“Avropaya inteqrasiya - ən doğru seçimdir”
İsa Türkoğlu: “İngiltərəyə gəldiyim ilk illərdə Azərbaycan adında bir ölkəni çətinliklə tanıyan tapmaq olardı. Lakin indi Vətənimiz və onun reallıqları dünyanın digər əksər bölgələrində kifayət qədər tanınır”
Britaniyanın Leeds şəhərində yaşayan, Cənubi Azərbaycandan olan ictimai-siyasi fəal İsa Türkoğlunun "Bizim Yol"a müsahibəsinin davamını təqdim edirik. Xatırladaq ki, o, Cənubi Azərbaycanın Təbriz şəhərində dünyaya gəlib. Peşəkar futbolçu, eyni zamanda İranda türklərə qarşı yeridilən ayrı-seçkilik və assimilyasiya siyasətinə qarşı fəal mübarizə aparanlardan olan İsa Türkoğlu, həmin ictimai-siyasi fəaliyyətinə görə rejim tərəfindən təzyiqlərə, işgəncələrə məruz qalıb.
Haqsız repressiyalarla üzləşən Türkoğlu, nəticədə doğma yurd-yuvasını tərk edərək, 2007-ci ildə Böyük Britaniyanın Leeds şəhərinə köçüb. 2008-ci ildə İngiltərədə ATAY Cəmiyyətini yaradıb və hazırda həmin quruma rəhbərlik edir. Eyni zamanda, Cənubi Azərbaycandan Britaniyaya köç etmiş insanların yaratdığı Qaçqınlar Cəmiyyətinin İdarə Heyətində 3 il təmsil olunub və Birləşmiş Krallıqda nümunəvi cəmiyyət idarəçisi seçilib. Hazırda, həmçinin İngiltərədə yeniyetmələrə futbol təlimləri də verməklə məşğuldur.
- Britaniyadakı Azərbaycan diasporu nə dərəcədə fəaldır? Azərbaycan həqiqətlərinin İngiltərə ictimaiyyətinə çatdırılması baxımından nələrə nail ola bilmişik?
- Açığını deyim ki, nə qədər çox iş görülsə də, məncə azdır. Bizlər millət olaraq hər birimiz imkansızlıqlara rəğmən, Britaniyada milli görəvimizi əlimizdən gəldiyi qədər ən yaxşı səviyyədə yerinə yetirmək üçün çalışırıq. Amma onu da qeyd edim ki, bu işlərin davam etməsi birlikdə hərəkət etmədən və vətənpərvər böyüklərimizin dəstəyi olmadan çox çətindir. Bəli, Azərbaycan həqiqətlərinin İngiltərə cəmiyyətinə çatdırılmasına çox əmək sərf olunub. Xatırlayıram ki, İngiltərəyə gəldiyim ilk illərdə Azərbaycan adında bir ölkəni çətinliklə tanımaq olardı. Lakin hal-hazırda Azərbaycan bizim yaşadığımız İngiltərədə və dünyanın digər ölkələrində kifayət qədər tanınan bir dövlət və xalqdır. Hətta parçalanıb ayrı düşmüş İran adlanan bölgənin işğalında yaşayan, həmçinin öz ana dilində yazıb-oxuması yasaqlanan Güney Azərbaycan əhalisinin milli haqları da tanınmış vəziyyətdədir.
Biz əlimizdən gəldiyi qədər, məsələn, mədəniyyət səviyyəsində və insan haqları üzərindən fəaliyyət göstərməyə çalışırıq. Misal olaraq, Şimali Azərbayan torpaqlarının 20 faizinin rusların dəstəyi ilə ermənilər tərəfindən işğal olunduğunu və Xocalı soyqırımını tanıdır, Güney Azərbaycanda isə fars rejiminin assimilyasiya proseslərinə, İranda azərbaycanlılara və digər türklərə ana dilində təhsilin olmamasına və azərbaycanlı milli fəalların haqsız həbsinə İngiltərədə dövlət və millət səviyyəsində təpki göstərilib və göstərilməkdədir.
- Artıq avropalı siyasətçilər açıq şəkildə etiraf edirlər ki, Avropanın enerji təhlükəsizliyi məsələsində Rusiyada asılılığın azaldılması və gələcəkdə tamamilə aradan qaldırılması üçün Azərbaycan əvəzedilməz ölkədir. Britaniyada Azərbaycanın bu yöndəki siyasəti necə qiymətləndirilir?
- Siyasətdən söz düşmüşkən, məncə, bugünkü siyasət anlayışı əvvəlkilərdən çox fərqlənir. Belə ki, biri savaşır ki, öz gücünü nümayiş etdirsin, biri savaşdırır ki, gəlir qazansın, digəri də o ölkələrə sülhsevər kimi davranaraq öz mənfəətini güdür. Amma ağıllı dövlət siyasətçiləri savaşdan uzaq duraraq texnologiya və inkişaf axtarışındadırlar. Bu da öz növbəsində keçmiş bir atalar sözünü bizlərə xatırladır: "Tez, ya gec, qılınc qələmə boyun əyər".
İndiki zamanda o qılınc öz yerini güc və orduya vermiş, qələm isə ideologiya və texnologiya ilə əvəzlənmişdir. Hal-hazırda dünya siyasətini üç yerə bölə bilərik: 1) Siyasətin atası (ideologiya yaradıcısı); 2) Siyasətin gücü (Atanın oğlu sayılan); 3) Siyasətin sərmayəsi (iqtisadiyyata sahib olanlar). XX əsrdə bugünkü dünya siyasətində ideologiyaları ortaya atan, dünya siyasətinin atası kimi tanınan məhz İngiltərədir. Oğlu isə Amerikadır. İqtisadiyyata sahib olanların əksəriyyəti yəhudilərdir. Kiçik dövlətlər isə, təəssüf ki, onların gəlir qazanmaları üçün sadəcə bir vasitədir.
İdeologiyalar toqquşduğu zaman, məsələn, biri kapitalizm, digəri kommunizm olduğu halda, onlar iqtisadiyyatlarının dövr etməsi üçün lazım olan xammal ehtiyaclarını təmin etmək məcburiyyətindədirlər. Amma unutmayaq ki, onlar maliyyə yatıraraq əldə etdikləri xammalla yeni-yeni texnologiya və silah istehsal edərək həmin dövlətlərə satırlar. Nəticə etibarı ilə öz maliyyə vəsaitlərinin geriyə dövriyyəsini təşkil etmiş olurlar. Xammalın, təbii sərvətlərin zəngin olduğu bölgələrdə tarixən daim savaş olub.
Dünyanın bugünkü böyük güc sahiblərinin, keçmiş güclü dövlətlər kimi xammal ehtiyatları zəngin olan kiçik dövlətləri işğal etmək istəkləri onları toqquşma vəziyyətinə gətirib. Tarixə nəzər salsaq, oxşar hadisələrin baş verdiyini görmüş olarıq. Məsələn, İkinci Dünya Müharibəsində Azərbaycan və Şimali Qafqazın yeraltı sərvətləri böyük savaşın nəticəsini bəlli etmiş oldu. Belə ki, alman ordusu Rusiyanın çox hissəsini işğal etməsinə rəğmən, enerjinin 80%-ni təmin edən və yeraltı sərvətlərlə zəngin olan əraziləri ələ keçirə bilmədiyindən savaşı uduzdu. Onu da qeyd etmək lazımdır ki, savaşda Azərbaycan xammal ehtiyatları ilə yanaşı, həm də orduya 600.000-dən çox canlı qüvvə ilə dəstək verib.
Gələk indiki vəziyyətə - Avropanın Rusiyadan enerji almamasına. Hazırkı Avropanın enerji ehtiyaclarının əksər hissəsi Rusiya vasitəsilə təmin olunur. Amma ruslar Krım, Şimali Abxaziya və başqa yerlərdə işğalçı siyasətlərinə davam etdiyinə görə Rusiyanı ciddi sıxıntıya salmaq üçün öz ehtiyaclarını təmin etmək məqsədilə yenə də Azərbaycan və digər ölkələrə üz tutublar. Müasir dövrdə də Britaniya kimi güclü iqtisadiyyata malik olan və öz mənfəətini güdən bir ölkənin bu fürsəti əldən vermək niyyətində olmadığı aydındır. Britaniyanın Azərbaycanın bu istiqamətdəki siyasətlərinə görə düşüncəsi məncə budur ki, aldığı yeraltı sərvətlərin başqa alıcısı olmaması üçün uzunmüddətli müqavilələr bağlayaraq neftin yetişəcəyi ünvanadək hər hansı bir sıxıntı yaranmamasını təmin etmək və həmin müqavilələrin müddətini yeniləyərək xammal ehtiyatlarından mümkün olduğu qədər faydalanmaq.
- Və son olaraq: Azərbaycan dövləti Qərbə, Avropaya inteqrasiyanı özünün xarici siyasətinin prioriteti elan edib. Nədir bu Avropa dəyərləri və bizə nə qazandırır?
- Mənim fikrimcə, Avropa dəyərləri dediyimiz texnologiyadır. Güclü iqtisadiyyat, güclü siyasət və güclü təhsilli demokratiya anlayışına daha çox malik olmaqdır. Avropada inkişaf digər qitələrlə müqayisədə sürətlidir və gələcəyə doğru inkişaf etmək istəyən ölkələr Avropanın bu yöndəki təcrübələrindən faydalanmağa çalışır. Azərbaycan da gənc bir dövlət olaraq qocaman Avropanın içində yer aldığına görə iqtisadiyyatı, siyasəti və texnologiyası güclü olan Avropa ölkələrini özünə nümunə seçərək onların təcrübəsindən faydalanıb gələcəyə və inkişafa doğru addım atmaqdadır. Yəni Avropaya inteqrasiya yolu ən doğru seçimdir. Azərbaycan gənc bir dövlətdir. Lakin bu qısa zamanda bir çox böhranlardan keçərək sürətlə inkişaf edib böyük uğurlar qazanmış, zəngin mədəniyyət və qədim tarixini dünya ölkələrinə tanıtmışdır. Misal olaraq deyə bilərəm ki, 2012-ci ildə Avropa mahnı müsabiqəsinə və 2015-ci ildə Birinci Avropa Oyunlarına ev sahibliyi etməsi onun nə qədər qüdrətli olduğunu bir daha sübut etdi. Bu isə öz növbəsində Azərbaycanın mənfur qonşularını məyus etdi.
Açıqcası, Azərbaycanın daxilində qarışıqlıq yaradaraq, onun texnologiya və inkişafa doğru irəliləməsinə əngəl olmaqla, dövlətin keçmişə ilişib qalmasına çalışanların planları boşa çıxıb. Bu gün bizim qarşımızda keçmişindən çoxlu təcrübələr qazanaraq inkişafa doğru irəliləyən bir Azərbaycan var. Geri dönüb 20-15-10 il əvvəl ilə müqayisə etsək əgər, düzgün siyasət nəticəsində hər şeyin dəyişdiyini aydın şəkildə görərik. Onu da unutmayaq ki, ən böyük dəyişikliklər güclü təhsildən başlayır. İnkişafı sürətləndirmək üçün təhsil səviyyəsini yüksəltmək lazımdır.