Vəhid Faizpur: İranda türkcə kitab oxuyanların sayı artmaqdadır
Vəhid Faizpurun söylədiklərinə görə, İran Azərbaycanında türkcə yazı və nəşr fəaliyyətləri yürüdənlərin üzləşdiyi çətinliklərə baxmayaraq, toplumda kimlik mövzusuna diqqətin artması ilə bərabər türkcə kitablara rəğbət də artmaqdadır. Urmiyədən Amerikanın Səsinə danışan mədəni fəal İslam İnqilabından sonra İran Azərbaycanı və Tehranda türkcə kitab nəşrinin durumu, kitabların mövzu müxtəlifliyi və oxucu kütləsinə çatdırılması haqqında danışıb.
Faizpur İranda qeyri-fars dillər və mədəniyyətlərə qarşı tətbiq edilən basqıları önə çəkərək türkcəyə diqqət yetirmədən güneydə vətəndaş cəmiyyətinin inkişafının mümkün olmayacağını deyir:
“Azərbaycan mədəni toplumu (vətəndaş cəmiyyəti) türkcəni nəzərə almadan var ola bilməz. Təəsüf ki, İranda hakim olan totalitar düşüncə və şovinist baxış hakim kültür vasitəsilə ictimai sahəni qeyri-fars millətlərə şiddətlə daraldır, başqa millətlərin dilinə, o cümlədən bizim türkcəyə nə qanuni imkanlar verir, nə təhsil və ali təhsil fursətləri. Bu düşüncə ümumiyyətlə mədəni plüralizmi də özünə təhdid kimi görür. Buna görə də, Azərbaycan mədəni toplumu yolunu İranda fars dili əsasında qurulmuş mədəni toplumdan ayırıb.”
Türkcə kitab nəşri mövzusunda nəşr problemləri ilə yanaşı bir də İranda türkcə təhsil üçün qanuni şəraitin olmamasına diqqət çəkmək lazimdir.
“Kitab mövzusunda bunu nəzərə almalıyıq ki, İranda bütünlüklə kitab məsələsi yəni kitabın istehsalı və nəşri ciddi problemlərlə qarşı qarşıyadır və mərkəziyyətçi düşüncə üzündən türkcə nəşrinin durumu daha da pisdir,” deyə urmiyəli fəal İranda bütün yazarlar və naşirlərin üzləşdiyi senzura, nəşr icazəsi prosesindəki çətinliklər, söz azadlığı məhdudiyyətləri və bu kimi çətinliklərin Azərbaycanda daha ağır şəkildə tətbiq edildiyini vurğulayır.
Faizpur həmin problemlər üzündən İranda əsasən kitab mütaliəsi səviyyəsinin çox aşağıda olduğunu deyir.
Onun dediklərinə görə, 1945-46-cı illərdə qurulmuş Azərbaycan Milli Hökümətinin devrilməsi nəticəsində ağır zərbələr alan Azərbaycan vətəndaş cəmiyyəti 1979 İslam İnqilabından sonra yaranmış atmosferdən yararlanaraq sıfırdan canlanmağa başlayıb:
“Türkcə kitab nəşri mövzusunda nəşr problemləri ilə yanaşı bir də İranda türkcə təhsil üçün qanuni şəraitin olmamasına diqqət çəkmək lazimdir... Ancaq, türkcə nəşrin İnqilabdan sonra sıfırdan başlaması və bütün basqılara baxmayaraq, fars toplumunda oxucu kütləsinin gedərək azalmasının əksinə türkcə oxuyanların sayı artır.
1945-ci ildə qurulan Azərbaycan Milli Hökümətinin şiddətlə basdırılması və türkcə kitabların yandırılması Azərbaycandakı mədəni topluma ağır xəsarətlər vurdu. Buna görə də, Azərbaycan İnqilabdan sonra yaranan fəzada sıfırdan başladı.
İnqilabdan sonrakı türkcə nəşrdə irəliləyişi açıqlasaq, ilk illərdə özəlliklə Azərbaycan Milli Höküməti dövrünü görən ziyalılar türk dilinin önəmini vurğulamağa və türkcə kitab yayımlamağa başladılar. Onlar habelə mətbuat sahəsində fəaliyyət göstərdilər... Azərbaycan ziyalısı uzun bir durğunluq dönəminin təsirlərini aradan götürmək istiqamətində ciddi səylər göstərdi... Burada Varlıq jurnalının etkisi danılmazdır...
Bunların yanında bir də türkcə kitablara qarşı şovinist baxış var. Naşir ya yazar gözləyir ki hansı kəlməni çıxaracaqlar. Sözləri problem edirlər, deyirlər ki, bu özgə sözüdür, Bakı dilidir, Türkiyə dilidir. İmla qaydaları və dil məsələləri üzə çıxır.
Beləliklə, dil və qrammatika kitabları, keçmiş yazarlar və şairlərin əsərləri, sənədlər, Milli Hökümət dönəminin dərslikləri, sözlüklər və tarixi kitablar tədricən oxucuların əlinə çatmağa başladı. Ümumiyyəylə, Milli Hökümət dönəmindən qalan aydınlar türkcə çərçivəsində düşüncə inkişafı üçün lazim olan ilkin materialları topluma çatdırmağa səy göstərdilər...
Həmin səylərin davamında kitab nəşri bütün sahələrdə formalaşmağa başladı və mövzular genişləndi...”
Urmiyəli fəal həmçinin Azərbaycan vilayətləri və Tehranda türk dilində kitablar yayımlayan naşirlər haqqında məlumat verərək kitabların oxucu kütləsinə çatdırılması istiqamətində aparılan fəaliyyətlər və bu sahədə olan çətinlikləri şərh edir.
O, bütün çətinliklərə baxmayaraq kimlik məsələsinə dair qayğıların artması ilə türkcə kitablara rəğbətin də çoxaldığını qeyd edir.
Güneyli şagird ana dilində tədris hüququndan məhrum edilməsinə etiraz edir.
Faizpur nəşr prosesində tətbiq edilən məhdudiyyətlər və çətinliklər haqqında Amerikanın Səsinə ətraflı məlumat verir.
“İki problem ölkənin tamamında var. Biri bu ki, hakimiyyət fəzanı istəmədiyi düşüncələrə daraldır. Kitab da düşüncə məhsuludur. İkincisi bu ki, kitab nəşri ilə əlaqədar qanunlar şəffaf deyil və bu da nəşr icazəsi almağı çətinləşdirir. Bu problemlər türkcə kitablarda daha qarşılıq bir hal alır... Bunların yanında bir də türkcə kitablara qarşı şovinist baxış var. Naşir ya yazar gözləyir ki hansı kəlməni çıxaracaqlar. Sözləri problem edirlər, deyirlər ki, bu özgə sözüdür, Bakı dilidir, Türkiyə dilidir. İmla qaydaları və dil məsələləri üzə çıxır... Türkcəni milli birliyi pozan bir amil kimi gördükləri üçün onun qramatikasını pozmaq istəyirlər...,” deyə o əlavə edir.