Fars şovinizmi ədəbiyyatının ən bariz nümayəndəsi Firdovsi heykəlinin Cənubi Azərbaycandan götürülməsinə qarşı münasibət
Cənubi Azərbaycanı ziyalıları arasında anti-türk xarakteri ilə tanınan 10-11-ci əsrlərdə yaşamış böyük Fars şairi Əbülqasım Firdovsi heykəlinin Salmas bələdiyyəsi tərəfindən şəhər meydanlarının birindən ucaldılması İran qəzetləri və xəbər agentlikləri, eləcə də ölkə daxili və xaricində fəaliyyət göstərən millətçi qrupların geniş təpkisinə səbəb olub.Firdovsi_ferdosi_heykel
Azərbaycan veb səhifələri və İran mediasının bildirdiyinə görə, Qərbi Azərbaycan vilayətinin Salmas şəhərinin bələdiyyəsi keçən həftə şəhərin meydanlarının birindən Fidovsinin adı və böyük heykəlini qaldırdığını bildirib. Heykəlin qaldırılması ilə əlaqədar bir neçə şəkil də mediada nəşr olunub.
Rəsmi adının Firdovsi meydanı olmasına baxmayaraq əhalinin Şəhrbani Fələkəsi olaraq tanıdığı meydanın yeni rəsmi adı İnqilab meydanı olub.
Azərbaycan veb səhifələri və güneyli fəallar meydanın yeni adını bəyənməsələr də, əhalinin etirazı nəticəsində “anti-türk bir şəxsiyyətin heykəlinin türklərin yaşadığı bir şəhərdən qaldırılmasını” müsbət dəyərləndirirlər.
Güneyli siyasi ekspert Umud Evrən olayla bağlı belə yazıb:
“Salmas şəhər şurası və bələdiyyəsinin Firdovsinin adı və heykəlinin qaldırılması ilə bağlı verdiyi qərar alqışları haqq edən demokratik bir addımdır. Məncə, bəzi məhdudiyyətlər olmasaydı bu meydan İnqilab adı yerinə Salmasa xidmət etmiş birinin adını alardı.”
Ancaq, Fars və İSNA kimi xəbər agentlikləri və bir çox qəzet o cümlədən, İranın ədliyyə naziri (keçmiş kəşfiyyat naziri) Mustafa Purməhəmmədiyə yaxınlığı ilə tanınan Qanun qəzeti Salmas bələdiyyəsinin bu addımını sərt şəkildə tənqid edib.
Tehran qəzetləri Qərbi Azərbaycanda heykəlin qaldırılmasında pan-Türkistlər və bölücülərin barmağı olduğunu irəli sürüb.
Firdovsi heykəlinin qaldırılmasına etiraz edənlərin bir çoxu elə Azərbaycan şəhərlərindəndir. Şeirləri ilə İranın ali ruhani lideri Xamneyinin alqışını qazanmış təbrizli şair Rza Şeybani heykəlin qaldırılmasını İran mədəniyyətinə qarşı bir addım olaraq gördüyünü ifadə edib.
Həmin məsələ ilə bağlı Fars xəbər agentliyinə müsahibə verən təbrizli şair bu sözləri dilə gətirib:
“Təəssüf edirəm ki, bəzi bədnam insanlar, bölücülər və ayrılıq salanların qalıqları Firdovsi və onu müdafiə edənlərə qarşı təbliğata başlayıblar… Pan-türkizm Firdovsi ilə bağlı yalan məlumat yayır. Firdovsi heç zaman Azərbaycan əhalisini aşağılamayıb… O, vəhşi və İran düşməni olan “moğol türkləri”nə qarşı şeirlər yazıb.”
2013-cü ilin iyun ayında Qərbi Azərbaycan vilayətinin şəhərləri, o cümlədən Urmiyə və Salmasda şəhər şurası olaraq seçilən bəzi siyasətçilər öz seçki kampaniyalarında türk kimliyi və mədəniyyətinə qarşı siyasətlərlə mübarizə aparacaqlarına dair söz vermişdilər.
Bu vədlərin ardından keçən il Urmiyə Bələdiyyəsi şəhərin bir çox bölgəsində üzərində məhəllələr və küçələrin orijinal türk adları yazılmış lövhələr yerləşdirməyə başlamışdı.
Əlirza Quluncu – VOA