Təbrizli uşaqları Türk dünyası festivalına aparan fəal zindana göndərildi
Güneyli mədəni fəal və Laçın adlı uşaq musiqi qrupunun əməkdaşı Bağır İbrahimpurun ötən günlərdə daha öncə məhkum olduğu 6 ay həbs müddətini keçirmək üçün həbsxanaya göndərildiyi bildirilir.
Bu barədə Güney Azərbaycan Televiziyası və Təbriz Səsi veb səhifəsi məlumat yayıblar.
İran İslam Respublikasının təhlükəsizlik qurumu keçən ilin may ayında Laçın qrupunun İstanbulda keçiriləcək Türk Dünyası Uşaq Festivalına qatılmasının qarşısını almış, daha sonra qrupun əməkdaşı Bağır İbrahimpuru bir müddət nəzarətdə saxlayaraq sorğu-suala çəkmişdi.
Mədəni fəal keçən ilin oktyabr ayında Təbriz İnqilab məhkəməsi tərəfindən “qanunsuz qrup qurmaq”da ittiham edilərək 6 ay həbsə məhkum olunub.
Günaz TV-nin yaydığı məlumatda deyilir ki, Bağır İbrahimpur yanvarın 3-də məmurlar tərəfindən nəzarət altına alınaraq 6 ay həbs müddətini tamamlamaq üçün Təbriz zindanına aparılıb.