English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Aci Seçimlər- Əlirza Bəxşi

Əlirza Bəxşinin tanıtımı

Əlirza Bəxşi  21 Sentyabr 1975-ci ildə, Güney Azərbaycanın Ərdəbil şəhərinin ən tanınmış məhəllələrindən biri olan, Möcüz məhəlləsinin Qəriban məhəlləsinə qovuşan Küçəsində, 114-cü plaki olan ataevində, anadan oldu.

Atası, İdris Bəxşi, gəzərgi çərçi idi. O, xırım-xıda əşyaların alqı-satqısıyla  çoxsayılı ailəsinin xərcini çıxardırdı. O, iki yol evlənmişdi və iki xanımından 21 uşağı varı idi. İdris xanımlarının hərdənbir dava-dalşmalarının qabağın almaqdan ötrü hər xanımına bir ev almışdı. Əlirzanın anası, Zeynəb Məsumnijad, İdrisin ikinci xanımı idi. Əlirzanın 3 bacısı və 7 qardaşı var idi. O, öz evlərində 8 qardaşdan, 3-cü qardaş sayılırdı.  Ögey anasından olan bacı-qardaşları isə 5 bacı, 5 qardaş idi.

Əlirza ilk məktəbi Ərdəbilin Panizdəhi-xurdad oxulunda bitirdi. Orta məktəbi isə o zaman Bağmeşə məhəlləsində olan Əbuzər oxulunda oxumağa başladı. Ancaq yoxsulluq, ailə çətinliyi, və onun əyilməz , yavaşımaz, qızğın, duyğusal ruhu onu təhsildən və məktəbdən dəfələrlə qaçırdıb ozaq salırdı. orta məktəbi 9-cu sinifdən artıq oxuya bilmədi. Çox zəhmətdən sonra 9-cu sinifi bitirmə bəlgəsini Ərdəbilin Qəmisi adlı əkabir mədrəsəsindən 1993-cü ildə aldı. Həmən ildə əskərlik xidmətinə yollandı və iki ildən sonra, 1995-ci ildə  əskərlik paltarını soyundu.

1995-ci ildən başlayaraq Əlirza pul qazanmaq üçün hər bir işə əl atdı. Gah Təbrizdən xırım-xirda əşyaları alıb Ərdəbilə, Rəştdə, Rudsərdə və sayrı şəhərlərin xiyavanları qırağında və bazarlarında “Yüztümənlik” sərgisi sərdi; gah da  Quzey Azərbaycanın tanınmış xanəndələri olan Muğamat oxucularının filmlərini öz bilgisayarı ilə CD-yə vurub Ərdəbildə, Həştpərdə və sayrı şəhərlərdə satmaqla məşqul oldu. bu yolda dəfələrcə şəhərlərin bələdiyyə məmurları onun sərgilərinə  sarı yürüyüb onun satlıq əşyalarını bütünlüklə talayıb tıxdılar və ona bir çöp də qaytarmadılar! Bu çətinliklərə görə Əlirza  alış-veriş işindən əl çəkib, qaynaqçılıq sənətin öyrəşib, o peşəyə məşqul olmağa başladı. O, qaynaqçılığı düz öyrənmək üçün 1996-cı ildə Kərəc şəhərinin iş-peşə öyrədən dövləti mərkəzinə üz tutub getdi və bir qıssa zamanda misli görünməyən iradə, əmək və talaşla bu işdə uğur qazandı. az zamanda bu işin  üksək vəsiqəsini dəyərli təcrübələrlə ələ gətirdi.

1996-cu ildən sonra Əlirza ömrünün sonuna dək qaynaqçılıq işiylə məşqul oldu. 1998-ci ildə Asiyə Purcəvadi adlı bir xanımla evləndi və 2000-ci ilin Yanvarında olar ilk balaları Arzuya yiyələndilər. İran Hakimiyyətinin Güney Azərbaycana qayğısızlığı və yetişməmyi  ucbatından ümumən, Ərdəbil şəhərində uyğun və yararlı iş imkanı olmamaq ucbatından xüsusən, Əlirza işləyib, ailəsinə pul qazanıb, oları çətin durumdan qurtarmaq üçün, Ərdəbildən qürbət bölgələr və şəhərlərə getməyə məcbur oldu. O, Buşehr, Bəndər Abbas, Əsəluyə kimi işləyimsəl Farslar oturan Şəhərlərə və şəhərciklərinə  gedib  və qürbətlərdə usandırıcı və qırıcı istinin qabağında gecə-gündüz qaynaqçılıq edib, pul qazanırdı. 2003-cü ildə Əlirza atasını, böyük dayağını, itirdi və yaşayışın ən yaman üzü ilə üz-üzə qaldı. O, 2006-cı ilin Aprel ayında ikinci balası Amirrzaya yiyələndi.

 16  Avqust 2006 Əlirzanın yaşayışının ən qaranlıq, acınacaqlı nöqtəsi idi. Savə və Buyinzəhra şəhərlərinin arasında olan böyük siment zavodunun tikinti işini görəndə, gecə yarısı 15 metir ucalığı olan bir yarımçılıq tikintinin başında işləyərkən, o dəhşətli hündürlükdən yerə düşdü. Onun beli ortadan iki yerdən, bir qolu dirsəkdən, bir qıçı buddan sınıb, ölüm halına düşdü. Çünki kərxana yiyəsi işçilərindən görüşlərində Əlirzanın öz işində çalışması, talaşı, ciddiliyi, iradəsi və işə can yandırmasından çox xoşu gəlirdi onun tapşırığı ilə Əlirzanı canlandırmaq və ən çətin təxəssüsi əməliyyatlar üçün Tehranın ən mücəhhəz, xüsusi olan Arad xəstəxanasına aparıb yatırtdılar. Onun böyük qardaşı, İxtiyar, o acı anlarda, Tehranın amansız, dözülməz istisində qabarlı dodaqlarla və ağlar ürəklə onun işlərinin dalısıycaq qaçırdı. O çağda, İranın ən uzman  həkimləri o cümlədən beyin və sinirlər cərrahı Professor Məsud Mehrazin Əlirzanın Əməliyyatların öhdələrinə alıb, ulu Tanrının mərhəmətiylə çətinliklən onun belinin unurğa beyininin qırılmağına və çolaq olub ömür boyu çərx üstündə oturmağına mane oldular. ancaq bu acılı və ağrılı olay, onun gələcəkdə törədən üzüntüləri və ağrıları Əlirzanın yaşayışının sonuna dək ondan qopmadı. O olaydan qabaq Əlirzanın polad fənər kimi bərk bədəni, 190 sentimeter oca və yaraşıqlı boyu, armatorları əyməyə qadir olan gücü var idi, amma o qəzadan sonra artıq əldən düşmüş, bükülmüş bir insan idi ki get-gedə bədəninin gücünü və canının sağlamlğını itirirdi. O, 2008-ci ilin Fevral ayında sonuncu balası, Arıyənə yiyələndi.

 Acılar və ağrılar onun çətin işləri görüb, xanımına və üç uşağına çörək qazanmağına artıq angəl olub həyatını tam dəyişib, acınacaqlı hala saldı. Çarasız Əlirza ictimaii təminat qurumunun  işdəndüşmüş əməklisi olub, “ye-ölmə” bir aylıqla  bir bucaqda oturmağa məcbur qaldı. Bu o halda idi ki  oturduğu evi də yarımçılıq idi. Belinin o halına baxmayaraq  özünün və ailəsinin boğazından kəsib o yarımçılıq evini düzətmək üçün həyatının sonuna qədər canın xətərə salıb çalışdı, tək başına xanımıylan birlikdə onu oturmalı bir evə çevirdi. Üç balası və şeirlərindən sonra, Ərdəbilin Gülmuğan məhəlləsində olan o uca iki- mərtəbə ev, Əlirzanın talaşının simgəsi olan yadigardır.

Yıxılmaq və sınmağın acı-ağrıları Əlirzanı ki sınmaz, əyilməz, azad, azadə bir ruhun yiyəsi idi, bərk incidirdi. Bu duyğulu insan ondan sonra öz acılı və ağrılı yaşayışına, alınının yazısına çətinliklə dözürdü ki 2010-cu ildə ruh- çiçəklənməyinin ilk qığılcımları onda görsəndi: şeir! Və bu çox inanılmaz idi: Əlirza ilə şeir?! Amma doğru idi. Sankı cisminin sınmağı ruhunun lələklənməsinə səbəb olmuşdu. Ruhu, təzə uçan bir cücə kimi, büdrəyə-büdrəyə qanad vururdu. Sən demə O, ömürü boyu incə, umuşaq və gözəl bir ruhu böyük, sərt, əzüləli bir cismin və  yekə əllərinin qabarları altında gizlətmişdi. Nə isə çox zaman çəkmədi ki öz ailəsinə, qohumlarına, və bütün yoldaşlarına, tanışlarına qəbul etdirdi ki bir incə- ürəkli və duyğulu şairlə üz-üzədirlər. dodaqları tikdi, gülümsələri dodaqlar üstündə qurutdu və başqa çeşitə çevirdi. dilləri isə alqışa tərpətdi. Şeirlərini uca səslən çox duğu və həyəcanla oxuyurdu. Sanki ürəkdən bağırırdı.             

2010-cu ildən ciddi sürətdə öz anadilində, Azərbaycan Tükrcəsində, şeir yaradıb yazmağa başladı. O yol ki onatay şairlər illərdə gedirlər aylarda getdi. bu yolda bərk tələsirdi. Sanki hiss edirdi ki ağrılı, vurğun, çılğın canınnın yanqılı nəğmələri və mahnılarınını oxumaq üçün çox möhləti yoxdur. Bu yolda addım-addım amma yeyin qabağa gedird. Obiriləri özlərinə gəlib ona yetincə, Azərbaycan Türkcəsində hər iki sünnəti və sərbəst biçimdə şeir deməkdə özəl bir stylə yiyələndi və müddəi oldu. O, öz acı-ağrılarıyla qayğılı Türk millətinin acı-ağrılarını dərindən duyub; birbirinə qatıb, şeirlərində hər ikisini əks etdirirdi. Qıssa şeirlərindən savay uzun şeirlərində də gözəgələn uğurları var idi və bu gerçəklik yeni bir şair üçün çox əcib idi. Bir şuara oxşayan vəznsiz, hicalarının sayısı düz gəlməyən, uzun şeirlən başladı və dərin, düşündürücü şeirlərlən ki Azərbaycanın post-modern ədəbiyyatına öz etkisini qoyacaq, sona çatdırdı. Ulu Tanrının yazqısı qaçılmazdır. Amma əgər dəyişilsə idi, əgər... şayəd... . 

Rəhmətlik üstad Şəhriyardan bir misra şeir vardır. O buyurur: “Şair ola bilməzsən anan doğmasa şair...”. Əlirza anadan şair doğulmamışdı. onu yaşamının dərdləri, acıları və ağrıları şair etmişdi. Onu dərd doğmuşdu. O, dərd şairi idi. Toplumunun bütün qatlarıyla özəlliklə şairlər və Türk dilinin aşıqları, Azərbaycan ədəbiyyatının vurğunlarıyla oturub durdu; danışdı; yazışdı. İran islam cümhuriyyəti hakimiyyətinin  Azərbaycanın Türklərinə sərt və qaba basqılarından qorxmayaraq Ərdəbildə millətçilərin özəl ocağı olan “Duz-çörək” yeməkxanasında, gəzintilərdə və şeir məclislərində millətçi, Türkçü, Azərbaycançı gənclərimizlə sıx ilgi qatıb; oturub durub və  olarlan ayaqlaşırdı. Olardan ilham alıb, olara ilham verirdi. Sayın Rəhim Qulamı, Əlirzanln həyatını dəyişməsi anımına yazan şeirində bu qonuya belə toxunur: “Duz-çörəkdə səni tapdıq/ Mindik Türkün atın çapdıq/ Türk bilgisin göydən qapdıq/ Bir-bir aldı torpaq bizi/ Yer çökdürdü güclü dizi”.

 Əlirzanın uğurlarının sirri onun arı, kirsiz, silik ürəyində idi. Onun bir saf, sevəci, merhriban, heç bir kinə, hitgəsi olmayan  ürəyi var idi. Şəxsiyyət və mənliyinin heç bir qatı, layı yox idi. Uğurlu şairlər kimi özü idi; heçvaxt riyakarlıq, ikiüzlülük etməzdi. özünə və müxatəblərinə heçvaxt yalan satmazdı. Heçvaxt üzlük üzünə taxıb özünü onun dalında gizlətmədi. Yuxa, duyğun ürəyindən çıxan duyğular və düşüncələri qızğın nəfəsləri ilə çölə səpdi. Əldəyməmiş, cır, vəhşi, yaban, doğal idi;  Savalan ətəyində yiyəsiz bitən bir yaban bitki kimi.     

  Duzgünü (Bazar ertəsi) 2015-ci ilin İyun ayının birinci günü, saat 2:40 sübhdə Ərdəbil şəhərinin İmam Xümeyni xəstəxanasında duyğulu, dərindüşüncəli, millətçi şairimiz, Əlirza bəxşi, 40 yaşına çatmamış ağciyarının damar tutulması (ağciyar ambolisi/ Thrombosis embolism) və ürək çatışmazlıqı (ürək aritmisi/ Cardiac arrhythmia) xəstəliklərin nəticəsində həyatını dəyişib əbədiyyətə qovuşdu. O, ömürünün son gününə qədər ardıcıl şeir yazmaqda idi. Nə yazıq əcəl qasırğası əsdi; onun çiçəklənməyinə aman vermədi; onu açmamış yapraqladı. Bu barədə Nir şəhərinin duyğulu şairi, Ruzbeh Səmədi (Niroğlu), sızladı: “Bu gün ürəyimin parası getdi/ sağı yox, solu yox, arası getdi…” “yenə də bir ulduz düşdü torpağa/ matəmə uğradı yağsız fənarım/ yenə gürşad düşdü yaşıl bir bağa/ payıza tuş gəldi yazda çinarım”.

Əlirzadan qalan yalnız bir şeir toplamı əlinizdə olan “Acı seçimlər” adlı bir əsərdir. istəyirdi onu ölməmişdən öncə çap eləyə,  amma  əcəl aman vermədi. Bu şairin  üçüncü gününün yas törəni iyunun 3-də Ərdəbilin İmam Hüsein məscidində keçirildi.  O mərasimə Ərdəbildə yaşayan bütün şairlər və millətçi xanımlarımız və bəylərimiz  qatıldılar. Peykdə olan GünAz Tv (Güney Azərbaycan Televiziyonu) Əlirzaya görə hər bi xəbəri yaymaqdan əlavə bu şairə xüsusi vaxt ayırıb 2 İyulda yayımlanan “Ocaq” verlişini Azəryar Danişvər bəyin aparıcılığı ilə bu şairə həsr etdi. İnternetdə olan Güney Azərbaycanın bütün sitələri  o cümlədən sananews, güneynews, araznews, tribun,  özəlliklə Azoh (Azərbaycan öyrənci hərəkəti) və GünAz Tv sitələri Əlirzaya görə yazı və bildiriləri payladılar. Nümunə olaraq GünAz Tv-nin sitəsinin 12 İyun 2015 də yayan bu xəbər başlığına işarə etmək olar: “Ərdəbildə Azərbaycanlı millətçi şair dünyasını dəyişib”. Qardaşı İxtiyar onun qırx gününün yas törəni bildirisində və qəbirdaşının üstünə “Can Azərbaycan” şeirini yazdırıb qazdırdı: “Anama söylədim can/ Bacıma söylədim can/  Balama söylədim can/ Sevgilimə söylədim can/ Bəlkə də sən candan yarandın/ Azərbaycan”! məhz bu yazıya görə İranın təhlükəsizlik organı olan İttilaat baxanlığının  gizlin işçiləri İyulun 9-da onun qırxıncı gününün yas törəninə  qatıldılar. Olar Əlirzanın qəbirindən şəkil çəkənlərı izləyib və millətçi yoldaşların onun qəbirinin üstə Türkcə milli şeir oxumaqlarına mane oldular. Ondan qabaq Ərdəbil şəhərinin məscidləri, xiyavanları və küçələrinə yapışdırılan Əlirzanın yas bildirilərini, Türkü dilində yazılmaq və “Can Azərbaycan” şeirinə görə, tələm-tələsik, amansız qoprartdılar! O mərasimdən sonra Əlirzanın böyük qardaşlarına  hədə-qorxu gəldilər və bildirini Türkcə yazmaqları və onda Azərbaycanın qutsal adını  çəkməkləri üçün sərt qınadılar. Ancaq bunların hamısına baxmayaraq Əlirzanın qırxıncı gününün yas törəninə Güney  Azərbaycanın bütün şairlərindən, Təbrizdən, Ərdəbildən, Xiyavdan, Muğandan, Səreyindən, Nirdən, Nəmindən, Ənzəlidən və sayrı şəhərlərdən gələn, adlı-sanlı şəxsiyyətlərimiz və millətçi igidlərimiz və şairlərimiz qatıldılar və zəngin, görkəmli bir yiğıncaq yaratdılar.

Bu millətçi şairə görə İyunun 9-da günortadan sonra Ərdəbilin Sərçeşmə  məhəlləsinin Şəms küçəsində olan Hövze-yi hünəri evində xüsusi bir şeir oxuma törəni Şair dostları xanım Əfsun Behnijad, Doktor Şəhriyar Neməti, Əmir Rəcəbi və qardaşı Doktor İxtiyar Bəxşinin köməkliyi ilə tutuldu. O mərasimdə öncə Əlirzanin qardaşı, İxtiyar, çıxış etdi və Əlirzanın yaxşılıqlarından yad etdi və ondan bir neçə şeir oxudu. Ondan sonra Ərdəbildən, səreyindən, Nirdən, Nəmindən, Ənzəlidən olan  millətçi, Türkçü və Azərbaycanı sevən şairlər, Rəhim Qulami və Haşim Fəal Ərdəbildən, Rəhim Əsədullahi (Qartal) Səreyindən, Ruzbeh Səmədi (Niroğlu) Nirdən, Məhəmməd Nuri Nəmindən, Behbud Muradi (Elçi) Ənzəlidən və sayrılar şeirlərini oxudular və bu şairi tanıtdırdılar.

 Özü demişkən şeir yazıb yaradmaq yolunda böyük öyrətməni sayın Rəhim bəy Qulamı olumuşdu. Onun Əlirzaya görə yazdığı şeirdən neçə bölüm burda gətiririk:

 “ Əlimizdən yar da getdi/ Qəm sızlayan tar da getdi/ Yox da getdi var da getdi /Biz donuxduq çağda yaman / Ürək qaldı dağda yaman / Qaldıq ürək yarasında /Xançobanın Sarasında/ Ağ itirən qarasında / Torpaq sənə ana oldu / Ana-bacın saçın yoldu / Suya dedim su da yandı / Dünya dərdə can qoyandı / Qəm havanı qəm sayandı / Getdi əldən şanımız da/ kədərləndi canımız da/ Duz-çörəkdə səni tapdıq/ Mindik Türkün atın çapdıq/ Türk bilgisin göydən qapdıq/ Bir-bir aldı torpaq bizi/ Yer çökdürdü güclü dizi/ Torpaq bizə ana oldu / Ana- bacın saçın yoldu / Qəm-kədərdən gözüm doldu/ Torpaq sənin anandı dost/ Torpaq səni qanandı dost/ Davamlıdır yolun sənin/ Sağın sənin solun sənin/ Güclü beynin qolun sənin/ Bu yolda sən çəkdin zəhmət/ Tanrı sənə etsin rəhmət”.

Ulu tanrı  Əlirzanın ruhun şən eləsin. Azərbaycan millətinin başı saq olsun.

    Sayqılarla                            2015-07-11

Dəyərli şairimizin Şeir divanı-nı bu linkdən endirəbilirsiz,

http://azoh.info/index.php?option=com_jdownloads&Itemid=27&view=viewdownload&catid=2&cid=2114

 

 

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter