Çağımızın Qorqudu, ZəlimXan Yaqub, dünyamızı tərk etdi
Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur.
1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirmişdir.
1973-cü ildən 1978-ci ilə qədər "Azərkitab" sistemində, "Kitab pasajı" adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər "Yazıçı" nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.
1995-2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olmuşdur.
İlk şeiri 1966-cı il oktyabrın 4-də, Gürcüstan SSR Bolnisi rayon qəzeti "Qələbə bayrağı"nda dərc edilib.
Bəhmən Vətənoğlu və Zəlimxan Yaqub1983-cü ildən AYB-nın üzvüdür.
2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib.[3]
1994-cü ildən Azərbaycan Respublika Prezidenti yanında Əfv Komissiyasının üzvüdür.
Rəsmi nümayəndə heyətinin tərkibində 1995-2000-ci illərdə Çində, Səudiyyə Ərəbistanında, Almaniyada, ABŞda, İsveçdə, İsveçrədə, Qırğızıstanda, Türkiyədə, Fransada və İraqda işgüzar səfərlərdə olub.
Zəlimxan Yaqub uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. Türkiyə, Almaniya kimi ölkələrdə müalicə kursu keçib. Hər iki böyrəyi olmayan ictimai xadim ömrünün son illərində dializ qəbul etməklə yaşayıb. O, 2016-cı il yanvarın 9-da dünyasını dəyişib.
iki she'ri:
QİSMƏT
Uçmaqda tuti quşuyam,
Ağır ər başıyam,
Mən sufilər yoldaşıyam,
Qazilər, deyən şah mənəm.
Xətai
On üç yaşında gəldi
şahlığın sarayına,
Otuz yeddi yaşında
şeyxim və şahım mənim.
Azərbaycan adında
bir məmləkət yaratdı,
Bir dərgaha baş əydi
neçə dərgahım mənim.
Çaldıran savaşında
uduzanda döyüşü,
Yerə-göyə sığmadı
amanım, ahım mənim.
Bir canda qoşalaşdı,
şahın, şairin ruhu,
Kəlmələr dil açanda
güldü sabahım mənim.
Gördü, işini gördü,
qılınc ilə telli saz,
İmza atdı tarixə
sazım, silahım mənim.
Mən layiq olammaram
Xətainin adına,
Tarixin qarşısında
çoxdu günahım mənim!
Həm qalib, həm də məğlub –
bu, taleyin işidi,
Belə yazdı qisməti
qadir Allahım mənim!
ÖLMƏZLİK
Bəni öldürsələr də, bən yaşarım,
Tərk edib xəlqi, xaliqə qoşarım.
H.Cavid
Allahından üz döndərən
biri deyil, beşi deyil,
Həqiqəti heç eləyib
haqdan dönən kişi deyil.
Axıradək mərd yaşamaq
hər adamın işi deyil,
Sən yaşadın, sən yaşatdın
qeyrəti, Cavid Əfəndi!
Sənin ruhun Türkün ruhu,
sənin dilin Vətən dili,
Bağban kimi bəsləmisən
ağac olub bitən dili.
Kim olursa öz xalqının
görən gözü, ötən dili,
O qaldırır zirvələrə
milləti, Cavid Əfəndi!
Gözün gördü, başın çəkdi,
hər qəsdi də, qərəzi də,
Sibiri də, sürgünü də,
ağrını da, mərəzi də.
Ölçmək olmur müddətini,
çəkmək olmur tərəzidə,
Kəskin olub düşmənlərin
nifrəti, Cavid Əfəndi!
Millət qalxır millət kimi
mərd insanın hesabına,
Şahidliyin, şəhidliyin,
təmiz qanın hesabına.
Sən qazandın məhəbbəti
pak vicdanın hesabına,
Kim qazanır asanlıqla
hörməti, Cavid Əfəndi!
Xaliq dedin peyğəmbərə,
“Quran”a bağlandı ruhun,
Gündoğana, günbatana,
Turana bağlandı ruhun.
Müşkünaza, Ərtoğrula,
Turana bağlandı ruhun,
Onlar idi bu həyatın
ləzzəti, Cavid Əfəndi!
Hansı yana gedirsən get,
yol haqqadı, yol Allaha,
Xalqın dostu yerindədi,
“xalq düşməni” yoxdu daha.
Çətin gündə, dar ayaqda,
zülmət oldu bir əjdaha,
Özün boğdun işığında
zülməti, Cavid Əfəndi!
Ruhumuzun şirinliyi,
dilimizin qəndi dedik,
Cavid keçdi şair kimi
hər bərəni, bəndi dedik.
Oldun bizim əfəndimiz,
biz sənə əfəndi dedik,
Zaman-zaman başımızın
şöhrəti, Cavid Əfəndi!
Seçib, toplayan: P. Sarxanlı 10.01.2016
Qaynaq: Wikipedya