdır. Yön davasıdır. Öz olma davasıdır. Türk dünyası davasıdır. Azərbaycan Mərkəzli Türkçü düşüncə davasıdır. Bu davanın düşüncə və fizik tərəfi var! 67-il bundan öncə düşüncəsi yetərsiz olan, özünü düzgün tanıtamayan bir toplumun bir udum su kimi udulması və özgələrin oyununa gəlməsinin gərçəklərini unutmamalıyıq! Biz, hələ də həman millətik. Ən azından %70 kütləmizin özünü tanımlama güçü çağdaş istəklərimizin altındadır. 30- 40-illik siyasi təcrübəsi olan bir çox tanınmış yazar və siyasətçilərimizin yavaş-yavaş Türk duyğularının utanmadan üzə çıxması sevindirici olsa da, aldadıcı olmamalıdır. İllər boyu Sovet Azərbaycançılıq ideolojisinin antitürkçü kompaniyası millətimizin düşüncə özəlliyini olmazın özgəlikliyə sürükləyibdir. Hələ də, panfarsizlərin əlində olan “PANTÜRKİZM” şüarları altından çıxmaq üçün utanc təri dökənlərimiz az deyillər! Bu üzü qara soydaşlar, “Biz Pantürkist deyilik, Biz, Azəriyik!” alçaqlığı ilə farslara nökər olmağı hər şeydən üstün tuturlar. Bu sayaq, illər boyu fikir əsarətində saxlanan Türk millətimizi rahatcasına fars siyasət meydanına itələmək doğru yöntəm deyildir! Öncə, millətin böyük alanı tərəfindən qəbullanmış milli qurumların oluşması gərəkməkdədir. Əlfəth, PKK, İriş (Şinfild), Azad Katalan, Özgür Kebek və bu kimi bir çox tanınmış milli örgütlərin illər böyünca bir hədəf üstündə dayanmsı ilə bizim durumumuzun fərqi yerdən-göyədir. Hələ, bizim içimizdə bayraq, xəritə, nüfus kimi ilkin milli simvolların dartışması savaş meydanına çevrilir. İçimizdə, nə düşüncə paylaşması və nə də eşid-şərtsiz işbirliyi var! Bölgəçilik, gizli solçuluq, ögey-doğma və mediya inhisarçılığı varkən millətəşmə yolumuz uzundur. Bu durumda bölgədə başverəcək hər hansı olayı da şansa buraxmaq olmaz əlbət! Ancaq, Azərbaycan milli təşkilatlarının da gedəri və çıxarı bəlli olmayan siyasal motivasiyonlara girməsi çıxış yolu deyildir! Siyasal bazarlıqlarının alt yapısında polad kimi təməl dayaqlar gərəkir. Bizim bu təməllərə sahib olduğumuzu inananlar varsa bizi də inandırsınlar. Yoxsa, duyğular arxasınca düşməğin Güeyin Millətçi, Türkçü hərəkatına ziyandan başqa verəcəyi olmayacaqdır. Güneyin özgələr əlilə zamansız referandoma deyil, öz əlilə sürətlə millətləşməyə, mərkəzi təşkilatlanmağa, vahid dünya görüşünə və irançılıqdan aralanmaqla yanaşı Türklüyə yönəlməsi gərəkir. Güneyin istiqlala gedən yolu dərinləşməklə olasıdır. Zamanı gəlincə BMT-nin baş katibi hamıdan öncə referandum çağırışı üçün girişimə girəcəkdir.
Güney Azərbaycan Qurtuluş Partiyası, bildirişin siyasi yöntəminin yalnış olduğuna və yuxarıda sadalanmış açıqlamalara dayanaraq qardaş qurumlara təşəkkür edir, bir anlaşılmazlıq üzündən imzalar sırasına keçən adının çıxarılmasını və bu qonuya açıqlıq gətirilməsini vurğuyla rica edir!
Güney Azərbaycan Qurtuluş Partiyası
Yönətim Qurulu
2012-12-14